Xarici valyutada olan kreditlərin və bağlanan bankların taleyi necə olacaq?

Day.Az представляет новость на азербайджанском языке.

Maliyyə Bazarlarına Nəzarət Palatası digər sahələrlə yanaşı, kredit təşkilatlarının lisenziyalaşdırılması və onların fəaliyyətinə nəzarət funksiyalarına da malik olacaq. Bu, yola saldığımız həftə ölkə başçısı İlham Əliyevin imzaladığı fərmanda öz əksini tapıb. Fərmanda bildirilir ki, bankların, bank olmayan kredit təşkilatlarının və poçt operatorunun fəaliyyətini lisenziyalaşdırmaq, onların fəaliyyətini tənzimləmək və nəzarət etmək səlahiyyəti yeni fəaliyyət göstərəcək Palataya həvalə olunub. Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, fərmanı dəyərləndirən Mərkəzi Bankının sədri Elman Rüstəmov Maliyyə Bazarında Nəzarət Palatasının yaradılmasının müsbət addım olduğunu bildirib.

Fərmanda göstərildiyi kimi, yeni Palatada ölkənin maliyyə sisteminin daha da sabit və dayanıqlı, rəqabətqabiliyyətliliyinin isə daha yüksək olması üçün maliyyə bazarlarının fəaliyyətinin səmərəli şəkildə təmin olunması, eləcə də kreditorların, investorların və sığorta olunanların hüquqlarının qorunması tələb olunur. Bu istiqamətdə Mərkəzi Bankın da öz funksiyalarını həyata keçirməsi asanlaşacaq.

Elman Rüstəmov- Mərkəzi Bankın sədri: "Çünki, Mərkəzi Bankdan maliyyə sabitliyinin təmin olunması funksiyası alınmır və Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birlikdə biz maliyyə sektorunda, xüsusilə bank sektorunda maliyyə sabitliyinin yaradılması istiqamətində birgə çalışacağıq".

Bundan başqa, Azərbaycanda bəzi bankların bağlanılması və ya birləşdirilməsi məsələsinə də toxunan Elman Rüstəmov qeyd edib ki, ödəmə qabiliyyətini itirən və Mərkəzi Bankın zəif hesab etdiyi problemli banklar sağlam bankların inkişafını da şübhə altına ala bilər.

Elman Rüstəmov - Mərkəzi Bankın sədri: "Ona görə də bizim siyasətimiz bu bankları sistemdən uzaqlaşdırmaqdır. Bilirsiniz ki, 25 illik tariximizdə maliyyə sektorunda konsalitasiya problemləri həmişə diqqət mərkəzində olubdur. Səhv etmirəmsə, bü dövrdə 230-a yaxın bank konsalitasiya olunub, yəni lisenziyaları geri alınıbdır. Və biz görürük ki, bağlanan bankların ölkənin sosial həyatında rolu bir o qədər də böyük deyil. Əksinə, maliyyə sabitliyi üçün problemlər yarada bilər. Buna görə də bunlar sistemdən uzaqlaşdırılıblar".

Banklardan dollarla kredit götürənlərə güzəştlərin edilib-edilməyəcəyi məsələsinə gəlincə...

Elman Rüstəmov - Mərkəzi Bankın sədri: "...Bilirsiniz ki, bu problem var və bu, təbii haldır. Dolların bugünkü kursu bütövlükdə bazarda manat və dolar münasibətlərini ifadə edir. Yəqin ki, bunların müqavilələrində də kurs yox, məhz götürdükləri pulları dollarla qaytarmaları tələb olunur. Yəni burada kurs faktoru yoxdur. Sadəcə olaraq hansı valyutada götürüblərsə, həmin o faiz dərəcəsində kontraktın icrasını tələb edirlər".
Azərbaycanın 40 milyard dollara yaxın valyuta ehtiyatının olduğunu deyən baş bankir, bunun, ölkənin ümumdaxili məhsulundan da çox olduğunu bildirdi. Həmçinin "üzən məzənnə" sisteminin tətbiqindən danışdı.

Elman Rüstəmov - Mərkəzi Bankın sədri: "Bu, bütün dünyada mövcud olan bir praktikadır. Yəni tam "üzən məzənnə"də çalışan çox az dövlətlər var və adətən bunlar yüksək inkişaf etmiş olan dövlətlərdir, onların da valyutaları konvertasiya olunmuş valyutalardır, dönərli valyutalardır. Amma əksər inkişaf etməkdə olan dövlətlər öz valyutalarının idarə olunan məzənnəsindədirlər. Bu isə, qısa bir müddətə məzənnədə kəskin dəyişikliklərin qarşısını almaq deməkdir. Çünki bu, bazar iştirakçıları, biznes və əhali üçün şok olardı".