Bütün şirkətlərə işçi götürmək tapşırılıb

Day.Az представляет новость на азербайджанском языке

Bütün dövlət strukturları, şirkətləri kütləvi şəkildə işçi qəbuluna başlayıb. Buna səbəb böhran nəticəsində ölkədə yaranan işsizlik problemini qismən həll etməkdir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə işsiz vətəndaşların haqqı ödənilən ictimai işlərə cəlb olunması tapşırığını verib.
 
Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev APA-ya verdiyi müsahibəsində  6509 nəfərin işə cəlb olunması ilə bağlı qərara alındığını söyləyib. İş yerləri haqqında məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunub. Artıq Nazirliyin yerli Məşğulluq Xidmətləri ilə SOCAR-ın müvafiq strukturlarının - "Azəriqaz" İB (5196 vakant yer), "Qaz İxrac" (1000 vakant yer) və Nəqliyyat İdarələrinin (313 vakant yer) üzərinə düşən öhdəliklər də müəyyənləşdirilib.

Eyni vəziyyət "Azərbaycan Dəmiryolları" ASC-də baş verir. Fins.az-ın məlumatına görə, qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov artıq 300 nəfərin işə qəbul olunduğunu, mart ayına qədər daha 1700 nəfərin işlə təmin edilməsi nəzərdə tutulduğunu qeyd edib.

"Bu 2 min nəfər bizim İnfrastruktur Departamentində işləyəcəklər. Əsasən fəhlə işləridir, yollarda təmirlə məşğul olacaqlar. Amma bir şərt var. İşə qəbul olunmaq üçün Əmək və Əhalinin Sosial Müdafisə Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyata düşmək və ordan sənəd təqdim etmək lazımdır".

Daha bir kütləvi iş qəbul həyata keçirən "Azərsu" ASC isə 1200 nəfərin işə götürülməsini planlaşdırır.

Çox maraqlıdır ki, son 5-6 ildə böyük ixtisarlar həyata keçirən dövlət qurumlarına yenidən belə bir öhdəliyi necə icra edəcəklər? İqtisadiyyatın böhranlı vəziyyətində belə bir yolla ölkədə işsizlik problemini həll etmək mümkün olacaqmı?

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı "Bizim Yol"a bildirib ki, SOCAR bir tərəfdən kütləvi ixtisar aparırsa, digər tərəfdən işçi qəbulu həyata keçirir: "Məsələn, 2011-ci ildə 77 140 işçisi olub. 7855 nəfər işdən çıxarılıb. Həmin ili işə qəbul edilənlərin sayı 5426 nəfər olub. 2012-ci ildə 66234 işçi olub. İşdən çıxarılanların sayı 11556 nəfər, qəbul olunanların sayı 3942 nəfər təşkil edib. 2013-ci ildə 61088 nəfə işçisi olub. 14556 nəfər işdən azad olunub, 9420 nəfər işə qəbul edilib. 2014-cü ildə işçilərin sayı 54 714 nəfər işçisi idi. 21 535 nəfər vəzifəsindən kənarlaşdırılıb, 27 808 nəfər isə işə qəbul olunub.

2012-ci ildən Dövlət Neft Şirkətində islahatlar gedir. Kompleksqazma İşləri İdarəsində, Xəzərneftqaztikinti İdarəsində, "Azəneftyağ"la "Azərneftyanacağ"ın birləşməsində, "Azəriqaz" da mütəmadi olaraq struktur dəyişiklikləri ilə əlaqədar olaraq işdən çıxarılanlar var.

2014-ci ildə fevral ayında ixtisarlarla əlaqədar proqram qəbul edildi. İxtisara düşən işçilər 1 illik proqrama cəlb edildi. Həmin proqrama əsasən, işçilər 5 aylıq əmək haqqısının kompensasiyasını da götürərək, işdən çıxa bilər".
M.Qəhrəmanlı bildirdi ki, Prezidentin tapşırığına əsasən, bütün idarələrə 1 ililk müvəqqəti işçi qəbul edilməsi ilə bağlı kvota qoyulub: "Bunun əsasında Dövlət Neft Şirkətinin idarərinə, birgə müəssisələrinə, əməliyyat şirkətlərinə tapşırıq verilib ki, 7 min işçini 1 illik müvəqqəti işə qəbul etsinlər. İndi çalışacağıq ki, həmin1 illik müvəqqəti iş yerini əvvəlki illərdə ixtisara düşmüş şəxslər qəbul edilsin. Çünki onlar mütəxəssisdirlər, işini bilən adamlardır. Mütəxəssislər dura-dura kənardan işçi qəbul etmək nə dərəcədə doğrudur".

Onun sözlərinə görə, ötən il Azəriqaz İB-dən 2 minə yaxın adam ixtisar edilib: "Bir müddət öncə, bu gün işə cəlb ediləcək sahə kimi göstərilən yerl?rd?n "Azəriqaz"dan 2 minə yaxın adam ixtisar edilib. Yaxşı olardı ki, "Azəriqaz" iş elanı vermək əvəzinə həmin 2 min insanı yenidən işlə təmin etsin.
Ümumiyyətlə, ARDNŞ-in qarşısına belə bir məcburiyyət qoyulması düzgün deyil. Ondan büdcə kim istifadə etməməlidirlər. Əgər böhranlı vəziyyətdə işsizliyin qarşısını almaq üçün belə bir addım atılırsa, o zaman dediyim kimi, indiyədək ixtisar olunanları qəbul etməlidirlər. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi işsizliyin həlli üçün ən asan yolu seçib. Əslində, nazirlik işsizliyin aradan qaldırılması üçün proqram, milli fəaliyyət planı hazırlamalı idi. 1 ililk müvəqqəti müqavilə ilə işçi qəbul etmək problemin həlli yolu deyil".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.