Bakı Avtovağzalı ətrafında 5 istinad divarı tikildi

Day.Az представляет новость на азербайджанском языке

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı sürüşmə-çökmə sahəsində hazırda aparılan bərpa-gücləndirmə işləri açıqlanıb.

Day.Az bildirir ki, "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin APA-ya verdiyi məlumata görə, ASC-nin sifarişi ilə Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində baş vermiş sürüşmə zonasında bərkitmə işləri Avro-Asiya İnşaat Korporasiyası "EVRASCON" (keçmiş "Azərkörpü") tərəfindən aparılır. Bu günə qədər həmin ərazidə yamacın bərkidilməsi istiqamətində kifayət qədər iş görülüb, 16 metr uzunluğunda və 7 metr hündürlüyündə 5 ədəd istinad divarı inşa edilib. Divarlar deşilib, ora xüsusi troslar vurulub, dartılaraq gərginləşdirilib və smentasiya olunub. Avtobus dayanacağı və autletə (avtobus dayanacağının qarşısından keçən yol) gedən hissədə inyeksiya işləri görülüb, yer bir neçə yerdən 20-30 metr dərinlikdə deşilib, beton məhlulu tökülüb. Bununla bərabər, mövcud istinad divarı ilə autletə gedən yolda yerləşən istinad davarı arasında 1200 mm diametr və 33,5 metr dərinlikdə 50 ədəd svay vurulur. Yamacın alt hissəsində 1200 mm diametrlik svay vurulub. Hazırda ərazidə tikiləcək 5 tavadan birində işlər aparılır. Yamacın aşağısında da 4 ədəd 15 metr uzunluğunda istinad divarının tikilməsi nəzərdə tutulub. Bu işlər tam olaraq yekunlaşdıqdan sonra avtomobil yolunun deformasiyaya uğramış hissəsinin bərpası istiqamətində addımlar atılacaq.
 
Qeyd edək ki, oktyabrın 7-də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında sürüşmə-çökmə baş verib, Bakı-Sumqayıt yolunun əsas hissəsində çatlar əmələ gəlib, ərazidəki 25-30 metr hündürlüyündə istinad divarı üçün ciddi təhlükə yaranıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.