"Azərbaycanın geosiyasəti"

Day.Az представляет новость на азербайджанском языке

Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr

Əvvəli burada

Müəllif milli təhlükəsizlik siyasətinin üç əsas məqsəd və vəzifələrini necə də dolğun sadalayıb və təsnifatlaşdırıb. Buna dair nə qədər misal çəkmək, nümunə göstərmək olar? Fikirləşirəm ki, bu nümunələri sadalasaq bunlar bir neçə kitaba sığmaz. Yalnız son iki hadisəni hörmətli oxucuların diqqətinə çatdırsam, başa düşərlər ki, Milli Təhlükəsizlik Konsepsiyasının əsas müddəaları baş verən, yaxud verəcək hadisələrə necə çevik və vaxtında reaksiya göstərir və cavab verir.

Birinci hadisə oktyabr ayında (2015) milli təhlükəsizlik nazirinin prezidentin sərəncamı ilə işdən azad olunması və onun ətrafında toplaşan yüksək çinli məmurların cinayət işinə cəlb edilərək həbs edilməsi oldu. Məlum oldu ki, bu nazirliyə toplaşan bir qrup general və aşağı rütbəli məmur dövlətin siyasi və iqtisadi potensialını uzun illər sarsıtmaqla məşğul olmuş, bu potensialı çökdürməklə milli təhlükəsizliyimizi, yürüdülən siyasəti sual altına qoymuşlar. Ölkənin iqtisadi əsaslarını çökdürməklə onlar çalışmışlar ki, yaranan narazılığı siyasi məcraya yönəltsinlər və bununla da dövləti idarə edən ən yuxarı eşalonunu "səbatsız" fəaliyyətinə görə nüfuzdan salıb "məxməri inqilab" ideyasını həyata keçirməklə ən yuxarı vəzifələri əllərinə keçirsinlər. Bir sözlə, qarmaqarışıqlıq yaratmaqla ölkədə "bulanıq suda balıq tutmaq" sevdasına düşərək cəmiyyətdə destabillik yaratmağa çalışmışlar. Deməli belə hallar da olur. Dövlətin təhlükəsizlik sistemini xaricdən və daxildən qorumaq birbaşa bu nazirliyin vəzifəsi olsa da, biz bunun uzun illər əksini gördük. Reketlik, adam oğurlama, təhdid və şantaj şəxsi qrup maraqları üçün şəxslərin və dövlətin əmlakının talanması əsas fəaliyyət növünə çevrilmişdi. Dövlətdən narazılıq pik həddinə çatmışdı. Əsas da odur ki, olmayan hadisələri elə faktlaşdırıb cəmiyyətə çatdırırdılar ki, insanlar, yəni onlardan zərər çəkməyənlər onların dövlətə sədaqətlə xidmət etdiklərini düşünürdülər. Hər şeyin üstü Azərbaycan Beynəlxalq Bankının külli miqdarda (6 milyard ABŞ dolları) dövlət vəsaitinin hara xərclənməsinin üstü açıldıqdan sonra baş verdi. Məlum oldu ki, bu vəsait MTN əməkdaşları və göstərişləri nəticəsində talan edilib. Bu bankdan sirlərin mətbuata ötürülməsi ipin bir ucunu Milli Təhlükəsizlik Nazirliyinə yönəltdi. Azərbaycan Beynəlxalq Bankının sədri həbs olundu (dekabr 2015) və milli təhlükəsizlik siyasətimizi təhdid edən və nüfuzdan salan Milli Təhlükəsizlik Nazirliyi prezident İlham Əliyevin sərəncamı (dekabr, 2015) ilə ləğv olunaraq, yeində Dövlət Təhlükəsizlik Xidməti (DTX) və Xarici Kəşfiyyat İdarəsi (XKİ) yarandı. Bunun haqqında çox yazmaq, çox fikir yürütmək olar, ancaq məsələnin qısa xülasəsini verməklə demək istəyirik ki, dövlətin taleyi, onun mili təhlükəsizliyi bir qurumdan, yaxud bir nəfərdən asılı ola bilməz.

Milli təhlükəsizlik siyasətimizin fəaliyyətini təhdid etməyə cəhd edən ikinci hadisə Nardaran olayları (noyabr, 2015) oldu. Bu dəfə bu təhdid fərqli oldu.

Bildiyiniz kimi Nardaranda dinin təbliğatı altında (istisna etmirəm,  bəzi xarici dövlətlər bu işə müdaxilə edib) silahlı qarşıdurma oldu. Aydın oldu ki, burada fəaliyyət göstərən və qeydiyyatdan keçməyən  "Müsəlman birliyi" adlı təşkilat silahlı yolla çevriliş etməklə, zor gücünə hakimiyyət və Konstitusiya dəyişikliyinə  cəhd etdi.  Bu milli təhlükəsizlik siyasətimizə, yürüdülən siyasi fəaliyyətə qarşı birbaşa təhdid idi və dövlət strukturları buna biganə qala bilməzdi, çünki dövlətin özünün yaşam və funksional tərzi sual altına düşürdü. Bu səbəbdən də DİN qüvvələri bu kəndə yeridildi və belə bir addımın atılması vətəndaşların əksəriyyəti tərəfindən dəstəkləndi. Nəticədə silahlı qarşıdurmada 6 nəfər, ikisi polis işçisi olmaqla dünyasını dəyişdi. Axtarışlar zamanı silah arsenalı və dini ədəbiyyat evlərdən müsadirə edildi. Görürsünüzmü Milli Təhlükəsizlik Konsepsiyasının qəbul və ona əməl edilməsi təkcə ölkə vətəndaşlarının hüquqlarını, Konstitusiya hüquqlarını qorumaqla bitmədi, həm də vətəndaş qarşıdurmasının geniş miqyasda qarşısı dönməz olaraq alındı. Bəli, ölkədə din və dövlət ayrı olsa da, qanunlar dinin (həm də dünyəvi dinlərin) təbliğatını qadağan etmir. Bununla yanaşı, qanunlar zorakılıq yolu ilə hakimiyyəti və Konstitusiyanı dəyişməyi qadağan edir. Beləliklə noyabr ayında din pərdəsi altında qarşıdurma yaratmaq istəyən cinayətkar qrup zərərsizləşdirildi və onları xaricdən maliyyələşdirən dairələr məyus oldular. Belə hadisələr əgər davamlı olardısa Azərbaycanın beynəlxalq imicinə, stabilliyinə, xarici dövlətlər və transmilli korporasiyalarla siyasi və iqtisadi iş prinsiplərinə ciddi zərbə vura bilərdi.

Bu barədə hörmətli professor qeyd edir ki, Azərbaycan bir çox nüfuzlu beynəlxalq və regional təşkilatların üzvü kimi dünyanın aparıcı dövlətləri ilə münasibətləri inkişaf etdirir, dünya iqtisadiyyatına və siyasətinə sürətlə inteqrasiya olunur, Cənubi Qafqaz regionu ilə bağlı beynəlxalq münasibətlərin formalaşmasına həlledici təsir göstərir. Eyni zamanda, Azərbaycan həm milli, həm də beynəlxalq təhlükəsizliyin təmin olunması üçün hüquq bərabərliyi, qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan sabit dünya nizamının mövcud olmasına çalışır. Bunu həm də Milli Təhlükəsizlik Konsepsiyamız tələb edir. Təəssüflər olsun ki, qeyd etdiyimiz hər iki hadisə biri savadsızlığın, siyasi və iqtisadi hərisliyin, özündən razı qalmanın, ambisiyaların, digəri isə cahilliyin və xarici kəşfiyyat orqanlarının ələ alınması nəticəsində oldu. İstisna etmirəm ki, bəlkə də birinci və ikinci hadisələr arasında hansısa əlaqələr mövcuddur. Bunu yalnız istintaq başa çatdıqdan sonra müəyyənləşdirmək olar. Qeyd edək ki, dövlətimizin əsas inkişaf prioritetləri onun milli maraqlarının formalaşması və təmin olunması ilə bağlıdır. Milli Maraq dövlətin

-         daxili və xarici siyasətini;

-         sosial-iqtisadi və siyasi-hüquqi inkişafının vəzifələrini və səviyyəsini;

-         coğrafi və geosiyasi mövqeyini;

-         milli-tarixi ənənələrinin qorunması və onların inkişaf etdirilməsini;

-         dövlətin suverenliyi və milli təhlükəsizliyinin təmin olunmasını və s. çoxsaylı vəzifələrin həyata keçirilməsini tələb edir.

Əli Həsənov yazır:

"Azərbaycanın milli maraq çərçivəsinə həmçinin:

-         Ermənistanın işğalçılıq siyasətinin doğurduğu nəticələrin aradan qaldırılması, yurdundan didərgin salınmış qaçqın və məcburi köçkünlərin geri qaytarılması və əzəli torpağında məskunlaşması;

-         işğalın bir daha təkrarlanması üçün zəruri təhlükəsizlik tədbirlərinin görülməsi, o cümlədən milli ordunun lazımi hərbi hazırlıq vəziyyətinə gətirilməsi;

-         Azərbaycan xalqının milli birliyinin və varlığının, əsrlər boyu formalaşmış adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin, dilinin, dininin qorunması, yaşadılması və ümumbəşəri dəyərlər hesabına zənginləşdirilməsi;

-         ölkədə hüquq normaları və qanunçuluğun, insan hüquq və azadlıqlarının dönmədən təmin olunması, mövcud ictimai-siyasi sabitliyin, vətəndaş cəmiyyətinin normalarının, tolerant etnik və dini mühitin qorunması və inkişaf etdirilməsi, separatçılığın, siyasi, etnik və dini ekstremizmin aradan qaldırılması;

-         dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təmin edilməsi, onların vətənpərvərlik hisslərinin gücləndirilməsi və azərbaycançılıq ideyası ətrafında birləşdirilməsi, dünyada yaşayan soydaşlarımızın  milli və vətəndaş hüquqlarının təmin edilməsi və s. təxirəsalınmaz vəzifələr daxildir.

Ardı var

Yunus Oğuz

Olaylar.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.