Minsk Qrupu, yersiz müdaxilə

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yanvarın 26-da Strasburqda keçirilən plenar sessiyasında britaniyalı diplomat Robert Uolterin "Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması" adlı məruzəsi müzakirə edilib. Gərgin diskussiyalardan sonra qətnamə layihəsi rədd edilib. 70 parlamentari onun qəbulunun əleyhinə, 66 nəfər lehinə səs verib, 45 nəfər isə bitərəf qalıb. 

İlk baxışdan bu cür nəticə bizim uğursuzluğumuz sayıla bilər və erməni tərəfi bunu bayram etməlidir. Lakin bu müzakirələrdən dərhal sonra Bosniya və Herseqovinadan olan deputat Milisa Markoviçin "Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi" adlı məruzəsi müzakirəyə çıxarılıb və böyük səs çoxluğu ilə qəbul olunub. Sənədi 98 nəfər dəstəkləyib. Onun qəbulunun əleyhinə 71 deputat səs verib, 40 nəfər bitərəf qalıb. Azərbaycan və Türkiyə nümayəndə heyətlərindən başqa, İspaniya, Fransa, Yunanıstan, Serbiya, Belçika və digər ölkələrdən olan bir çox deputat da qətnamə layihəsinin lehinə səs veriblər. Yəni, sənədi ermənilərin ənənəvi olaraq müttəfiq saydıqları ölkələrin təmsilçiləri də dəstəkləyiblər. 
Bir məqamı qeyd etmək lazımdır ki, Ukrayna və Gürcüstanın nümayəndə heyəti hər iki layihəni tam tərkibdə dəstəkləsə də, GUAM üzvü olan, separatçılıqdan əziyyət çəkən Moldovanın 3 deputatınndan yalnız 1-i Azərbaycanla həmrəylik nümayiş etdirib. Digər iki parlamentari bitərəf qalmağa üstünlük veriblər.
Ermənistanın AŞPA-dakı nümayəndə heyəti Robert Uolterin qətnaməsinin cüzi fərqlə (4 səs) qəbul olunmamasını tələm-tələsik öz uğuru kimi təqdim edib. Qeyd edək ki, bunun üçün ermənilər bütün lobbiçilərini və diasporasını səfərbər etmişdi. Ermənistanın Xarici İşlər Nazirliyi və Diaspora ilə İş Nazirliyi, vitse-spikerləri, deputatları AŞPA-dakı nümayəndələri dilə tutub, hər birinə zəng edib onları sənədin əleyhinə səs verməyə çağırıblar. Lakin Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrlərinin dəstəyi olmasaydı, bütün bunlar çətin ki, ermənilərə kömək edərdi. Səsvermədən əvvəl Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Pyer Andrie (Fransa) birgə bəyanat verərək, AŞPA-nı "...ATƏT-in Minsk qrupunun mandatına zərər verəcək, yaxud danışıqlar prosesini çətinləşdirəcək addımlar atmamağa" çağırmışdılar. Bəyanatda bildirilirdi ki, "...Minsk qrupu danışıqlar üçün yeganə qəbuledilən platforma olaraq qalır".
Beləliklə, Minsk qrupunun həmsədrləri bu bəyanatla özlərini ifşa edib, obyektiv, bitərəf vasitəçi olmadıqlarını, faktiki olaraq ermənilərin vəkili qismində çıxış etdiklərini göstəriblər. Onlar bununla əslində Azərbaycanı BMT TŞ-nin 4 qətnaməsinə rəğmən qəbulolunmaz güzəştlərə getməyə razı salmağa, mövcud status-kvonu qorumağa çalışdıqlarını nümayiş etdiriblər. Bu yerdə xatırladaq ki, 2008-ci ildə BMT Baş Assambleyasında "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" adlı A/62/L.42 saylı qətnamənin səsə qoyulduğu zaman bizi 39 ölkə dəstəkləmiş, 100 ölkə bitərəf qalmış, ABŞ, Fransa və Rusiya da daxil olmaqla, 7 ölkə Ermənistanla birlikdə sənədin əleyhinə çıxmışdı. Göründüyü kimi, o zaman Minsk qrupuna həmsədrlik edən ölkələrin heç olmasa bitərəf qalmağa diplomatik mərifətləri çatmamışdı.
Azərbaycan XİN qurumun mətbuat katibi vasitəsilə Minsk qrupunun həmsədrlərinə AŞPA-ya ünvanladıqları bəyanatın yersiz və qəbuledilməz olduğunu çatdırıb. Lakin bu, kifayət deyil. Düşünürəm ki, Minsk qrupunun hazırkı formatının qorunub-saxlanmasının Qarabağ münaqişəsinin real həllinə nə qədər kömək olduğunu, Azərbaycanın maraqlarına nə dərəcədə cavab verdiyini təhlil etməyə başlamağın əsl vaxtıdır. Təhlil mənfi nəticə verərsə, ATƏT-in fəaliyyətdə olan sədri qarşısında (2016-cı ildə bu, Almaniyadır və o, Minsk qrupuna daxildir) Minsk konfransının çağırılması, hazırki vasitəçilərin effektivliyi məsələsinin müzakirəyə çıxarılması, hazırkı formatın dəyişdirilməsinin məqsədəuyğunluğu, həmçinin, problemin həlli prosesində real irəliləyişə mane olan əsas məqamlara dair ümumi yanaşmanın hazırlanması məsələsi qaldırılmalıdır.
Erməni nümayəndələrinin və analitiklərinin AŞPA-dakı 1:1-lik bərabərlik haqqında lovğa bəyanatlarına gəlincə, bu, pərtliyi ört-basdır etmək cəhdindən başqa bir şey deyil. Azərbaycan nümayəndə heyəti 2 deyil, 1 qətnamənin qəbuluna nail olsa da, qəbul olunmuş sənəddə ermənilərin ünvanına kifayət qədər sərt fikirlər yer alır. Buna əmin olmaq üçün "Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi" qətnaməsinin mətnilə tanış olmaq kifayətdir. Onun elə təkcə adı ermənilərin ünvanına qeyri-insani əməllə bağlı haqlı ittihamdır. Üstəlik, AŞPA Ermənistan hökumətini (marionet Dağlıq Qarabağ separatçılarını deyil, məhz İrəvanı) su resurslarından "siyasi təzyiq vasitəsi" kimi istifadəyə son qoymağa çağırıb. Sənəddə qorxulu bir fakta diqqət çəkilir - 20 ildən artıqdır Sərsəng su anbarının bəndinə müntəzəm texniki xidmətin göstərilməməsi "bütünlükdə sərhəyanı bölgə üçün təhlükə yaradır" və bu, "kütləvi insan ölümü ilə nəticələnəcək fəlakətə səbəb ola bilər". AŞPA Ermənistanı öz silahlı qüvvələrini dərhal ərazidən çıxarmağa çağırıb və bunun mühəndislərin, hidroloqların detallı araşdırma aparmaq üçün obyektə getməsinə imkan yaradacağını bəyan edib. Qətnamədə Sərsəng və Madagiz bəndlərinin vəziyyətinə, həmçinin payız-qış mövsümündə su buraxılışının qrafikinə beynəlxalq nəzarətin vacibliyi vurğulanır.
Bizim bəzi analitiklər düşünür ki, AŞPA-da eyni vaxtda iki qətnamə layihəsi ilə çıxış etmək lazım deyildi və indiki mərhələdə yalnız Sərsəng su anbarı ilə bağlı qətnamə layihəsilə kifayətlənmək olardı. Onlar qurumun Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğalı ilə bağlı qətnaməni bundan əvvəl qəbul etdiyini xatırladırlar.
Həqiqətən də, 2005-ci ildə qurumda "Dağlıq Qarabağ regionunda həllilə ATƏT-in Minsk konfransının məşğul olduğu münaqişə" adlı 1416 saylı qətnamə qəbul edilib. Lakin onun adı belə, sənədin kompromisə əsaslandığını, orada birbaşa və aydın formuldan qaçıldığını göstərir. Sənədin adından məlum olur ki, orada hansı tərəfin təcavüzkar, hansı tərəfi təcavüzdən əziyyət çəkən olduğunu göstərən dəqiq formul yoxdur.
AŞPA-da 2008-ci il iyunun 24-də qəbul olunmuş "Azərbaycanın demokratik institutlarının fəaliyyəti haqqında" qətnamədə isə Ermənistan "işğalçı" adlandırılıb və ondan "işğal olunmuş torpaqların dərhal boşaldılması" tələb edilib. Bundan başqa, həmin sənəddə deyilir: "Assambleya hesab edir ki, Azərbayanın ərazi bütövlüyü bərpa olunanadək, orada dayanıqlı demokratik inkişafa nail olunması son dərəcə çətin olacaq". Sənəddə BMT Baş Assambleyasının daha əvvəl qəbul etdiyi "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında" qətnaməyə istinad edilir.
Bu da son deyil. 2011-ci ilin payızında AŞPA "Müasir beynəlxalq hüquqda milli suverenlik və dövlətçilik" adlı 1832 saylı qətnamə qəbul edib. Sənəddə qurum bütün üzv dövlətləri qanunsuz işğal nəticəsində yaradılmış hər hansı ərazinin hakimyyətinə dəstəkdən, onun tanınmasından çəkinməyə çağırır. Bu, xüsusilə xarici hərbi müdaxilə ilə yaradılmış qurumlara aid edilir.
Lakin sadalanan qətnamələrin heç biri Azərbaycanın gözləntilərinə tam cavab vermir. Bu mənada Robert Uolterin irəli sürdüyü "Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması" qətnaməsi son dərəcə yerində, vaxtında ortaya çıxmış sənəd idi. Bu sənədin AŞPA-da müzakirəsi Ermənistana diplomatik təzyiq vasitəsi idi. O, nümayəndələrin, Avropa ictimaiyyətinin diqqətini münaqişənin uzun illərdir çözülməmiş qalmasına çəkə bilib. Halbuki, BMT TŞ və BMT BA-nın bunu tələb edən qətnamələri illər əvvəl qüvvəyə minib. Son qətnamənin irəli sürülməsi, ən azı, taktiki fayda gətirib: ermənilər bütün qüvvələrini onu neytrallaşdırmağa yönəldib və bu, bizə Sərsəng su anbarı ilə bağlı ikinci qətnaməni qəbul etdirməyə imkan verib.
Azərbaycanın nümayəndə heyəti AŞPA-dakı fəallığını bundan sonra da azaltmayacaq. Qurumun katibliyində artıq 24 ölkədən olan 46 deputatın imzaladığı qətnamə layihəsi qeydiyyata alınıb (mövud qaydalara və prosedura əsasən, bu, kifayətdir). Söhbət 2014-cü ilin iyununda işğal altındakı Kəlbəcər rayonunda ermənilər tərəfindən qanunsuz olaraq saxlanılmış Dilqəm Əsgərov və Şahbaz Quliyevin ədalətli məhkəmə hüquqlarının təminilə bağlı qətnamə layihəsindən gedir.
Vasitəçilər təmas xəttindəki insidentlərin araşdırılması mexanizmləri, "etimad tədbirləri" və s. haqqında nə qədər boşboğazlıq edirlər-etsinlər, amma hər kəs bilməlidir ki, sülhə doğru real irəliləyiş yalnız Ermənistan silahlı qüvvələrinin Azərbayanın işğal altındakı torpaqlarından çıxarılmağa başlaması ilə start götürəcək. Nə qədər ki, bu, baş verməyib, biz Ermənistana hərbi, diplomatik, iqtisadi, nəqliyyat və informasiya təzyiqlərini artıracağıq. Nə qədər ki, bu baş verməyib, heç bir çağırış Azərbaycan xalqının prezident İlham Əliyev tərəfindən ifadə olunmuş sərt iradəsini qırmayacaq: Azərbaycanın ərazi bütövlüyü nəyin bahasına olursa-olsun, bərpa ediləcək!

Rasim Musabəyov

Politoloq, Milli Məclisin deputatı