Şimal sərhədlərimiz gücləndirilir

Day.Az представляет новость на азербайджанском языке.

Şəki Sərhəd Dəstəsində yeni inşa edilmiş "Laza" sərhəd zastavası kompleksi xidməti istifadəyə verilib.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Day.Az-a verilən məlumata görə, Azərbaycan Respublikasının ən yüksək dağ zirvəsi olan Bazardüzü istiqamətində yerləşən sərhəd zastavasının xidməti ərazisi mürəkkəb relyefə və soyuq iqlim şəraitinə malikdir. Dövlət sərhədlərimizin mühafizəsi qış aylarında qalın qarla örtülmüş dağlıq ərazilərdə, şaxtalı-boranlı havada təşkil edilir. Yeni inşa olunmuş sərhəd zastavasında yaradılan şərait sərhədçilərə xidməti daha yüksək səviyyədə təşkil etməyə geniş imkanlar yaradacaqdır.

Yeni sərhəd zastavası kompleksinin açılışı münasibəti ilə keçirilən mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev çıxış edərək Ulu öndər Heydər Əliyevin milli inkişaf siyasətini qətiyyətlə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında ardıcıl həyata keçirilən islahatlar sayəsində Azərbaycan Sərhəd Mühafizəsinin mükəmməl inkişaf yolu keçərək qarşıya qoyulan hər bir tapşırığı layiqincə yerinə yetirməyə qadir olan hərbi qurum səviyyəsinə yüksəlməsini xüsusi vurğulayıb, son illər ərzində ölkəmizdə müasir sərhəd mühafizə infrastrukturunun formalaşması, bütün hərbi hissə və bölmələrdə yüksək xidmət və məişət şəraitinin yaradılması istiqamə­tində tədbirlərin uğurla davam etdirildiyini qeyd edib.

Tədbirdə iştirak edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev sərhədçiləri təbrik edərək onlara uğurlar arzulayıb.

Rəmzi lent kəsildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev qonaqlarla birlikdə sərhəd zastavasına baxış keçirib.

Yeni eksperimental layihə üzrə tikilmiş sərhəd zastavasında xidmətin yüksək səviyyədə təşkili və sərhədçilərin istirahəti üçün hər cür şərait yaradılıb. Zabit və gizir ailələri üçün inşa olunmuş mənzillər, müasir tələblərə cavab verən xüsusi təyinatlı otaqlar,yeməkxana, istirahət guşəsi, idman zalı, təlim şəhərciyi, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri, hamam-camaşırxana lazımi avadanlıq və vasitələrlə təmin olunub, yol və səkilər asfaltlanıb, ərazidə abadlaşdırma işləri görülüb.

Tədbirin sonunda general-polkovnik Elçin Quliyev və qonaqlar şəxsi heyətlə birlikdə nahar ediblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.