Ürək döyüntülərinin artması zamanı XALQ TƏBABƏTİ vasitələri

12 января 2016 23:52

Day.Az представляет новость на азербайджанском языке

Ürəyin bir dəqiqə ərzindəki döyüntülərinin sayı nəbz adlanır. Nəbz yaş, bədən çəkisi, fiziki quruluş, cins kimi bir sıra amillərdən asılı olaraq dəyişir.

Ürək döyüntülərinin sayının 90-dan yuxarı qalxması taxikardiya adlanır, Taxi-sürətli, kor - ürək deməkdir. Ürək döyüntülərinin sayının artması xəstəlik olmasa da, bir çox xəstəliklər zamanı baş verən əlamətdir. 
Taxikardiya fizioloji və patoloji olmaqla iki qrupa bölünür. Patoloji taxikardiya əsasən ürək-damar sistemi xəstəliklərində müşahidə edilir. Fizioloji taxikardiya zamanı ürək-damar sistemində xəstəlik müşahidə edilmir, xarici mühit amillərinin təsiri nəticəsində yaranır və ürək döyüntülərinin artmasına səbəb olan amil aradan qalxdıqdan sonra nəbz normallaşır.
 

Ürək döyünməsinin artmasına səbəb olan amillər
- Stress və gərginlik;
- Tərkibində alkoqol, kofein olan "enerji" və digər içkilərin qəbulu;
- Bədən hərarətinin artması - temperatur 1 dərəcə yüksələndə nəbz 10 vurğu artır; 
- Azhərəkətli həyat tərzi və ya həddən artıq fiziki yüklənmə, siqaret çəkmə;
- Həddən artıq tərləmə;
- Hormonal və arıqlamaq üçün istifadə edilən iştahakəsici preparatların qəbulu;
 

Taxikardiya zamanı xalq təbabəti vasitələri. RESEPTLƏR
- 10 baş sarımsaq sürtgəcdən keçirilir, üzərinə 10 ədəd limonun şirəsi və 1 kq bal əlavə edilir, 1 həftə şüşə qabda qaranlıq yerdə saxlanılır. Qarışıq qurtarana qədər fasilə vermədən gündə bir dəfə səhər acqarına 2 xörək qaşığı qəbul edilir.
- Emallı qazana 1 stəkan su tökülüb qaynadılır və üzərinə 1 çay qaşığı xoruzgülü əlavə edilir, 3 dəqiqə qaynadılır, 20 dəqiqə dəmlənilir, süzülür, gündə 3 dəfə 1 xörək qaşığı qəbul edilir.
- 2 filtr-bağlama Teakard çayı 1/2 stəkan qaynar suda dəmlənir, otaq temperaturunda soyudulur, gündə 3 dəfə 1/2 stəkan qəbul edilir.
- 1 xörək qaşığı damotu bitkisi üzərinə 1 stəkan qaynar su əlavə edilərək 1 saat dəmlənir, süzülür. Üzərinə bir neçə damcı istiotlu nanə efiri və 1 çay qaşığı bal əlavə edilir, qurtumla içilir. Müalicə kursu 1 ay davam edir.
- Hərəsindən yarım xörək qaşığı itburnu və yemişan meyvələri, damotu otu və yaşıl çay qarışdırılır, üzərinə 1 stəkan qaynar su əlavə edilərək dəmlənir. Alınan dəmləmə gün ərzində çay üçün dəm kimi istifadə edilir.
- 2 filtr-bağlama Sedativ çay 1/2 stəkan qaynar suda 15 dəqiqə dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 dəfə 1/2 stəkan qəbul edilir.
- Eyni miqdarda xəşəmbül, yonca, ayıqulağı yarpağı və çobanyastığı çiçəkləri qarışdırılır. Qarışıqdan 1 xörək qaşı üzərinə 1 stəkan qaynar su əlavə edilir, 20 dəqiqə dəmlənir, soyudulur, süzülür, gün ərzində qəbul edilir.
- Lavanda, evkalipt, kəklikotu, bədrənc, istiotlu nanə, adaçayı, şam, muskat qozu, mixək və cirə efir yağlarının hərəsindən 10 damcı götürülür, tünd rəngli şüşə qabda qarışdırılır. Qarışıqdan 3 damcı cib dəsmalına damızdırılır, tutmalar zamanı dəsmal buruna yaxınlaşdırılaraq nəfəs alınır. Nəfəsvermə müddəti nəfəsalmadan 3 dəfə az olmalıdır.
- Sünbül bağlamamış vələmir yaşıl halda yığılır, yuyulur, ətçəkən maşından keçirilərək tənzif parçadan süzülür. Gündə 3 dəfə 0,5 stəkan qəbul edilir.
- 1 stəkan kasnı çiçəkləri üzərinə 2 stəkan su əlavə edilir, 2 həftə dəmlənir, süzülür. 15-20 damcı 30 ml su ilə qarışdırılaraq qəbul edilir. Müalicə kursu 1 aydır.
- Hərəsindən 250 qram kişmiş, ərik qurusu, qara gavalı qurusu, qoz ləpəsi və 1 ədəd qabığı ilə bir yerdə çəkilmiş limon qarışdırılır, üzərinə 300 ml duru bal əlavə edilir. Gündə 3 dəfə 1 xörək qaşığı acqarına qəbul edilir.
 

Məsləhətlər
- Nikotin və alkoqol, əlavə təsir göstərən preparat qəbulu tam dayandırılır; tünd dəmlənmiş çay, qəhvə, yağlı, duzlu, acı qidaların və şirniyyatların istifadəsi məhdudlaşdırılır, az və kiçik porsiyalarla qida qəbul edilir.
- Gün ərzində minimum 1-2 saat gəzmək və düzgün nəfəs üçün gimnastik hərəkətlər etmək, kişmiş, ərik qurusu, bal, meyvə, giləmeyvələr və lifli qidaların qəbulu artırmaq məsləhət görülür.

Mənbə: Herba Flora jurnalı

Saglamolun.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.