Ramil Usubov Nardaran hadisələrindən DANIŞDI

14 января 2016 15:51 комментариев

Day.Az представляет новость на азербайджанском языке

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində 2015-ci ildə cinayətkarlıqla mübarizə və ictimai asayişin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müşavirədə iştirak edib.

Daxili işlər naziri ölkəmizdə cinayətkarlıqla mübarizə və ictimai qaydanın təmini sahələrində əldə edilmiş uğurlarda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin də önəmli rolunu diqqətə çatdırıb, ötən il bu qurumun Nazirliyin digər xidmətləri ilə birlikdə üzərinə düşən vəzifələri, rəhbərlik tərəfindən qarşıya qoyulan tapşırıqların layiqincə yerinə yetirdiyini, bir sıra uğurlu tədbirlər həyata keçirdiyini, hesabat dövründə əməliyyat-xidməti fəaliyyətdə əldə olunmuş nəticələrin 2014-cü ilin müvafiq göstəriciləri ilə müqayisədə bir qədər də yaxşılaşdığını vurğulayıb.

Nazir ötən il din pərdəsi altında radikalizmi, fanatizmi, cəmiyyətdə ayrı-seçkiliyi və qarşıdurmanı təbliğ edən şəxslərin və təriqətlərin hüquqazidd fəaliyyətinin qarşısının alınması sahəsində fəaliyyətin nəzərəçarpan olduğunu, ilin sonlarında Nardaran qəsəbəsində keçirilmiş xüsusi əməliyyat zamanı Baş İdarə əməkdaşlarının cinayətdə şübhəli şəxslərin tutulmasında, zərərsizləşdirilməsində, qanunsuz saxlanılan odlu silahların və partlayıcı maddələrin yığılmasında, istintaq-əməliyyat tədbirlərində fəal iştirak etdiyini diqqətə çatdırıb.

R.Usubov şəxsi heyətin hesabat dövründəki fəaliyyətini ümumən qənaətbəxş hesab edib, cinayətkarlıqla mübarizənin digər istiqamətlərində, o cümlədən bağlı qalmış qətllərin, hədə-qorxu ilə tələb etmə, adam oğurluğu, odlu silahın tətbiqi ilə törədilən quldurluqların açılmasında, iqtisadi fəaliyyət sahəsində, korrupsiya, insan alveri cinayətləri törədən mütəşəkkil dəstələrin müəyyən edilib zərərsizləşdirilməsində Baş İdarənin aparıcı rol oynamasının vacibliyini bildirib.

Nazir müasir informasiya texnologiyalarından istifadə edilməklə törədilən oğurluq, dələduzluq, hədə-qorxu ilə tələb etmə, insan alveri, məcburi əmək və digər cinayətlərin vaxtında aşkar edilib adekvat tədbirlər görülməsini, profilaktikanın hər zaman diqqət mərkəzində saxlanılmasını, Nazirliyin digər əməliyyat xidmətləri və ərazi polis orqanları ilə qarşılıqlı əlaqələrin genişləndirilməsini, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan transmilli mütəşəkkil dəstələrə, ölkəmizin iqtisadi təhlükəsizliyi əleyhinə yönəlmiş cinayətlərə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin gücləndirilməsini tələb edib, qarşıya qoyulmuş məsul vəzifələrin öhdəsindən gəlmək üçün konkret tapşırıq və tövsiyyələrini verib.

Daxili işlər naziri bildirib ki, şəxsi heyət Azərbaycan Respublikasının Qanunlarından, dövlət başçısının fərman, sərəncam və tapşırıqlarından irəli gələn vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək, mütəşəkkil cinayətkarlıqla mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini sahəsində əldə olunmuş müsbət nəticələri cari ildə də uğurla davam etdirəcəkdir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.