Kissincer Rusiyada: dünyanın yeni nizamı necə olmalıdır?

Day.Az представляет новость на азербайджанском языке

Bir zamanlar yalnız Amerikanın deyil, bütövlükdə dünyanın siyasi həyatında böyük rol oynamış əfsanəvi Henri Kissincerin ömrünün ahıl çağında Rusiyaya baş çəkməsi müxtəlif dairələrin marağına səbəb oldu. ABŞ diplomatiyasının patriarxı sayılan bu insanın prezident Vladimir Putinlə görüşünü və Qorçakov Fondunda çıxışını mütəxəssislər təhlil edirlər. Adıçəkilən fonddakı nitqində o, xeyli nəzəri və praktiki əhəmiyyətli tezislər irəli sürdü. H.Kissincer dünya siyasəti üçün aktual olan məsələlər qaldırdı, onlara birgə cavab axtarılması zərurətindən bəhs etdi, eyni zamanda, "soyuq müharibə" illərində ABŞ-SSRİ münasibətlərinin nəzəri təhlilini də verdi. Onun şəxsi təcrübəsi fikirlərinə xüsusi çalarlar gətirdi. Məşhur strateqin bu kimi məqamlarla bağlı olan tezisləri üzərində dayanmağa ehtiyac görürük.

Keçmiş təcrübə və indiki reallıq: əlaqə varmı?

Amerika siyasətinin patriarxlarından olan Henri Kissincerin Rusiyaya səfəri ciddi diplomatik hadisə kimi təqdim edilir. 93 yaşlı strateq konkret vəzifə tutmasa da, onun qlobal siyasətə təsiri inkar edilmir, hətta onun bu sahədə prinsipial dəyişikliklər edə biləcəyinə də inanırlar. Analitik və ekspertlər də məhz həmin çərçivədə H.Kissincerin Qorçakov Fondundakı nitqinə və Vladimir Putinlə görüşünə qiymət verməyə çalışırlar (bax: Сергей Стельмах. Почему Киссинджер встречался с Путиным? / "Крым.Реалии", 4 fevral 2016).

Bu zaman H.Kissincerin siyasətçi kimi fəaliyyətinin bir fraqmentinə diqqət yetirilir. Ekspertlər keçən əsrin 70-ci illərində onun ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri və dövlət katibi kimi Amerika-SSRİ-Çin xəttində məharətli diplomatik gedişlərini xatırladaraq məhz onun səyləri nəticəsində Moskva ilə Pekinin yaxınlaşa bilmədiyini və Kremlin sonda Vaşinqtonun ssenarisinə uyğun müqavilələr imzaladığını vurğulayırlar. İki ölkə arasında gərginliyin azalmasına təkan verən həmin müqavilələr, eyni zamanda, SSRİ-nin süqutuna da yol açdı.

Bunları nəzər alaraq, ekspertləri H.Kissincerin yaşının bu çağında yenidən diplomatiya meydanına atılmasının arxasında hansı məqamların dayandığı maraqlandırır? Növbəti dəfə Amerika Rusiyaya qarşı diplomatik hiyləgərlik işlətmir ki? Cavablar fərqlidir, lakin əsas məqam ondan ibarətdir ki, dünyanın iki böyük dövləti arasındakı münasibətlərin nizama salınmasına ciddi ehtiyac duyulur.

Realpolitik nəzəriyyəsinin "atası" da həmin cəhətə həm Qorçakov Fondundakı çıxışında, həm də "The National Interest" jurnalı üçün yazdığı məqalədə xüsusi vurğu edib (bax: Выступление Генри Киссинджера на открытии Центра внешнеполитического сотрудничества имени Е.М. Примакова / "Gorchakovfund.ru", 4 fevral 2016; Kissingerchr("39")s Vision for U.S.-Russia Relations / "Nationalinterest.org", 4 fevral 2016).

ABŞ-ın keçmiş dövlət katibi yazır ki, Amerika ilə Rusiya arasındakı münasibətlər "soyuq müharibə" dövründəkindən də xeyli pisdir. Moskva ilə Vaşinqton arasında qarşıdurma yeni səviyyəyə qalxıb və çətin ki, dünya nizamı məsələsində səmərəli əməkdaşlıq etsinlər (bax: Kissingerchr("39")s Vision for U.S.-Russia Relations / "Nationalinterest.org", 4 fevral 2016).

Buna baxmayaraq, bu iki böyük dövlətin əməkdaşlıqdan başqa çıxış yolları yoxdur. Onlar iki məsələdə ortaq məxrəcə gəlməlidirlər: birincisi, "yeni dünya nizamının formalaşdırılmasında rollarını müəyyənləşdirməli", ikincisi, "bu məsələyə yanaşmada konsepsiyalarını razılaşdırmalıdırlar" (bax: əvvəlki mənbəyə). Əlavə olaraq, hər iki tərəf çox mühüm bir reallığı - "dünyanın misli görünməmiş dərəcədə qeyri-stabil olduğunu" da qəbul etməlidir. Təklikdə heç kim bu məsələni həll edə bilməz. Birgə hərəkət etmək lazımdır (bax: əvvəlki mənbəyə).

Strateji prinsiplər: yeni məzmun çalarları və çətinliklər

Bu səbəblərdən ABŞ və Rusiya başqa dövlətlərlə də əməkdaşlığı qurmalıdırlar. Onlar dünyanın müxtəlif regionlarındakı ciddi oyunçularla əlaqələri yeni səviyyəyə qaldırmalıdırlar. H.Kissincer Qorçakov Fondundakı nitqində bu bağlılıqda xüsusi qeyd edib ki, "mən buraya ixtilafı gücləndirmək üçün deyil, dialoq imkanlarını bəyan etməyə gəlmişəm" (bax: Выступление Генри Киссинджера на открытии Центра внешнеполитического сотрудничества имени Е.М. Примакова / "Gorchakovfund.ru", 4 fevral 2016).

Yuxarıda vurğulanan məqamlar kontekstində H.Kissincerin irəli sürdüyü tezislər olduqca maraqlıdır. Qorçakov Fondundakı çıxışı zamanı o, bir sıra ümumi-nəzəri xarakterli prinsiplər ifadə edib ki, onlar, heç şübhəsiz, geosiyasət üçün böyük əhəmiyyət daşıyır. Kissincer "soyuq müharibə" illərində dünyanı ideologiyaların toqquşması və mədəni özünüdərk fərqlərinə görə daha da güclənən silkələnmələr və xaosun təhdid etdiyini vurğulayır və bunun qarşısını almaq üçün ABŞ və SSRİ diplomatlarının birgə fəaliyyət göstərdiyini qeyd edir.

"Soyuq müharibə" başa çatdıqdan sonra isə "ən mühüm məqam tarixi təsəvvürlər arasındakı fərqlərdən ibarət oldu" (bax: əvvəlki mənbəyə). Belə ki, amerikalılar beynəlxalq münasibətlər sisteminin hüquqi normalara uyğun genişlənməsini düşünürdülər, Rusiya üçün hər şeydən əvvəl təhlükəsizlik geosiyasi və hüquqi məzmun kəsb edirdi.

Çünki əsrlər boyu bu ölkənin torpaqları şərqdən qərbə və əks istiqamətdə orduların tapdağı altında olub. Bu səbəbdən "Təhlükəsizlik sərhədi Elbadan min kilometrlərlə şərqə, Moskvaya tərəf dəyişirsə, onda Rusiyanın dünya nizamı haqqındakı təsəvvürlərində strateji komponentin meydana gəlməsi qaçılmazdır. Bizim indi əsas vəzifəmiz bu iki meyarı - geosiyasi və hüquqi elementləri vahid sistemli konsepsiyada birləşdirməkdən ibarətdir (bax: əvvəlki mənbəyə).

Etiraf olunmalıdır ki, geosiyasi-nəzəri aspektdə çox maraqlı tezislərdir. Onların analizi və praktiki tətbiqi ayrıca tədqiqat tələb edir. Lakin H.Kissincerin fikirlərindən görünür ki, problemin bu tərəfi nə ABŞ-da, nə də Rusiyada tam olaraq işlənməyib. Bəlkə həmin faktora görə məşhur diplomat Ağ Evin Rusiyanı bilən və onu anlayan mütəxəssisə ehtiyacı olduğunu xüsusi vurğulayır (bax: məs., Киссинджер: Америке нужен советник, знающий и понимающий Россию / "Вести", 6 fevral 2016).

Bundan başqa, SSRİ dağıldıqdan sonra Amerika və Rusiyada fərqli sosial-mədəni və iqtisadi proseslər vüsət aldı. ABŞ sürətlə uzunmüddətli inkişaf xəttinə çıxdığı halda, Rusiya ağır sosial-mədəni və iqtisadi tənəzzül zolağına düşdü ki, bu da hər iki dövlətin rəsmi dairələrinin fərqli strateji xətt seçməsinə səbəb oldu. Nəticədə, tərəflər arasında qarşılıqlı inamsızlıq və şübhələr gücləndi. İndi münasibətlərdə həmin özəllik əsas yerlərdən birini tutur (bax: əvvəlki mənbəyə).

Həmin məqamlara dünya siyasətində və real sosial-siyasi proseslərdə müşahidə edilən "turbulentlik" (xaotiklik, qarışıqlıq, qeyri-müəyyənlik) ayrıca məzmun verməkdədir. Hazırda həmin tendensiya bütövlükdə dünyanı əhatə etməkdədir. Bu da ABŞ və Rusiya qarşısına ciddi və həlli vacib olan geosiyasi vəzifə qoyur - strateji tərəfdaşlığı elə müstəviyə gətirmək lazımdır ki, bəşəriyyəti turbulentlik məhv etməsin. Bu məqamı H.Kissincer "yenidən mahiyyətcə fəlsəfi əsası olan problemlə üzləşmək" kimi dəyərləndirir (bax: əvvəlki mənbəyə).

Bütün bunlar geosiyasi xarakterli çoxlu sayda suallar doğurur. Məsələn, dünyanın yeni nizamı necə olmalıdır? Köhnə nizamı hansı tendensiyalar dağıdır? Rusiya və ABŞ-ın milli maraqlarına bunlar hansı təhdidləri yaradır? Biz Amerikada, Rusiyada və dünyanın digər böyük dövlətlərində yeni qlobal nizam haqqında meydana gələn fərqli mövqeləri necə bir araya gətirə bilərik? Rusiya öz milli təhlükəsizlik maraqlarını necə qoruya bilər? Rusiya ABŞ-a problem yaratmadan dünya işlərində öz layiqli yerini necə tuta bilər? (bax: əvvəlki mənbəyə).

Göründüyü kimi, kifayət qədər ümumi və dünya üçün strateji əhəmiyyəti olan suallardır. Lakin maraqlıdır ki, H.Kissincer Vaşinqton və Moskvanın bu suallara cavab verməyə hazır olmadığını da vurğulayır. Belə çıxır ki, bu iki dövlət faktiki olaraq qarşılarında duran və qlobal miqyasda strateji əhəmiyyət daşıyan problemləri həll etməyə hazır deyildir. Bu məqam dünyanın hələ uzun müddət qeyri-sabit qalması anlamına gəlmirmi? Müxtəlif regionlarda münaqişələrin həll edilməməsinin əsas səbəblərindən biri bu deyilmi? Hesab edirik ki, hər iki sualın cavabı "hə"dir. Konkret olaraq, münaqişələrin ədalətli həllinin olmaması və bir sıra dövlətlərə qarşı ikili standartlar siyasətinin yeridilməsinin kökündə dayanan başlıca faktorlardan biri məhz H.Kissincerin vurğuladığı məqamlardır. Bəşəriyyət üçün doğrudan da çox mürəkkəb vəziyyət yaranıb. Çıxış yolu isə hələlik görünmür.

Newtimes.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.