Daha çox iş yeri açmaq və ölkəyə valyuta gətirmək üçün...

Day.Az представляет новость на азербайджанском языке.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun Milli.Az-a müsahibəsi

- Son zamanlar dünyadakı ümumi iqtisadi böhran çərçivəsində Azərbaycanda, xüsusən də aqrar sahədə, kənd təsərrüfatında yaranan vəziyyəti necə qiymətləndirirsiz? Bu sahənin inkişafı üçün daha nələr etmək mümkündür?

-  Prezident İlham Əliyevin yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına həsr olunmuş iclasında və yanvarın 26-da "2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda göstərdiyi kimi, aqrar sahə qeyri-neft sektorunun ən prioritet sahələrindən biridir.

Azərbaycanda aqrar sahə böyük inkişaf yolu keçib. Təkcə 2015-ci ildə 5100 sahibkarlıq subyektinə 13 milyon manat güzəştli kredit verilib. Hazırda 19 rayonda 40 min hektardan artıq sahədə 29 iri fermer taxılçılıq təsərrüfatının yaradılması başa çatıb və məhsuldarlıq hər hektardan 58-60 sentner təşkil edib.

Son 10 il ərzində aqrar sahədə xeyli güzəştlər edilib. Əgər bu güzəştlər olmasaydı, dövlətə 2 milyard manat məbləğində vergi verilməliydi. Amma son 10 ildə 2 milyard manatdan artıq vəsait sahibkarların sərəncamında qalıb. Bunun özü də onlara böyük bir köməkdir. 2007-2015-ci illərdə yalnız yanacaq və motor yağlarına, buğda və çəltik əkinlərinə, mineral gübrələrə, reproduksiyalı toxumlara, tinglərə görə fermerlərə dövlət büdcəsindən 1 milyarddan çox subsidiya verilib.

Regionların sosial-iqtisadi inkişafına dair qəbul edilmiş 2 dövlət proqramının icrasına 50,7 milyard manat, o cümlədən birinci proqrama 16 milyard, ikinci proqrama isə 34,7 milyard manat vəsait yönəldilib. Bundan əlavə, həmin proqramlarda nəzərdə tutulmayan məsələlərin həllinə  prezidentin müvafiq sərəncamları ilə ehtiyat fondundan 737,4 milyon manat vəsait ayrılıb. Bu vəsaitlər ölkədə aqrar sahənin inkişafına kömək olub.

Məsələn, bu gün özümüzün mal əti, quş əti, qoyun əti, yumurta, süd və süd məhsulları, kərə yağı ilə təmin edilməsi səviyyəsi yüksəlib. Taxılla əlaqədar deyim ki, bu gün özümüzü artıq 64 faiz təmin edirik. Yerdə qalan məhsulun maya dəyərində idxaldan asılılığımız 20 faizdir.

- Bu 20 faizə əsasən nələr daxildir?

- Bura məhsulun toxumu, gübrə, texnika və s. daxildir. Prezident tapşırıq qoyub ki, idxaldan asılı olan məhsullar da özümüzdə istehsal olunmalıdır. Biz idxaldan asılılıqdan qurtulmalıyıq. O zaman nəinki özümüzü təmin edə, hətta məhsulları xaricə də ixrac edə bilərik.

Bu gün istəyirik ki, büdcəmizi də, əhalimizi də qeyri-neft sektorunun hesabına təmin edək. Bu baxımdan ötən il bütün qeyri-neft məhsullarının ixracı 1,5 milyard manat təşkil edib. Bunun 604 milyonu, yəni 41,3 faizi kənd təsərrüfatı məhsullarının payına düşür. Gələcəkdə biz bunu daha da artıra bilərik. Məsələn, biz ötən il 17 milyon dollarlıq çay, 20,9 milyon dollarlıq kartof, 192,6 milyon dollarlıq təzə meyvə ixrac etmişik. Bu sahəni inkişaf etdirməklə əhalimizi bütün kənd təsərrüfatı məhsulları ilə təmin edə, ixracı artırmaqla ölkəmizə əlavə valyuta gətirə, eləcə də yeni iş yerlərinin açılmasına nail ola bilərik.

Dövlət başçısı xüsusilə pambıqçılığın inkişafı məsələsinə toxundu. Pambıq çox xeyirli bitkidir. Vaxtilə Azərbaycanda 1 milyon ton pambıq istehsal olunub. Təkcə 2015-ci ildə pambıq liflərinin və parçanın satılması hesabına ölkəyə 17 milyon dollar valyuta daxil olub. Bunun özü çox böyük göstəricidir. Bu baxımdan biz pambıqçılığı mütləq inkişaf etdirməliyik. Bununla yanaşı, tütünçülük, çayçılıq, üzümçülük də inkişaf etdirilməlidir. Biz bütün bunlarla əlaqədar qanunlar da qəbul etmişik.

Xüsusilə prezidentin tapşırığı ilə ölkədə 50 iri təsərrüfatın yaradılması çox mühüm məsələdir.

Mən özüm Ağcabədi rayonunda 4800 hektar sahədə yaradılan pilot təsərrüfatında olmuşam. Həmin təsərrüfatda hər hektardan Azərbaycan tarixində görünməyən həcmdə - 55-60 sentner - taxıl götürülür. Onun yanında iribuynuzlu mal-qara kompleksi var. Orada Almaniyadan gətirilmiş cins mal-qara saxlanılır. O mal-qaranın hər birindən əvvəllər Azərbaycanda görünməyən həcmdə - 6-7 min litr - süd sağılır. Bununla yanaşı, orada keçiçilik də inkişaf etdirilir. Bu təsərrüfatın da yanında böyük süd zavodu fəaliyyət göstərir. Əvvəllər Almaniyadan, Rusiyadan, Baltikyanı ölkələrdən Azərbaycana çoxlu süd və süd məhsulları gəlirdi, amma indi özümüzü bu sahədə təmin edə bilirik. Bu çox yaxşı haldır.

- Bəs dövlət başçısının səsləndirdiyi tezislərdən də çıxış edərək aqrar sahənin inkişafı məqsədilə Milli Məclisdə hansı yeni qanunvericilik aktlarının qəbulu nəzərdə tutulur?

- Biz ölkədə yuxarıda qeyd etdiyim böyük təsərrüfatların yaradılmasının tərəfdarıyıq. Çünki xırda fermer təsərrüfatları, 1, 3, 5 hektarlıq təsərrüfatlar artıq özünü tam göstərə bilmir. Elə bu məqsədlə də biz hazırda "Kooperasiya haqqında" Qanunun qəbuluna hazırlaşırıq. Amerikadan Avropayadək bütün dünya kooperasiyalarla işləyir. Kooperasiya nədir? Bu, istehsalçıdan tutmuş istehlakçıya qədər gedən bir yol deməkdir. Tutaq ki, bu gün kooperativ pambıq istehsal edir və onu emala göndərir. Emaldan sonra lif düzəldilir, lifdən parça toxunur, ondan da müxtəlif paltarlar tikilir və satılır. Bundan həm böyük kooperativlər xeyir görür, həm də əhali təmin olunur. Yaxud da üzüm becərilir, emal zavoduna verir və orada şərab istehsal olunur. Siz bilirsiz ki, hələ bineyi-qədimdən Rusiya bizim şərab məhsulları bazarımız olub. Bu şərab bazarda satılır. Bundan həm kooperativ qazanır, əldə etdiyi gəliri kooperativinə qoyub onu genişləndirir, üstəgəl ölkəyə əlavə valyuta gəlir. Yəni məhz bu baxımdan qəbul etməyə hazırlaşdığımız qanun artıq ilk oxunuşdan keçib. Hazırda onun təkmilləşdirilməsi üzərində işləyirik. Böyük ehtimalla qanun mart-aprel aylarında qəbul ediləcək. Onun qəbulu ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına və istehsalçıdan istehlakçıya gedən yolu asanlaşdırmağa kömək edəcək.

Kooperativlər çalışacaq ki, məhsullarını axırıncı məhsul kimi satıb gəlir əldə etsinlər və bunun hesabına işlərini genişləndirsinlər. Ümumi məqsəd də odur ki, kənd təsərüfatında məhsuldarlığı artırmaqla özümüzü tam təmin edək və xarici ölkələrə keyfiyyətli məhsul ixrac edək. Biz artıq neftdən gözümüzü çəkməli və neftsiz iqtisadiyyat qurmalıyıq.