"Böyüklərin cehiz davasına görə nişanlımla ayrıldıq" - REPORTAJ - VİDEO

Day.Az представляет новость на азербайджанском языке.

"İki il əvvəl bir oğlanla tanış oldum. Münasibət qurduq. Sonra iş ciddiləşdi. Elçilik-filan... Nişanlandıq. Mənim ailəm elə də imkanlı ailə deyil. Yəni bahalı mebel, cehiz almaq iqtidarında deyildik. Amma hiss edirdim ki, oğlanın anası bir az şöhrətpərəstdir. Arada-sırada cehiz söhbətlərini birbaşa deməsə də, mənə, anama eşitdirirdi. Anamı qoymurdum ki, bu söhbətlərə görə onunla mübahisə edib, münasibətləri soyutsun. Deyirdim ki, yəqin düzələr, hər ailədə toy qabağı olur bu söz-söhbət. Bir gün oğlanın anası bizə gəldi, başladı cehizlərimi qurdalamağa ki, bəs nə almısınız, nə qoymusunuz? Sonra da cehizlərə baxdıqca, hərəsinə bir mız qoydu. Beləcə, anamla mübahisələri başladı. Günlərlə bu mübahisələr genişləndi. Biz nişanlımla ha çalışdıq ki, bu söhbətlərə fikir verməyək. Bir-birimizi çox istəyirdik. Böyüklərin cehiz davası, əsas da oğlanın anası artıq bizim məsələni prinsip məsələsinə gətirib çıxardı. Və beləcə, bağlar qırıldı. Nəhayət, biz ayrıldıq. İndi eşitmişəm ki, oğlan evlənib. Nişanlısı o qədər cehiz gətirib ki, oğlanın ata-anasının onlara aldıqları evə sığmayıb. Eyni narazılığı aldığı qızın anası edib ki, bəs böyük ev alardınız..."
Milli.Az lent.az-a istinadən bildirir ki, Nigar Hacıyeva üzünün göstərilməsini istəməsə də, başına gələn bu əhvalatı çoxdan ictimailəşdirmək istədiyini bildirib. Nigar deyir ki, yaxınlarda bənzər hadisə ilə qarşılaşıb və bu, ona  daha öncə yaşadıqlarını xatırladıb. Başına gələnlərdən dərs çıxaran müsahibimiz deyir ki, yaşadığı bu problemi başqalarının da yaşamasını və hansısa əşyaya görə münasibətlərin korlanmasını istəmir. Biz də Nigarın müraciəti əsasında mövzunu gündəmə gətirdik.
 
Rəyini öyrəndiyimiz paytaxt sakinləri isə bu məsələdə fərqli düşünürlər. Onlardan biri qeyd edir ki, evlilikdə əsas saf sevgidir: "Pul bu gün ola bilər, sabah olmaya bilər. Sevgi olan yerdə ayrılıq da olmaz. Cehiz çox da vacib deyil. Məncə, o qızın mənə verdiyi ən böyük xoşbəxtlik pulu deyil, öz sevgisidir, verdiyi qiymət, dəyərdir. Xoşbəxtlik çətin tapılır, tapmışkən də qədrini bilmək lazımdır. Övladını xoşbəxt görmək istəyən insan ondan varidat istəməz".
 
Başqa biri isə hesab edir ki, ailə üçün cehiz vacibdir.
 
Rəyini öyrəndiyimiz bir qaynana isə bildirir ki, onun iki gəlini var: " Nə ev söhbəti edirlər, nə ayrılıq söhbəti. İndiki gənclərin ayrı yaşamaq istəyi ən birinci problemdir. Hamı istəyir ayrıca evi olsun, ayrı yaşasın, qaynana ilə yaşamasın. Mən özüm də gəlin olmuşam, o vaxt belə şeylər yox idi, heç bir problem yaşanmayıb. O, düzgün deyil cehiz gətirmək. Əsas odur ki, gənclər bir-biri ilə razılaşsın, bir-biri ilə mehriban olsun".
 
Lakin evlənmək üçün vacib şərtlərdən birinin cehiz olduğunu da deyən var: "Amma evliliyi pozmaq kimi bir məsələ deyil ki, cehiz. Həm də oğlan qızın cehizinə görəmi evlənir, yaxud da qız oğlanın evinəmi görə evlənir? Əslində deyirlər sevgi yoxdur. Bu doğrudan da belədir. Son zamanlarda pul insanların gözlərini o qədər tutub ki, sevgiyə dəyər verən yoxdur. Əsas odur sağlamlıq və bir-birini yaxşı başa düşsünlər".
 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib ki, məişət zorakılığı ilə mübarizə, ailə münaqişələri digər dövlətlərdə olduğu kimi, Azərbaycanda da aktualdır. Onun sözlərinə görə, komitəyə müraciət edənlərin əksəriyyəti hansı problem üzündən ayrıldıqlarını gizlədirlər: "Statistik məlumatlara nəzər salsaq görərik ki, boşanmaların əksəriyyəti, 12 mindən 8 mini xasiyyətin tutmaması və bir-birini başa düşməməsi səbəbindən olur. Məişət zorakılığı artıq 3-cü, 4-cü səbəb kimi göstərilir. Bizim araşdırmalara əsasən, o 8 min çərçivəsində əksəriyyəti məişət zorakılığının, ailə daxili zorakılığın qurbanlarıdır. Bu gün fiziki zorakılıqla, cinsi zorakılıqla, iqtisadi asılılıqla mübarizənin aparılması, dövlət tərəfindən ailədaxili zorakılığın qarşısının alınması sahəsində mühüm tədbirlər həyata keçirilir".
 
Psixoloq Şəbnəm Sadıqova deyir ki, son dövrlər ailə qurmağa hazırlaşan gənclərin ən çox üzləşdiyi böyük problemlərdən biri ailələrin bir-birinə  maddi tələbləridir. Bu tələblər hər şeyin önünə o qədər keçir ki, gənclər artıq evlənməkdən qorxur: "Xüsusən də bu cehiz mövzusunda. Gənclərin özlərinə buraxılsa, bəlkə də onların ehtiyacı da yoxdur bu cehizə, istəməzlər də. Ona verəcəkləri pulu daha fərqli bir şeyə xərcləyərlər. Amma ailələr o qədər tələb edirlər ki, gənclər bir-birinə olan sevgini və sayğını itirə bilirlər. Ölkədə iqtisadi baxımdan insanlar çox fərqlidir, hamı bərabər deyil. Xüsusən də bir evdən qızını alanda, toy etmək istəyəndə aradakı fərqliliklər çox yansıyır bir-birinin münasibətinə. Oğlan evi qız evindən çox böyük məbləğdə qızıllar, ya da cehiz istəyirsə və qız evi bunu çatdıra bilmirsə, kompleksə düşürlər, stress yaşayırlar, kreditə girməli olurlar və yaxud min cür yollara, vasitələrə əl atmaq istəyirlər ki, təki qızımın başı aşağı olmasın, təki onun üzü ağ olsun".
 
Şəbnəm Sadıqova bildirib ki, bu kimi problemlərin yaşanması sonradan ailə quran gənclər arasında böyük problemlərə gətirib çıxarır. Toy ərəfəsində işin sağlamlıq tərəfi unudulur, maddiyyat önə keçir, ən vacib şeylər kölgədə qalır. Beləliklə, arada yaranan problemlər evliliyin sonrakı dönəmlərində böyüməyə başlayır: "İşimlə bağlı rastlaşdığım xanımların çoxu elə toydan sonra əri ilə münasibətlərində soyuyan xanımlardır. Həkimə müraciət edirlər ki, uşaqları olmur, ərini yaxın buraxmır, münasibətlər soyuqdur. Araşdırdığımız zaman ən birinci səbəb maddiyyata dayanır. Sənin ailən məndən bunları istəyirdi, sənin ailən bunlara görə məni incitmişdir. Beləliklə, evlilik davam etsə belə, xanımlar ərlərini cəzalandırırlar o münasibətlərlə. Artıq qapanırlar özlərinə, sağlamlıqlarına fikir verməməyə başlayırlar, özlərini dəyərsiz hiss edirlər. Məsələn, bir pərdə qədərmi və ya bir qızıl qədərmi dəyərim yox idi. Dəyərsizlik hissi güclənir ki, bu artıq insanda özünə qapanma və dediyim kimi, dərin depressiya intihara qədər apara bilir. Maddiyyat təbii ki, önəmlidir yeni qurulan ailə üçün, amma cer-cehiz maddiyyat məsələsinə daxil olmamalıdır".
 
Psixoloqun fikrincə, yaxşı olardı valideynlər ki, övladlarını evləndirərkən mümkün qədər onların sağlamlığına, bir-birinə olan hörmətinə diqqət etsinlər.

Videonu izləmək üçün şəklə klikləyin: