Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü qeyd edilib

Day.Az представляет новость на азербайджанском языке.

İsmayıllı gəncləri Qarabağ müharibəsində qəhrəmanlıq göstərərək şəhid olmuş Vətən övladlarının ruhu qarşısında özlərini həmişə borclu hiss edirlər. Bu borcu onlar müxtəlif formalı, zəngin məzmunlu tədbirlərlə - anım və xatirə günləri keçirməklə, yürüşlərlə, ziyarətlərlə, ədəbi-bədii kompozisiyalarla və fləşmoblarla yerinə yetirirlər.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər İsmayıllıda Milli Qəhrəman Mübariz İbrahimovun doğum gününə həsr olunan tədbirdə səsləndirilib. Tədbir rayon icra hakimiyyətinin və gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Çoxsaylı gənclərin toplaşdıqları mərkəzi meydanda başlayan tədbir zamanı qəhrəmanlıq, vətənpərvərlik və hərbi mövzuda mahnılar, marşlar səsləndirilib. 6 saylı tam orta məktəbin hərbi geyimli şagirdləri fləşmob keçirərək "Mübariz" sözünü və səkkizguşəli ulduzu canlı şəkildə əks etdiriblər. Sonra mərasim iştirakçıları Milli Qəhrəmanın şəninə şüarlar, hərbi mahnılar, marşlar səsləndirməklə Şəhidlər xiyabanına yürüş ediblər.

Rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Qarabağ müharibəsi əlili Kamil Dadaşov, hərbi qulluqçu Aslan Şirəliyev Mübariz İbrahimovun keçdiyi şanlı həyat yolundan, qəhrəmanlığından danışıblar. Onlar Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olan Mübariz İbrahimovun və onun kimi qəhrəman oğullarımızın xatirəsinin əbədi yaşayacağını, daim əziz tutulacağını söyləyiblər. Gənc şairə Şəhla Qafarova qəhrəmana həsr olunan şeirini oxuyub.

Yürüş iştirakçıları ziyarətdən uşaq-gənclər kitabxanasına qayıdıblar. Burada Mübariz İbrahimova həsr edilən filmə və şəhər 1 saylı tam orta məktəbin şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiyaya baxıblar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.