Kreslon laxlayır, Serjik...

Day.Az представляет новость на азербайджанском языке.

Hakimiyyətdaxili ziddiyyətlər dərinləşir, iqtidar bütün istiqamətlərdə dəstəkdən məhrum olur 

Ermənistan siyasi səhnəsində cərəyan edən son proseslər bu ölkədə sözügedən istiqamətdə də böhranlı vəziyyətin yaranmaqda olduğunu göstərir. Belə görünür ki, yaranmış durumda hakimiyyətin müxalif qüvvələrlə koalisiya yaratmaq cəhdləri də iflasa uğrayacaq. Xatırladaq ki,  bu günlərdə prezident Serj Sarkisyan sədri olduğu Respublikaçılar Partiyasına ilk növbədə, hakimiyyətə loyal olan partiyalarla iqtidar bölgüsü barədə razılığa gəlmək barədə göstərişlər verib.

Bundan əvvəl isə "Daşnaksütyun" hökumətlə əməkdaşlıq təklifini irəli sürüb. Bu partiyanın lideri Qrant Markaryan iqtidarla bir yerdə olmağa qərarlaşdıqlarını bildirib. Ermənistan Respublikaçılar Partiyasının idarə heyətinin üzvü Haqik Minasyan məsələ ilə bağlı  bildirib: "Koalisiya ilə bağlı müzakirələr aparılır, amma hələlik son qərar yoxdur. Respublikaçılar Partiyası həmişə müxtəlif formatda əməkdaşlığa hazır olub. Bu koalisiyamı olacaq, başqa formatmı, bunu indi deyə bilmərəm. Bu, yəqin ki, yaxın müddətdə dəqiqləşdiriləcək".

Amma son məlumatlardan belə bəlli olur ki,  xalq arasında artan narazılığı qismən neytrallaşdırmaq üçün Serj Sarkisyanın koalisiya hökuməti qurmaq cəhdi də alınmayacaq. Erməni mediası yazır ki, Serj Sarkisyanla baş nazir Ovik Abramyanın münasibətlərinin buna görə kəskinləşməsi də qeyd olunanların real təsdiqlərindən biri kimi çıxış edir. Məsələ bundadır ki, Ermənistan Respublikaçılar Partiyası ilə "Daşnaksütyun" arasında növbəti koalisiya hökumətinin qurulması haqda danışıqlarda müəyyən vəzifə bölgüsü ilə bağlı Serj Sarkisyanla Ovik Abramyanın mövqeləri biri-birindən fərqlənir.

Serj Sarkisyan ədliyyə naziri vəzifəsinə daşnakların üzvü Artsvik Minasyanı təyin etmək istəyir. Ancaq indiki nazir Arpine Ovannisyanı Ovik Abramyan təyin edib. Daşnakların üzvünün hökumətdə təmsil olunmaması üçün Abramyan əlindən gələni edir. Bu fonda hətta qeyd olunur ki, Artsvik  Minasyana qubernator vəzifəsi təklif edilib. Amma o, bu postda özünü təsəvvür etmədiyini bildirib. Prezident isə baş nazirlə bacarmadığı üçün təyinatı həyata keçirməkdə çətinlik çəkir. Hazırda mövqelərini gücləndirmək üçün Serj Sarkisyan daşnaklardan və erməni diasporundan yardım gözləyir. Amma diaspor qüvvələri hakimiyyətə əvvəlki kimi loyal münasibət sərgiləmir.  Bunun nəticəsidir ki, erməni diasporu daha əvvəlki kimi Ermənistan dövlətinin əsas maliyyə, siyasi, ideoloji dayağı rolunu oynamaq istəmir.

Digər tərəfdən o da həqiqətdir ki, erməni diasporu ilə Ermənistan hakimiyyəti arasında bir çox məsələlər üzrə çox ciddi fikir ayrılıqları, qarşılıqlı narazılıqlar da mövcuddur. Vəziyyət göstərir ki, münasibətlərdəki bu boşluqlar zaman keçdikcə daha da dərinləşməkdədir. Tərəflər arasında iqtisadiyyat, Ermənistanda demokratiya və insan haqlarının vəziyyəti ilə bağlı fikir ayrılıqları özünü daha qabarıq göstərir. Hətta gərgin münasibətlər qarşıdurma səviyyəsinə yüksəlib. Bu mənada tamamilə təbiidir ki, Sarkisyan rejiminin daxili və xarici siyasətindəki qüsurları kütləvi mediada ən çox ifşa edənlərdən biri məhz Qərb ölkələrindəki erməni diasporunun nümayəndələridir.

Hakimiyyət isə diasporu ölkəni, Ermənistan əhalisini düşünməməkdə ittiham edir. Diaspor nümayəndələri isə etdikləri yardımdan yalnız hakim dairələrin, bir qrup məmurun faydalandığını əsas gətirərək Sarkisyan rejimi ilə əlaqələrin intensivləşməsinə əvvəlki kimi maraq göstərmir. Nəticə etibarı ilə yaranmış vəziyyətdə Serj Sarkisyanın diaspor qüvvələrindən istədiyi köməyi alması da böyük sual altına düşüb. Bu hal  Serj Sarkisyan üçün ciddi təhdid yaradır, çünki onun ölkə daxilində də dəstəyi yoxdur.

Belə vəziyyətdə Sarkisyanın  güclü erməni diasporunun da dəstəyini itirməsi onun hakimiyyətdəki mövqelərinin daha da sürətlə laxlamasına gətirib çıxarır. Diasporun Ermənistana ayırdığı vəsaitlərin azalması, bəzən isə dayanması ölkədə sosial-iqtisadi vəziyyəti daha da pisləşdirir. Bu da Sarkisyan iqtidarı üçün əsas zərbələrdən biri hesab olunur. Məhz bu və digər səbəblərdən müxalifət Sarkisyan rejimini yıxmaq üçün əlavə imkanlar qazanır.

Onu da nəzərə almaq lazımdır ki, son vaxtlar Ermənistanın daxilində ziddiyyətlərin maksimum həddə qədər dərinləşməyə doğru getdiyi açıq-aşkar nəzərə çarpır. Ona görə də Ermənistanda cərəyan edən ölkədaxili siyasi proseslərin yaxın aylarda açıq qarşıdurma müstəvisinə keçə biləcəyi qətiyyən istisna olunmur. Hazırda erməni müxalifəti ölkə əhalisi arasında Sarkisyan hakimiyyətinin Ermənistanı fəlakətlərə doğru sürükləməsi barədə rəyləri mümkün qədər gücləndirməyə çalışır. Sarkisyan hakimiyyəti isə  Ermənistanı siyasi, maliyyə-iqtisadi böhrandan çıxartmaq istiqamətində, demək olar ki, hər hansı cəhd göstərmir.

Bu vəziyyətdə onun daxildə mövqeləri zəifləyir və diasporun da dəstəyini itirib. Hakimiyyətdaxili ziddiyyətlərin də genişlənməsi vəziyyəti daha da pisləşdirir. Məhz belə vəziyyət Ermənistanda ciddi siyasi böhranın yaranmasını istisna etmir.
 
"Azərbaycan"

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.