Şəhidimiz torpağa tapşırıldı

Day.Az представляет новость на азербайджанском языке

----------
18:50

Azərbaycan ordusunun şəhid olan hərbi qulluqçusu Elmir Zeynalov doğulub boya-başa çatdığı Goranboy rayonunda dəfn edilib. Mərasimdə şəhidin yaxınları ilə yanaşı, rayon ictimaiyyətinin nümayəndələri də iştirak ediblər. 

Kəpəz TV (Region TV) xəbər verir ki, Azərbaycan Ordusunun fevralın 12-də qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olan hərbi qulluqçusu torpağa tapşırılıb. Kiçik çavuş, 22 yaşlı Elmir Zeynalov doğulduğu Əhmədabad kənd qəbristanlığında dəfn edilib. Dəfn mərasimində rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri, mərhum hərbçinin xidmət etdiyi hərbi hissəsinin rəhbərliyi, döyüşçü yoldaşları iştirak ediblər.

Elnur Məmmədov - şəhidin dostu: "O, həqiqətən də çox mehriban, istiqanlı bir dost, bir sinif yoldaşı kimi yaddaşlara həkk olundu. Mən fəxr edirəm ki, mənim belə bir sinif yoldaşım var. İnşallah, onun qanını yerdə qoymayacağıq. Ali Baş Komandanımız nə zaman müharibə elan etsə, hamımız bir nəfər kimi şəhidlərimizin qanını almağa hazırıq". 

Elmir Zeynalov həm həqiqi hərbi xidmət zamanı, həm də hərbi qulluqçu olan dövrdə nümunəvi olması ilə seçilib. Onun əldə etdiyi fəxri fərman və qiymətli xatirə hədiyyələri valideynləri üçün bir təsəllidir. Bir neçə il əvvəl Elmir Zeynalovun əmisi də torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olub. İki gün əvvəl atası ilə son danışığında Elmir əmisinin qisasını aldığını bildirib. 

Sərxan Zeynalov - şəhidin atası: "İki gün əvvəl telefonla danışdım. Deyirdi, ay ata, əmimin qisasını yerdə qoymamışam. Onlardan neçə nəfəri vurmuşam. Birinci dəfə hərbi xidmətdə, ikinci dəfə indi fəxri fərman alıb. Mən fəxr edirəm ki, mənim oğlum vətən uğrunda şəhid olub. Başınız sağ olsun vətən!" 
Yaylım atəşinin açılması ilə şəhid torpağa tapşırılıb. Elmir Zeynalov ailənin tək oğul övladı olub.

---------
13:59

Azərbaycan Ordusunun fevralın 12-də qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin atəşkəsin pozması nəticəsində şəhid olan hərbi qulluqçusu torpağa tapşırılıb.

APA-nın xəbərinə görə, kiçik çavuş, 1994-cü il təvəllüdlü Zeynalov Elmir Sərxan oğlu doğulduğu Əhmədabad kənd qəbristanlığında dəfn edilib.

Dəfn mərasimində Goranboy Rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, kənd sakinləri, mərhum hərbçinin xidmət etdiyi hərbi hissəsinin rəhbərliyi, döyüşçü yoldaşları iştirak ediblər.

Komandirləri Elmir Zeynalovun nümunəvi hərbçi olduğunu, döyüş tapşırıqlarını hər zaman layiqincə yerinə yetirdiyini bildiriblər.

Daha sonra yaylım atəşi açılıb, şəhid torpağa tapşırılıb.

Qeyd edək ki, Elmir Zeynalov ailənin tək oğul övladı olub.

---------
12:55

Fevralın 12-də qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə atəşkəs rejiminin pozulması nəticəsində hərbi qulluqçumuz kiçik çavuş Zeynalov Elmir Sərxan oğlu şəhid olub.

Day.Az MN-in rəsmi saytına istinadən bildirir ki, Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.