Nöqsanlar aşkarlanan məşhur şirniyyat şirkətinin məhsulları satılacaq?

26 февраля 2016 10:46 комментариев

Day.Az представляет новость на азербайджанском языке

Bir neçə gün öncə "Mars" və "Snickers" şokoladlarının Amerika istehsalçısı 55 ölkədən şokoladlarını geri çağırıb. Buna səbəb Almaniyada "Snickers" şokoladlarının batonlarının içində plastik hissəciklərin aşkar olunması göstərilir.

Day.Az musavat.com-a istinadən bildirir ki, istehsalçının bəyanatında deyilir ki, şirkət müştərilərinin keyfiyyətsiz mallar almasını istəmir. 

"Mars" və "Snickers"lə yanaşı, bazardan "Milky Way", "Milky Way Miniatures" şokoladları və "Celebrations" konfetləri də çıxarılacaq. "Mars" nümayəndəsi qeyd edib ki, bütün geri çağırılmış məhsullar "Mars", "Snickers" və "Milky Way" batonları daxil, Hollandiya zavodunda istehsal olunub. 

Ötən il də "Mars" və "Snickers" şokoladları Fransada mağazalardan geri çağırılıb. Həmin məhsullarda xəstəlik törədən bakteriyalar aşkarlandığı qeyd olunurdu. Qida zəhərlənməsinə səbəb ola bilən "Bacillus subtilis" adlı bakteriya insan orqanizminə ciddi zərər vura bilər. Bu məhdudiyyət Almaniya və Hollandiya bazarlarında da tətbiq edilib. Həmçinin Hollandiyanın məhsulların keyfiyyətinə nəzarət idarəsi xəbərdarlıq edib ki, konfetlərin tərkibindəki plastik qırıntılar boğulmaya səbəb olur.

Maraqlıdır, şokoladları geri çağırılan ölkələr sırasında Azərbaycan da varmı?

Azərbaycanda mağazalarda bu şokoladlar satılırmı? İnsan səhhəti üçün təhlükəli hesab edilən "Mars", "Snickers", "Milky way" şokoladlarının son istifadə tarixi 2016-cı il iyunun 19-u və 2017-ci il yanvarın 8-dək göstərilən şokoladlar hesab olunur. Biz də bir neçə marketə baş çəkib o tarixləri əhatə edən adıçəkilən şokoladların olub-olmaması ilə maraqlandıq. Satışda kifayət qədər "Mars", "Snickers", "Milky way" şokoladları vardı. Ancaq həmin tarixlərdə şokoladlara rast gəlməsək də, ona yaxın 7 iyun 2016, 24 iyun 2016,  28 iyun 2016-cı il tarixli şokoladlara rast gəldik. 

Satıcı Emiliya Əliyevadan bu şokoladların zərərli olub-olmadığını soruşduq. O, şokoladların insan səhhəti üçün təhlükəsiz olduğunu dedi: "Adıçəkilən şokoladlar haqda olanları biz də eşitmişik. Amma bizə mağazadakı bu şokoladları yığışdırmağı heç kim göstəriş verməyib. Ona görə də satırıq, alanlar da olur".

Baş çəkdiyimiz digər mağazanın satıcısı isə alıcıların narahat olduqlarını dedi: "Alıcılar xəbəri eşidib bu şokoladların da zərərli olub-olmadığını soruşur. Bu şokoladlar zərərli şokolad partiyasından gələnlərdən deyil. Yəni tam təhlükəsizdir".

Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov təhlükəli mal anlayışının müəyyən partiyaya aid olduğunu dedi: "Əvvəlcə Azərbaycana gətirilən şokoladların həmin şokolad partiyasından olub-olmadığı müəyyənləşdirilməlidir. Demək olmaz ki, filan ölkənin bütün malları pisdir. Ümumiyyətlə, pis, təhlükəli mal anlayışı müəyyən partiya mala aid olur. Əlbəttə, istisna olunmur ki, Azərbaycana gətirilən şokoladlar həmin partiyadan olsun. Sadəcə olaraq, bu, dəqiqliyi ilə araşdırılmalıdır".

Qurum sədri ölkədə qida təhlükəsizliyi istiqamətində olan qanunlarda boşluq olduğunu da vurğuladı: "Ölkədə qida təhlükəsizliyi haqqında qanun yoxdur. Qanun olmayan, boşluq olan hər yerdə cinayət baş verir. Ümumiyyətlə, Azərbaycanda malların geri çağırılması prosedurası, bu haqda bir qanun yoxdur. Gərək belə bir prosedur həm yerli, həm də xarici istehsal mallarına aid olsun. Təsadüfi deyil ki, Azad İstehsalçılar Birliyi qida təhlükəsizliyi nişanını beş müəssisəyə şamil edəndə orada biz nəzərə alırıq ki, həmin müəssisələrin geri çağırılma prosedurası olsun. Biz o proseduradan yararlana bilirik. Yəni belə bir proseduranın olmadığı şəraitdə Azərbaycanda istisna olunmur ki, həmin partiyadan mal alına bilər. Çox təəssüflər olsun ki, "Mars" şokoladlarının Azərbaycanda nümayəndəliyi var. Bu sahədə çalışan, keyfiyyətə nəzarət edən dövlət orqanları var. Ancaq onların heç biri bir mövqe bildirmir. Bu isə çox pis cəhətdir".

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə anspress-ə açıqlamasında bildirib ki, yuxarıda qeyd edilən məhsullarla bağlı nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət daxil olmayıb. Azərbaycanda satılan "Snickers" və "Mars" şokoladları  tamamilə təhlükəsizdir. Şirkətin saytında yer alan məlumata görə, yalnız İrlandiyada istehsal olunan, etiketlərində son istifadə müddəti 19 iyun 2016-cı il və 8 yanvar 2017-ci il tarixləri göstərilən məhsullar geri çağırılıb. Azərbaycana gətirilən məhsullar İrlandiyadan gəlmədiyindən, onlarda heç bir problem yoxdur, ona görə də bu məhsullar satışdan çıxarılmayacaq. 

Bir sözlə, rəsmi qurumların verdiyi məlumatlara inansaq, Azərbaycanda satılan adıçəkilən şokoladları rahatlıqla alıb yeyə bilərik. Bu şokoladlar tam təhlükəsizdir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.