Hələb döyüşü: dünya müharibəsinin ayaq səsləri

Day.Az представляет новость на азербайджанском языке

Suriyada vəziyyət getdikcə daha dolaşıq olur. Ölkənin ikinci böyük şəhəri artıq hökumət qüvvələri tərəfindən mühasirədədir. Öz tarixi ilə tanınan bu məkanda indi bombalar fasiləsiz olaraq partlayır. On minlərlə insan öz evini tərk edib, Türkiyə sərhədinə axışır. Ekspertlər hərbi əməliyyatlarda Bəşər Əsəd ordusuna "Hizbullah", İrandan olan könüllülər, bölgədəki kürd hərbi qruplaşmaları və Rusiya aviasiyasının dəstək verdiyini vurğulayırlar. Qərb proseslərin gedişini izləyir, lakin hələlik müdaxilə etmir. Hələb uğrunda savaşın dünyanın böyük geosiyasi güclərini qarşı-qarşıya qoyması gözləniləndir. Artıq bunun ilk əlamətləri özünü göstərir. Bunlar Yaxın Şərqdəki vəziyyətə necə təsir göstərə bilər? Yeni dünya müharibəsi başlaya bilərmi? Bu kimi suallara ekspertlər cavablar axtarırlar.

Son dirəniş, yaxud yeni başlanğıc: müharibə şiddətlənir

Hazırda Hələb uğrunda gedən döyüşlərlə bağlı ekspertlərin apardığı analizlər belə bir nəticəni çıxarmağa əsas verir ki, bu müharibə Suriyada münaqişənin taleyində həlledici rol oynaya bilər Hərbi əməliyyatlar artıq şəhərin ətrafında gedir. Bəşər Əsəd ordusu "Hizbullah", İran könüllüləri və Rusiya bombardmanının yardımı ilə addım-addım irəliləyir. Lakin Hələbin tam olaraq süqutunun yaxın vaxtlarda baş verəcəyi proqnozlaşdırılmır.

Məsələn, rusiyalı müstəqil ekspert Pavel Felhenhauer hesab edir ki, "Hələbin mühasirəsi bir neçə il davam edə bilər" (bax: Антон Баев. Битва за Алеппо: что даст Асаду взятие северной столицы Сирии / "РБК", 8 fevral 2016). Onun sözlərinə görə, yalnız kənar qüvvələrin işə qarışması ilə mühasirəni aradan qaldırmaq olar. Onu deyək ki, bu kimi fikirlər Bəşər Əsəd ordusunun hərbi uğurlarına inamdan yaranır. Hələlik rəsmi Dəməşq Hələbi Türkiyə ilə birləşdirən yolu tutmaqla strateji-hərbi üstünlüyünü təmin edir. Onlara kürd hərbi qrupları və "Hizbullah" döyüşçüləri ciddi kömək göstərir.

Hazırda döyüş meydanında vəziyyət belədir: Azad Suriya Ordusu 10 min nəfər döyüşçü ilə müdafiə olunur. Əlavə olaraq müxalifət tərəfdə "Ən-Nusra Cəbhəsi"nin 2,5 min silahlısı var. Hökumət qüvvələri 20 min hərbçi ilə hücum edir. Onların ixtiyarında 100 tank və 400 zirehli maşın var. Bəşər Əsəd ordusuna 1,5 min nəfərlik ələvi qrupu və sayı dəqiq bilinməyən İran könüllüləri dəstək verir. "Hizbullah" təşkilatı isə əməliyyatlarda 2-4 minlik güclə iştirak edir (bax: əvvəlki mənbəyə).

Lakin heç kəs döyüş meydanında vəziyyətin sabit olaraq hansı tərəfə dəyişəcəyi haqqında dəqiq proqnoz verə bilmir. Çünki məsələnin geosiyasi aspekti də kifayət qədər ciddi faktordur. Problem ondadır ki, Qərb Rusiyanın dəstəyi ilə Bəşər Əsədin İŞİD-ə deyil, müxalifətin başqa qruplaşmalarına zərbə endirməsini qəbul etmir. Hətta Fransanın BMT-dəki nümayəndəsi Fransua Delatr Rusiya tərəfinə ciddi etiraz edib (bax: Сергей Строкань. В сирийской войне наступил переломный Алеппо / "Коммерсантъ", 7 fevral 2016).

Vaşinqton da bir neçə dəfə bəyan edib ki, Moskva Suriyada İSİD-ə qarşı deyil, Bəşər Əsədə müxalif olan və danışıqlarda iştirak edən üsyançı qüvvələri vurur. Bununla da Suriya cəbhəsində mürəkkəb və dolaşıq bir vəziyyət yaranır. Ekspertlərin hadisələrin gedişatı ilə bağlı fikirləri müxtəlifdir. Ancaq onların əksəriyyəti belə hesab edir ki, Bəşər Əsədin hərbi uğurları Rusiyanın tənqidini gücləndirir (bax: əvvəlki mənbəyə).

Bir sıra rusiyalı ekspertlərin fikrincə, Moskvanın dəstəyi ilə rəsmi Dəməşqin üstünlük əldə etməsi hərbi əməliyyatlar mərhələsinin ömrünü uzada bilər. Bundan başqa, ərəb ölkələrinin əksəriyyəti və Qərblə Kremlin münasibətləri daha da kəskinləşər (bax: əvvəlki mənbəyə). "Beynəlxalq Məsələlər üzrə Rusiya Şurası"nın baş direktoru Andrey Kortunovun fikrinə görə, Moskva anlamalıdır ki, Hələb alınsa belə, Suriya məsələsini həmin üsulla həll etmək mümkün deyil. Buna bənzər mövqedə professor Qriqori Kosaç durur. Onun qənaətinə görə, Rusiya mümkün fəsadları nəzərə almır. Reallıqda isə "daş qayaya rast gəlib" (bax: əvvəlki mənbəyə).

Suriya xalqı: geosiyasi ambisiyaların əsiri

Maraqlıdır ki, artıq Qərbin hakimiyyət dairələri də Kremlə öz narazılıqlarını bildirirlər. Almaniya hökumətinin təmsilçisi Şteffen Zaybert bəyan edib ki, "Rusiyanın hərbi kampaniyası münaqişənin həllinə yardım etmir". Amerika rəsmisi Coş Ernest isə deyib: "...rusların Əsədə dəstək verməsi rusların özlərinin də zəruri hesab etdiyi siyasi transformasiyalara nail olmağa mane olur" (bax: əvvəlki mənbəyə).

Təbii ki, bütün bunlara Moskvanın cavabları var. Kreml atdığı addımları Suriya danışıqlarında rəsmi Dəməşqin mövqeyini möhkəmlətmək gərəkliyi ilə izah edir. Rusiya bununla qanuni hakimiyyəti dəstəklədiyini bildirir. Bununla da faktiki olaraq regionda çox mürəkkəb bir vəziyyət yarandığını və proseslərin sonrakı taleyi haqqında konkret fikir bildirmənin riskli olduğunu qəbul etmək lazım gəlir.

Eyni zamanda, ekspertlər regionun böyük dövlətlərinin baş verənlərə reaksiyasının nəzərə alınmasını vurğulayırlar. Səudiyyə Ərəbistanı 150 minlik qoşunla Suriyaya müdaxilə edə biləcəyini bəyanlayıb. ABŞ onu dəstəkləyir. Bu prosesə Birləşmiş Ərəb Əmirlikləri və Qətər də qoşula bilər. Digər tərəfdən, Türkiyə faktoru getdikcə daha kəskin şəkildə özünü göstərməyə başlayır. Rəsmi Ankara sərhədləri yaxınlığında baş verənlərə sakit qalmayacağını bildirir.

Məsələ burasındadır ki, həm Rusiya, həm də Amerika bölgədə fəaliyyət göstərən kürd hərbi qrupları ilə əməkdaşlıq edirlər. Onlar sanki bu məsələdə yarışa giriblər. O cümlədən Kürd Fəhlə Partiyasının (PKK) Suriya üzrə qolu olan PYD-ni Vaşinqton və Moskva dəstəkləyirlər. Son olaraq ABŞ-ın rəsmi təmsilçisi Kobaniyə gedərək PYD ilə danışıqlar aparıb. Prezident Rəcəb Tayyib Ərdoğan buna kəskin reaksiya verib və Vaşinqtondan kimin tərəfində olduğunu dəqiqləşdirməyi tələb edib (bax: məs., Erdoğanchr("39")dan ABDchr("39")ye chr("39")PYDchr("39") tepkisi: Bu nasıl ortaklık? / "BBC", 10 fevral 2016). Yayılan informasiyalara görə, Amerika iqtidarı PYD-dən imtina etməyəcəyini ifadə edib.

Rusiya ilə Türkiyənin münasibətləri daha gərgindir. Kreml Türkiyənin Suriya ilə sərhədi boyu kürdlərin muxtar qurumunu yaratmağı dəstəkləyir. Bütün bunları nəzərə alaraq bəzi ekspertlər Türkiyənin Suriyaya hərbi qüvvə yeridə biləcəyini proqnozlaşdırır. Məsələn, Siyasi və Hərbi Analiz İnstitutunun direktor müavini Aleksandr Xramçixin deyir ki, "Suriya ərazisində Rusiya və Türkiyənin hərbi toqquşması mümkündür" (bax: Антон Баев. Битва за Алеппо: что даст Асаду взятие северной столицы Сирии / "РБК", 8 fevral 2016).

Bu mövqe ilə Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun əməkdaşı Qriqori Melamedov razılaşmır. O, Ankaranın diplomatiyadan istifadə edəcəyini proqnozlaşdırır. Nəhayət, başqa bir ehtimala görə, Türkiyə və Səudiyyə Ərəbistanı müxalifətə yeni silahlar verərək, onların qırıcıları vurmasına imkan yarada bilərlər. Bu da bütövlükdə regionda qarşıdurmanı yeni səviyyəyə yüksəldə bilər (bax: əvvəlki mənbəyə).

Bütün bunlar Hələb uğrunda döyüşün güclənməsinin artıq ciddi geosiyasi problemlərin meydana gəlməsinə təkan verdiyini nümayiş etdirir. Dünyanın böyük geosiyasi gücləri yeni səviyyədə öz maraqlarını müdafiə etməyə başlayırlar. Hiss olunur ki, Suriya xalqının taleyi onları az maraqlandırır. Hətta xeyli dərəcədə İŞİD də yaddan çıxmış kimi görünür. İndi Suriyada geniş yerüstü hərbi əməliyyatların aparılması haqqında daha çox danışılır.

Əgər proseslər bu istiqamətdə davam etsə, Suriyada böyük dövlətlər arasında müharibə başlaya bilər. Çox güman ki, Bəşər Əsəd Hələb uğrunda döyüşməkdən əl çəkməyəcək. Rusiya və İran da ona yardımını davam etdirəcək. Qaçqınların sayının daha da artması yalnız region dövlətlərini deyil, Qərbi də narahat edəcək. O halda Vaşinqton və Brüssel proseslərə müdaxilə edə bilər. ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri vəziyyətə müdaxilə edə bilərlər ki, bu da faktiki olaraq yeni dünya müharibəsinin başlamasından danışmağa əsas verir.

Ən azından regionun böyük dövlətləri və Rusiyanın iştirakı ilə savaş yarana bilər. Bunun Vaşinqtona sərf etdiyi aydındır. Ancaq digərlərinin onu anlamaması maraqlıdır. Yəqin ki, bu reallığı hamı dərk edir, lakin oyun elə qurulub ki, regionun heç bir dövləti kənarda qala bilmir. Bütün hallarda məsələnin ağılla həll edilməsinə ciddi ehtiyac yaranıb. Ölkələrin rəhbərləri bütün ambisiyaları kənara qoyub, danışıqlar masası arxasına otursalar, faydalı olar. Başqa variantda nəinki Suriya, bütün Avrasiya qan gölünə çevrilə bilər. Bundan həmin coğrafiyada yerləşən hansısa dövlətin qazana biləcəyinə böyük şübhəmiz var.

Newtimes.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.