Bu qədər yalan yetməzmi, ey dili-qafil?

Day.Az представляет новость на азербайджанском языке

"Dayan görüm! Heç bilirsən mən kiməm? Əsilzadə zadəganam, qraf Yusupovun törəməsiyəm. Arayışı göstərim?!"

AXCP sədri Əli Kərimlinin 10 ildən bəri pasport ala bilməməsi ilə bağlı "Azadlıq Radiosu"na verdiyi müsahibəsini oxuyanda nədənsə yada rejissor Georgi Daneliyanın 1990-cı ildə çəkdiyi "Pasport" filmindəki bu ifadə düşdü.

AXCP sədri barəsində 1994-cü ilin sentyabrında cinayət işi qaldırılıb. Hüquq-mühafizə orqanları Əli Kərimlinin cibindən bomba tapıldığını bildirmişdilər. Bundan sonra onun barəsində cinayət işi başlanıb və həbs olunub. Əli Kərimli ümumvətəndaş pasportunun etibarlılıq müddəti bitdiyi üçün 2006-cı ildə Daxili İşlər Nazirliyinin Pasport-Qeydiyyat İdarəsinə müraciət edib. Ancaq 1994-cü ildə açılan cinayət işi əsas gətirilərək ona yeni pasport verməkdən imtina edilib.

2006-cı ildən bəri Əli Kərimli xarici ölkələrə səfərlərə çıxa bilmir. Və bu 10 ildə Əli Kərimli pasport ala bilməməsini az qala ümummilli problem kimi qələmə verir, başçılıqı etdiyi siyasi təşkilatın uğur və uğursuzluqlarını xaricə səfərlər edə bilməməsi ilə müəyyənləşdirirdi.

O, pasport ala bilmədiyindən blokadada qaldığını və bu səbəbdən də AXCP-nin beynəlxalq səviyyədə "inkişafına mane olunduğunu" iddia edirdi.

Əli Kərimlinin sözlərindən belə çıxırdı ki, az qala müxtəlif ölkələrin dövlət başçıları və parlament rəhbərləri ilə görüşlərinin baş tutmaması, BMT Təhlükəsizlik Şurasında çıxış edə bilməməsi pasportsuzluqla bağlıdır.

Əlaltılarının və tərəfdaşlarının "bəy" dedikləri bu şəxs üçün çox rahat durum idi. Rəhbərlik etdiyi təşkilatın ölkənin daxili siyasət məkanındakı uğursuzluqları, müxalifət düşərgəsində mövqelərin itməsi, geriləmə və zəifləmə, habelə AXPC-nin sıravi üzvlərinin təşkilatı kütləvi şəkildə tərk etmələri, siyasi müttəfiqlərlə təmaslarda onların sonradan "xəyanət" kimi dəyərləndirdikləri qərarlar, radikallığın ifrata çatdırılması və ekstremizm məzmunlu çağırışların artması - bütün bunlara "pasportsuzluqdur, bəy" deyə, haqq qazandırılırdı.

AXCP-nin əyalətlərdəki təşkilatlarının mənsublarında belə rəy formalaşdırılmışdı ki, haşa, Əli Kərimliyə pasport verilərsə, o, az qala hər gün bir xarici ölkədə olacaq və onda da iqtidar nə edəcəyini bilməyəcək - çünki Ə.Kərimli prezidentlər, spikerlər, beynəlxalq təşkilatların rəhbərləri ilə aramsız danışıqlar keçirəcək, telekanallarda daimi "danışan baş"a çevriləcək, xülasə dünya siyasətinin bir ulduzu olacaq.

Belə sözləri eşidəndən sonra sıravi cəbhəçilər dərindən ah çəkir və xəyallarında Əli Kərimlini CNN, ABC, Al Jazeera telekanallarının studiyalarında, ABŞ Konqresində və BMT Baş Assambleyasında görürdülər, Fransa prezidenti Ollandla yanaşı yeriyən, Britaniya kraliçası 2-ci Yelizavetanın qarşısında oturub Azərbaycanı müzakirə edən görürdülər. 

Həmin xəyallar Aleksandr Ostrovskinin "Balzaminovun toyu" pyesindəki Mixail Balzaminovun arzularını xatırladırdı. Bacarıqsız, zəif, həyatın məngənəsində qalan, amma ambisiyaları çox böyük olan Balzaminov  qonşularının ələ saldığı adam, iş yoldaşlarının məsxərəyə qoyduğu kiçik çinli məmur olsa da, xəyallarında özünü gah çar, gah general, gah da milyonçu sanırdı.

O, arzularındakı ilğımların harada bitib gerçəyin harada başladığının fərqinə vara bilmirdi.
Əli Kərimli də özünün yaratdığı illüziyalar aləmindən qurtula bilməsə də, obyektivliyi dəyərləndirmək hissini tam itirməyib.

O anlayır ki, "10 ilin pasportsuzluğu qüssəsi" siyasi aberrasiya təki mənasını itirib. Əli Kərimlinin indi harasa yollanması, haradasa çıxış etməsi ciddi olaya çevrilən deyil.

AXCP sədri də məğlubiyyətini az qala qələbə kimi qələmə vermək üçün yenə demaqogiyaya əl atır və deyir: "Bu məsələ, mənim fikrimcə, hökumət üçün aktuallığını xeyli dərəcədə itirib. Bu qərar 2006-cı ildə verilmişdi, o zaman mən çox intensiv şəkildə xarici səfərlərə çıxırdım, təkcə 2005-ci ildə 10 ölkədə olmuşdum. Xarici səfərlərdə mən Azərbaycanla bağlı həqiqətləri çatdırırdım. İndi vəziyyət çox dəyişib, internet inkişaf edib, xarici mətbuatın Azərbaycana marağı o qədərdi ki, mənim xarici səfərlərə çıxıb-çıxmamağımdan asılı olmadan artıq ölkəylə bağlı həqiqətləri az qala bütün dünya bilir".
Əli Kərimlinin partiya sədri, siyasətçi kimi adekvatlıq səviyyəsini elə bu açıqlama ortaya qoyur. Sən demə, AXCP sədrinin açıqlamaları olmasa, Azərbaycanın nəinki müxalifəti, ümumiyyətlə, siyasəti Nepaldakı bələdiyyə seçkilərinin təfərrüatları kimi Qərb üçün maraqsız qalacaqdı, Bakıdakı proseslərlə də kimsə maraqlanmayacaqdı və axırda da Azərbaycanın bir dövlət kimi varlığı yaddan çıxacaqdı.

20 yanvar şousu

Bu ilin yanvarın 20-də Şəhidlər Xiyabanında Əli Kərimli və ətrafındakılar da vardı. Onlar da on minlərlə, yüz minlərlə vətəndaşımız təki 20 Yanvar şəhidlərinin məzarlarını ziyarətə gəlmişdilər.

Ziyarət məqamında, məzarların önündə Əli Kərimli qəflətən durdu, onun yanındakılar da ayaq saxladılar. Az sonra isə yenidən yeriməyə başladılar.

Həmin an Şəhidlər Xiyabanında olanlar bu qəfil "duruş"un səbəbini anlamamışdılar. Hər şey saatlar sonra Əli Kərimlinin Feysbuk profilində fotolar paylaşılanda agah oldu.

Səhifədə "Şəhidlərimizi ziyarət etdik" açıqlaması ilə 5 foto yerləşdirilmişdi. 

Şəhidlər Xiyabınanda minlərlə soydaşımızın önündə duran Əli Kərimli və yandaşları elə görkəm almışdılar ki, sanki, o insan seli bu şəxslərin arxasınca gəlib xiyabana. AXCP sədrinin sosial şəbəkədəki "köməkçiləri", AXCP-nin mətbuat xidməti də fotoları məhz "Xalq Əli Kərimli ilədir!" şüarı ilə təqdim etdilər. Halbuki, xalq Əli Kərimlinin arxasınca getməmişdi - Əli Kərimli Şəhidlər Xiyabanını ziyarətə gəlmiş insanların önündə duraraq foto çəkdirmişdi.

Eynən xarici ölkələrdən birində olarkən Ferrari, yaxud Lamborghini avtomobili görəndə maşına yan alıb fotosunu çəkən, sonra da şəstlə sosial şəbəkələrdə paylaşıb "Mən və maşınım" yazan "Yasamal uşağı Totu", "Həyat türmədi mənə Bırad", "Ayka A-va", "Vusalka Namazqılanka Dindarka"lar təki.

Onu Qapona bənzədirlər, halbuki...

AXCP sədri Əli Kərimlini 1906-cı ildə sui-qəsdinin qurbanı olmuş rus keşişi Georgi Apollinaroviç Qapona bənzədirlər. Bu analogiyalara varanların fikrincə, Qapon 1905-ci ildə kütləni aldadaraq Sankt-Peterburqda Qış Sarayının qarşısına aparmış, orada gülləbaran etdirmişdisə, Əli Kərimli də daim insanları yalanları ilə aldadaraq küçələrə çıxarmaq, etiraz aksiyalarına cəlb etməyə çalışır. 

Deyirlər ki, Əli Kərimli eynən Qapon təki siyasət elminin incəliklərinə bələd deyil, amma çıxış etməyi, nitq söyləməyi, "qarşı tərəf"i suçlamağı, eyni zamanda çox ağır təzyiqlərə məruz qaldığını və məşəqqətlər çəkdiyini söyləməyi sevir.

Söyləyirlər ki, keşiş Qaponun Sankt-Peterburqun yaxınlığındakı Ozerki bölgəsində malikanəsi vardısa, Əli Kərimlinin də Bakıda mənzilləri, şəhər ətrafında isə villası var. Ən nəhayət, keşiş Qapon təki, Əli Kərimli üçün də Londonun "yad şəhər" olmadığı vurğulanır.
Fikrimizcə, analogiyalar yanlışdır, çünki Qapon çar Rusiyasında tanınan, məşhur siyasətçi və din xadimi, yüz minlərlərlə insanın sidq-ürəkdən inandığı insandı. Ona inam o qədər güclüü idi ki, keşiş Qaponu fəhlələrin hamisi, hətta "Tanrının yeni peyğəmbəri" adlandırırdılar.

Üstəlik, keşiş Qapon yaratdığı "Sankt-Peterburq Zavod-Fabrik Fəhlələri Şurası" vasitəsilə yığılan pulları mənimsəmirdi, ona inananların hesabına özünə cah-cəlallı həyatı təmin etmirdi.

O, fəhlələrin yığıncaqlarını təşkil edirdi - təşkil olunmuş yığıncağın önündə durub özünü təşkilatçı kimi göstərməyə can atmırdı.

Qapon Kərimli kimi olsaydı, heç tarixdə də qalmayacaqdı, adi keşişlərdən biri olacaqdı, vəssəlam.

Yalan danışan kimdir?

AXCP sədrinin müavini Nurəddin Məmmədli adekvat insan kimi tanınsa da, Əli Kərimliyə dəstək anı gələndə, sanki, reallıq hissinin nə ollduğunu müvəqqəti unudur və "yurdçuluq" anamnezinin varlığını iddia edənlərin haqlı olduğunu göstərməyə çalışır.

Dünən Əli Kərimlinin Feysbuk-dakı səhifəsində növbəti statusunu - Əli bəy və ətrafı belə statusları yazmağı çox sevirlər - şərh edərkən N.Məmmədli yazıb: "Bunların davranışı "Yalançının evi yandı, heç kim buna inanmadı" məsəlinə uyğundur. Adamda elə təəssürat yaranır ki, bunları yaşadan bitib tükənməyən yalanlarıdır. Əgər cəmi bir neçə gün yalan danışmağı qadağan etsən, ürəkləri partlayar, ölərlər".

Yalan, ümumiyyətlə, insan davranışında birmənalı dəyərləndirilməsi mümkünsüz bir nəsnədir. Yalan bəzən həyat xilas etsə də, yalançılıq həyatda olan, yaşayan insanı diri ölüyə çevrilir.

Yalan danışmaq patologiyaya çevriləndə isə şəxs kimliyindən, tutduğu vəzifədən, malik olduğu ictimai statusdan və ya maliyyə durumundan asılı olmayaraq ən yaxşı halda qınaq obyektinə çevrilir.

Əli Kərimlinin o zamanlar Azərbaycan Dövlət Universitetində, indiki Bakı Dövlət Universitetində oxuduğu illərdə komsomol katibi seçilmək üçün hansı "əməliyyatlar"ı həyata keçirdiyi həmin dövrdə onunla tələbə yoldaşı olmuş şəxslər unutmayıblar. Onların dediklərinə görə, Əli Kərimlini komsomol katibi ilə yanaşı, rektorun "çuğulu" kimi də tanıyırdılar.

Daha sonra Əli Kərimlinin 90 könüllünün Qarabağ savaşına yollandığı deyilirdi.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov söyləyir: "Tamamilə yalan deyir. Əli Kərimli heç Kür çayından o tərəfə keçməyib. Heç təsadüfi deyil ki, həmin vaxt daxili işlər naziri işləyən İsgəndər Həmidov həmişə onu fərari adlandırırdı. Çünki Əli Kərimli sovet vaxtında hərbi xidməti həbsxana üzərində duran daxili qoşunların tərkibində keçib. Yəni bu adam, ümumiyyətlə, hərbi hissədə olmayıb, ümumiyyətlə, Dağlıq Qarabağın ərazisində və yaxud ona bitişik olan rayonlarda və kəndlərdə heç vaxt olmayıb, həmişə qaçıb gizlənib və vətən naminə əlinə silah almayıb".

Siyavuş Novruzov 2000-ci ildə parlament seçkilərində Əli Kərimlinin davranışını da xatırlayıb.

"Əbülfəz Elçibəy belə bir məsələ qaldırmışdı ki, AXCP ilə Müsavat bir yerdə namizədlərini irəli sürsünlər. Bunu AXCP-də, Müsavatda olanlar da bilir. Siyahı belə tərtib olunmalı idi: birinci Elçibəyin özü, sonra İsa Qəmbər, Mirmahmud Fəttayev, ondan sonra bir nəfər Müsavatdan, bir nəfər AXCP-dən namizəd olurdu. Lakin Elçibəyin ağır xəstəliyindən əvvəlcədən məlumatlı olan Əli Kərimli onun Bakıda olmamasından istifadə edərək hakimiyyətlə separat danışıqlara getdi və beləliklə, "Müsavat"la olan koalisiyanı pozdu. Həmin dövrdə məhz Əli Kərimlinin əməlləri nəticəsində AXCP "yurdçular"a və "klassiklər"ə bölündü. Məhz onun iqtidarla öz müttəfiqlərindən xəbərsiz apardığı danışıqlar nəticəsində partiyası Milli Məclisdə 4 proporsional və bir majoritar yer əldə etdi. Hətta o, partiyasının proporsional seçkidə iştirak etməsini təmin edən 50 min seçici imzasının toplanmasında da hakimiyyət tərəfindən geniş və hərtərəfli dəstək gördü", - S.Novruzov söyləyib.

O, daha sonra bildirib: "Əli Kərimlinin əsl mahiyyətini üzə çıxaran daha bir haşiyə çıxmaq istəyirəm. AXC 1992-ci ildə hakimiyyətə gələndə keçmiş Kommunist Partiyasının Mərkəzi Komitəsinin illərlə növbə gözləyən əməkdaşları üçün tikdirdiyi binanı qanunsuz zəbt edərək öz fəallarına paylamışdı. Belə məsələlərdə hər zaman çevik olan Əli Kərimli də oradan mənzil ələ keçirmişdi. 1993-cü ildə hakimiyyət dəyişikliyindən sonra həmin mənzillər qanuni sahiblərinə qaytarıldı. 2000-ci ildə isə Əli Kərimli Milli Məclisdə iştirakı üçün həmin mənzilin qaytarılmasını hakimiyyətlə gizli danışıqlarda əsas şərt olaraq irəli sürdü. Onun bu gülünc tələbi bizim hamımızda böyük təəccüb və təəssüf doğurdu. Çünki heç bir vicdanlı siyasətçi öz sadəlövh elektoratını görünüşdə bər-bəzəkli şüarlarla və yalançı ideyalarla bu şəkildə aldadıb gizlində mənzil davası etməzdi. O isə etdi və mənzili geri alaraq gedib Milli Məclisdə oturdu".

"Mətin" mübarizə

AXCP-nin rəhbərliyindəki şəxslər tərəfindən "Azərbaycanın mövcud hakimiyyəti ilə sarsılmaz, güzəştsiz, mətin mübariz" kimi tanıdılan Əli Kərimli gerçəkdənmi belədir?
Yox, çünki o, dəfələrlə iqtidar mənsubları, yüksək vəzifəli, rəsmi şəxslərlə danışıqlar aparmaq, kuluar sövdələşmələrinə başlamaq istəyib.

Məsələn, həmin məmurlardan birinin dediyinə görə, 2005-ci ildə Əli Kərimli şəxsən ona Strasburq şəhərində görüş keçirməyi, "müxalifətdəki vəziyyət və seçkilərə hazırlıq"la bağlı məsələləri müzakirə etməyi" təklif etmişdi.

Daha sonra Əli Kərimli Bakıda, Tofiq Bəhramov adına stadionun yaxınlığındakı "Xankəndi" restoranında vəzifəli şəxslərlə görülüb, müzakirələr aparıb. Həmin adamların arasında hazırda millət vəkili olanlar da var.

Bəhs etdiyim görüşdə Əli Kərimlini indi Milli Şuranın lideri Cəmil Həsənli, habelə AXCP sədrinin müşavirləri və müavinləri müşayiət edirdilər.

Əli Kərimlinin müxalifət düşərgəsindəki partiya sədrlərinə, təşkilat və hərəkat liderlərinə olan mənfi, dözülməz münasibəti də bəllidir. Bunu AMİP lideri Etibar Məmmədov, Müsavatın sabiq başqanı İsa Qəmbər və başqaları dəfələrlə deyiblər.

İş o yerə çatıb ki, Əli Kərimli "Azadlıq" qəzetində müxtəlif imzalarla elə müxalifətçi siyasətçilərə qarşı yönəlmiş yazılar yazır, onları hədəfə alır, öz təbirincə desək, "vurur".

Ümumiyyətlə, AXCP sədrinin lüğətində plebsin ifadələrinə daha çox bənzəyən sözlər az deyil. Məsələn, "vurdu", "yıxdı-sürüdü," "məhv etdi" və s. kimi.

Bəlkə də belə təfəkkürün nəticəsidir ki, AXCP sıralarında Əli Kərimli diktaturası yaratmağa can atılır və "sədr bəy"i tənqid edənlər partiyadan qovulurlar.

Daimi, bitmək bilməyən xof, ən yaxın adamlarına inamsızlıq, sürəkli işfaedici materiallar toplamaq istəyi Əli Kərimlidə yeni deyil.

Mərhum Əbülfəz Elçibəyin otağında dinləyici qurğunun tapılması ilə bağlı qalmaqalı cəbhəçilər, yəqin ki, unutmayıblar.

Əli Kərimli və Əbülfəz Elçibəyin otaqları bir mərtəbədəydi. Elçibəyin otağında təmir aparılırdı və bu zaman fəhlələrdən biri tam təsadüf nəticəsində dinləyici qurğunu aşkarlamışdı. Səs-küyə xeyli cəbhəçi yığılmışdı.

O qurğuya gələn naqilin bir ucunun Əli Kərimlinin otağına getdiyini görəndə AXCP üzvləri heyrətdən nə deyəcəklərini bilmirdilər.

Yalan vədlər ustası

2003-cü ildə keçirilmiş prezident seçkilərində AXCP sədri Əli Kərimli AMİP sədri Etibar Məmmədova yazılı iltizam vermişdi ki, öz namizədliyini irəli sürməyəcək, "milli istiqlalçılar"ın lideri dəstəkləyəcək.

2005-ci ildəki parlament seçkilərində o, Milli Məclisdə mandat əldə etmək üçün mübarizəyə qoşulmayacağını dedi, Müsavatla danışıqlara başladı. Amma sonradan vədinə xilaf çıxdı, Müsavatın parlamentdə təmsil olunmaması üçün əlindən gələni etdi: İsa Qəmbər aldandığını anlayanda artıq çox gec idi.

AXCP iki yerə bölünəndə, Mirmahmud Fəttayev tərəfdarlarını başına yığıb yeni AXC quranda Əli Kərimli başçılıq etdiyi siyasi partiyanın rəsmi qeydiyyatda məhz AXCP kimi qalması üçün hakimiyyət mənsubları ilə uzun-uzadı danışıqlar apardı, bütün şərtləri qəbul etdi. Nəticədə M.Fəttayevin partiyası KXCP oldu, Əli Kərimli isə AXCP-nin qeydiyyatı ilə bahəm, 1992-ci ildə Elmlər Akademiyasının əməkdaşları üçün tikilmiş binada ələ keçirdiyi mənzili də saxlaya bildi.

Əli Kərimlinin belə əməllərini sadalamaqla bitməz və maraqlıdır ki, AXCP sədrinin siyasi müttəfiqləri ilə yanaşı, rəhbərlik etdiyi partiyanın mənsublarını aldatması ilə bağlı iddiaları səsləndirən şəxslərin hər biri "Dediklərimi faktlarla sübut etməyə hazıram" deyirlər.

"Maraqlı" situasiyadır: illərlə siyasi fəaliyyətdə olan adam özünü bu qədər sevir və tərifləyirsə, görəsən, nədən bu qədər suçlansın ki...

Elçin Alıoğlu
Milli.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.