Azərbaycanın beynəlxalq aləmdə nüfuzu yüksəlir

Day.Az представляет новость на азербайджанском языке.

Prezident İlham Əliyev: "Bu gün Azərbaycan özü donor ölkədir. Biz, Suriya qaçqınları da daxil olmaqla, maliyyə yardımını təmin edirik" 

Londonda Böyük Britaniya, Almaniya, Küveyt, Norveç və Birləşmiş Millətlər Təşkilatının birgə təşkilatçılığı ilə "Suriyaya və regiona dəstək" konfransının keçirilməsi mühüm hadisə oldu. Konfransda Suriyaya təcili və uzunmüddətli yardımın təmin edilməsi, regionda humanitar və təhsil layihələrinin reallaşdırılması, böhrandan əziyyət çəkən qaçqınların sosial problemlərinin həll olunması, onları qəbul edən ölkələrə dəstək göstərilməsi məsələləri müzakirə edildi.

Prezident İlham Əliyev BMT-nin baş katibi Pan Gi Munun, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Devid Kemeronun, Almaniya Federativ Respublikasının kansleri Angela Merkelin, Norveç Krallığının baş naziri Erna Solberqin və Küveyt Dövlətinin əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın dəvəti ilə Londonda keçirilən konfransda iştirak edib.

Dünyanın əksər regionlarında sosial, iqtisadi və siyasi problemlərin qabarıq şəkildə özünü büruzə verdiyi bir vaxtda London konfransının keçirilməsi mühüm əhəmiyyət daşımışdır. Qeyd edək ki, İraq və Suriya kimi dövlətlər İŞİD terrorçu qruplaşmasının zülmündən əziyyət çəkir. Terrorçuların fəaliyyəti hər iki ölkəni daha böyük fəlakətlərə düçar etməklə yanaşı, Türkiyə və digər dövlətlərə də problemlər yaradıb. Suriyada son vaxtlar İŞİD terrorçu qruplaşmasına qarşı əməliyyatların genişlənməsi böyük humanitar fəlakətə gətirib çıxarıb. Avropa yaxın tarixinin ən böyük humanitar fəlakəti ilə üzləşib. Şimali Afrika və Yaxın və Orta Şərqdən qaçqın və köçkünlərin böyük bir kütləsi müharibələrdən, aclıqdan, səfalətdən xilas üçün Avropaya üz tutub. Avropada sığınacaq alan qaçqın və köçkünlər ağır sosial şəraitdə yaşamaq məcburiyyətində qalıblar. 

Dövlət başçısı konfrans çərçivəsində keçirilən "Təhsil" mövzusunda sessiyada bildirib: "Biz Suriya qaçqınlarının halına çox acıyırıq. Müstəqillik illərində - 1990-cı illərin əvvəlində qonşu Ermənistan Azərbaycana qarşı təcavüz edəndə Azərbaycan özü humanitar fəlakət və böhrandan əziyyət çəkib. Bu təcavüz nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi işğal olundu. Biz etnik təmizləməyə məruz qaldıq. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Bu, həqiqətən də humanitar fəlakət idi. O zaman ölkəmiz çox gənc və kasıb idi. Həmin vaxt adambaşına düşən qaçqın sayına görə ən yüksək göstərici olan səkkiz milyon əhalidən bir milyonu evsiz və işsiz qalaraq yaşayış imkanlarından məhrum olmuşdu. Biz beynəlxalq humanitar təşkilatlara, xüsusilə tariximizin çətin məqamında bizə dəstək olan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına minnətdarıq.

Bu gün Azərbaycan özü donor ölkədir. Biz, Suriya qaçqınları da daxil olmaqla, maliyyə yardımını təmin edirik. 1994-cü ildə Azərbaycan ilə Ermənistan arasında atəşkəs rejimi müəyyən edilmişdir. Əfsuslar ki, o vaxtdan bəri danışıqlar masası ətrafında bu münaqişənin həlli ilə bağlı ciddi irəliləyişə nail olunmamışdır. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, 20 ildən artıqdır ki, Ermənistan tərəfindən bu qətnamələrə məhəl qoyulmur".

Xatırladaq ki, Parisdə ötən il baş verən terror hadisəsindən dərhal sonra Avropa dövlətləri böyük əndişə içərisində genişmiqyaslı təhlükəsizlik tədbirləri görüblər. İngiltərə, Belçika, Almaniyada terrorçuluqda şübhəli bilinən xeyli sayda insan həbs edilib. Terror təhlükəsinə qarşı dünyanın supergüclərinin təlaşa düşməsi bir daha sübut edir ki, iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq, heç bir dövlət bu terrorizmin törədə biləcəyi vəhşiliklərdən sığortalanmayıb. Müasir dövrdə terrorizm dinc yanaşı yaşamağın başlıca təhlükəsinə çevrilməklə bütövlükdə insan hüquqları sisteminə, sivilizasiyaya ciddi və qlobal təhdiddir. Təəssüflər olsun ki, Azərbaycan xalqı uzun zamandan bəri erməni terroruna məruz qalsa da, dünyanın supergücləri terrorizmi dövlət səviyyəsində dəstəkləyən Ermənistana qarşı konkret addımlar atmayıblar. Əksinə, təcavüzkar dövləti himayə etməklə onların əməllərinə göz yumublar. Bu gün baş verən hadisələr isə terroru hansı qruplaşmanın törətməsindən asılı olmayaraq bütövlükdə terrorizmin bəşəriyyət üçün bəlaya çevrildiyini bir daha sübuta yetirdi.

Prezident İlham Əliyev ölkə həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun, hərtərəfli şəkildə çatdırılması istiqamətində ardıcıl iş aparır. BMT-nin qəbul etdiyi qətnamələrin icrasında "ikili standartlar"ın mövcudluğu təşkilata üzv dövlətlərin böyük əksəriyyətində, o cümlədən də Azərbaycanda haqlı narazılıq doğurur. Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən davam etdirilən danışıqlar prosesi təcavüzkar Ermənistanı bir daha işğalçılıq hərəkətlərinə son qoymağa və münaqişəni dinc yolla həll etməyə dəvət edir. Lakin beynəlxalq təşkilatlar qarşısında bu proses daim təcavüzkar Ermənistan tərəfindən pozulur ki, bu da işğalçı dövlət kimi Ermənistanın qeyri-konstruktiv siyasətinə dəlalət edir və hələ də bu ölkə beynəlxalq hüquqa heç bir məhəl qoymayaraq belə siyasəti davam etdirir.

Ölkəmizin danışıqlar prosesindəki siyasi üstünlüyü və təşəbbüsü ələ alması, haqlı mövqeyini qətiyyətlə ortaya qoyması təcavüzkar Ermənistanı qətiyyən razı salmır. Aşkar görünür ki, tənzimləmə prosesində beynəlxalq hüquq normalarına istinad imkanları tamamilə daralan, ideoloji, siyasi, hüquqi və iqtisadi müstəvilərdə Azərbaycana uduzan təcavüzkar tərəfin bütün səyləri hazırda mövcud "status-kvo"nun qorunub saxlanılmasına, münaqişənin "baş vermiş fakt" əsasında həllinə hesablanmışdır.

Təcavüzkarı destruktiv mövqedən çıxış etməyə şirnikləndirən başlıca səbəblərdən biri də məhz danışıqlarda vasitəçilik edən ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistana təsir göstərmək üçün zəruri təzyiq vasitələrindən istifadə etməməsidir. Ərazi və milli-etnik separatizm zəminində baş qaldıran münaqişələrin həlli ilə bağlı beynəlxalq hüquqda konkret normalar və sivil tənzimləmə presedentləri mövcud olsa da, nədənsə həmsədrlər uzun müddətdən bəridir ki, "Ermənistan və Azərbaycanın siyasi razılığa gəlməsi" kimi gülünc mövqeyi önə çəkir, işğalçıya və işğala məruz qalan tərəfə eyni mövqedən yanaşırlar. Belə süni balans siyasəti isə son nəticədə beynəlxalq hüquq normalarının praktik təsir gücünə əsaslı şübhə yaradır. Dünya nizamını müəyyənləşdirən fövqəlgüclərin işğal faktına liberal yanaşması, dolayısı ilə təcavüzkarlığa göz yumması bu qənaəti gücləndirir ki, hazırda dünyada etnik-milli münaqişələrin həllində hüquqi deyil, məhz siyasi vasitə və maraqlar önə çəkilir. Buna görə də işğalçı tərəf indiyə qədər müəyyən bəhanələrlə danışıqlar prosesini uzatmağa, vaxt udmağa çalışır, bunu ən pis variantlar sırasında "ən optimal gediş" kimi dəyərləndirir. Xarici dəstək hesabına dilənçi kökündə yaşayan Ermənistan tərəfi hələ ki, hakimiyyətin ömrünü uzatmaq üçün bundan "yaxşı" variant görmür. 

Azərbaycan danışıqlar prosesində ədalətli, prinsipial və beynəlxalq hüquqa əsaslanan mövqe nümayiş etdirir. Bu dəyişməz mövqeyi prezident İlham Əliyev xarici ölkələrə səfərlərində, eləcə də ölkəmizə gələn nüfuzlu beynəlxalq təşkilatların və dövlətlərin rəhbərlərinin diqqətinə dəfələrlə çatdırır. Rəsmi Bakı istənilən beynəlxalq gərginlik və münaqişənin ayrı-ayrı dövlətlərin siyasi iddiaları, "ikili standartlar" əsasında deyil, məhz aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında həllinin tərəfdarı kimi çıxış edir. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, sülh danışıqlarına sadiqdir. Ancaq işğalçı Ermənistan danışıqlar prosesində qeyri-konstruktiv mövqe nümayiş etdirir. Ölkə rəhbərliyi birmənalı şəkildə bildirib ki, sülh danışıqları nəticə verməzsə, digər vasitələrlə işğal edilmiş bütün torpaqlar azad olunacaq. Bu baxımdan da Azərbaycan ordu quruculuğu istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirir. Azərbaycan dövləti bu gün hərbi quruculuq prosesində müəyyən dövlətlərin və beynəlxalq təşkilatların mütərəqqi təcrübəsini mənimsəyir. Xüsusi vurğulamaq lazımdır ki, müdafiə məqsədilə ayrılan hərbi xərclərin ildən-ilə artması, eləcə də ölkədə hərbi təyinatlı məhsulların istehsalını həyata keçirən sənaye müəssisələrinin yaradılması da ordu quruculuğu baxımından vacib əhəmiyyətə malikdir. Azərbaycan müxtəlif xarici ölkələrdən müasir hərbi texnikalar alır, ordunun arsenalında olan bir sıra texnikaların modernləşdirilməsini həyata keçirir. Bu gün hər bir vətəndaş əmindir ki, Azərbaycan Ordusu Ali Baş Komandan, prezident İlham Əliyevin rəhbərliyi altında üzərinə düşən məsuliyyətli missiyanın öhdəsindən layiqincə gəlməyə, torpaqlarımızı düşmən işğalından azad etməyə tam qadirdir.

Prezident İlham Əliyevin beynəlxalq hüquq normalarını rəhbər tutaraq həyata keçirdiyi islahatlar nəinki daxili siyasətin, eyni zamanda paralel olaraq xarici siyasətin daha da inkişaf etdirilməsinə gətirib çıxarıb. Bu gün uğurla davam etdirilən inkişaf strategiyası, bütün sahələrdə yeni-yeni nailiyyətlərin əldə edilməsi Azərbaycan Respublikasının hüquqi dövlətdən sosial dövlətə keçidinin son mərhələsini yaşamasını bir daha sübut edir.

"Azərbaycan"

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.