Bölgələrimiz yeni inkişaf mərhələsində

Day.Az представляет статью на азербайджанском языке.

Ölkəmiz 2004 -cü ildən təməli hələ ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin davamı olaraq Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən aparılmış və həyata keçirilmiş siyasi islahatların, regionların sürətli inkişafı istiqamətində bir çox tədbirlərin həyata keçirilməsi və nəhayət bugünkü günə qədər təsdiq edilmiş və icrası uğurla başa çatdırılmış dövlət proqramlarının nəticəsi olaraq günü-gündən inkişaf etmiş və çiçəklənmişdir. Son 12 ildə əldə olunmuş nəailiyyətləri danmaq və qeyd etməmək qeyri-mümkündür, çünki məhz bu illər ərzində qeyri-neft sektorunda müşahidə olunan müsbət dinamika, müasir tələblərə cavab verən infrastrukturun yaradılması, ən müasir və yeni texnologiyalara söykənən müəssisələrin fəaliyyətə başlaması, ölkənin maliyyə resurslarının genişləndirilməsi, sahibkarlığın dəstəklənməsi, biznes mühitinin inkişafı, iqtisadi rəqabət qabiliyyətinin yüksəlməsi, əhalinin sosial rifahının davamlı olaraq yaxşılaşdırılmasına və Azərbaycanın beynəlxalq nüfuzunun artmasına gətirib çıxartmışdır.

Yuxarıda qeyd etdiyim bütün bu müsbət göstəricilər respublikamızın ayrı-ayrı regionlarının sosial-iqtisadi inkişafında da əks olunmaqdadır.Regionların inkişafının əsas təməlində olkə başçısı İlham Əliyev tərəfindən təsdiqlənmiş və icrası uğurla başa çatdırılmış 2004-2008 ci illəri əhatə edən ilkin Dövlət proqramı durur. Elə həmin dövrdə Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz layihələrinin icrasından sonra ölkə iqtisadiyyatının daha da dirçəlməsi, güclü maliyyə axınının əldə edilməsi Azərbaycanda və onun bütün regionlarında çox mürəkkəb, genişmiqyaslı və müasir layihələrin reallaşmasına əsas verdi.

Təbii ki, bu proqramın uğurlu icrası və ölkədəki bütün müsbətyönümlü dəyişikliklər daha bir yeni proqramın ərsəyə gəlməsinə, işlənib hazırlanmısına əhəmiyyətli zəmin yaratdı və beləliklə,14 aprel 2009-cu il tarixli Fərmanı ilə ölkə başçısı İlham Əliyev regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramını təsdiq etdi. Bu proqramın əsas mahiyyəti isə ölkə iqtisadiyyatının daha da sürətli inkişafı, kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması, əhalinin rifahının davamlı olaraq yüksəldilməsinə nail olmaq idi ki, bu da öz gözlənilən nəticəsini verdi.

Qəbul edilmiş sonuncu Dövlət proqramı isə 2014-2018-ci illəri əhatə edir. Bu proqramın əsas prioritet istiqamətləri qeyri-neft sektorunun daha da sürətli inkişafı, yerli kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, yerli istehsal məhsulları ilə ölkə əhalisinin tələbatlarının tam təmin olunması, yeni istehsalat müəssisələrinin yaradılması,rabitə və informasiya texnologiyalarının tətbiqinin sürətləndirilməsi, sosial infrastrukturun yaxşılaşdırılması, eləcə də elm, təhsil, səhiyyə, mədəniyyət və idman obyektlərinin inşası, yenidənqurulmasıdır.

Sonuncu proqramın icrasının tamamlanmasına hələ bir neçə il qalmasına baxmayaraq, son 12 ildə, yəni 2004-cü ildən başlayaraq bugünə qədər qəbul olunmuş və icrası başa çatdırılmış proqramların nəticələrini ümumiləşdirsək ölkəmiz üçün əldə olunmuş çox mühüm göstəricilərlə qarşılaşarıq. Belə ki, son 12 ildə maaşlar 5 dəfə, pensiyalar 7 dəfə artırılmış, məcburu köçkünlər üçün 89 qəsəbə tikilmiş, 3000 məktəb tikilmişdir. Bu illər ərzində sahibkarlıq subyektlərinin inkişafı üçün 1,7 milyard manat güzəştli kredit ayrılıb, ölkənin müxtəlif iqtisadi sahələrinə qoyulan investisiyalarin məbləği 200 milyard dollar olmuşdur, bunun da 100 milyard dollarını xarici sərmayə təşkil edir. Bu fakt regionlarda əlverişli biznes mühitinin formalaşmasından xəbər verir.

Bu müddət ərzində inkişaf etmiş digər sahələr isə ölkə əhalisinin içməli su probleminin, elektrik enerjisi və təbii qaz təchizatının daha da yaxşılaşdırılmasıdır. Hal-hazırda bütün bölgələrimizdə ən müasir standartların tələblərinə cavab verən sosial və iqtisadi infrastruktur yaradılır. Ölkəmizin gələcəkdə bütün sahələr üzrə inkişaf etdirilməsi böyüyən nəslin rifahı, sabahı naminə regionlarımızda mühüm əhəmiyyətli, uğurlu layihələr həyata keçirilir. Təhsil, səhiyyə, mədəniyyət, idman və inzibati obyektlərin bölgələr üzrə tikintisi və əsaslı təmiri, məşğulluğun artırılması, yeni iş yerlərinin açılması,ayrı-ayrılıqda hər bir region üçün xüsusi əhəmiyyətə malikdir.

Əsas önəmli məqam ondan ibarətdir ki, yuxarıdakı qeyd etdiyim layihələrin icrası təkcə neft sektorunun hesabına yox, eləcə də qeyri-neft sektorunun bölgələrimizdəki inkişafı ilə bilavasitə bağlıdır. Bu məqamda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin cari ilin 18 yanvar tarixində iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədəki nitqindən aşağıdakı fikrini xatırtlatmaq yerinə düşərdi.

"Əlbəttə ki, indiki şəraitdə qeyri-neft sektorunun inkişafı daha da böyük prioritet olmalıdır. Mən qeyri-neft sektorunun inkişafı haqqında artıq neçə ildir ki, həm deyirəm, həm də praktiki addımlar atılır. Regionların inkişafı, regionlarda infrastrukturun, sosial infrastruktur yaradılması, yolların, qaz xətlərinin, elektrik stansiyalarının, məktəblərin, xəstəxanaların, kənd yollarının tikintisi, müəssisələrin, iş yerlərinin yaradılması - bütün bunlar son illər Azərbaycan reallıqlarını əks etdirir. Əgər vaxtilə qeyri-neft sektorunun inkişafı ilə məşğul olmasaydıq, bu gün biz ölkə daxilində olan tələbatı heç ödəyə də bilməzdik".

Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında və yuxarıda adını çəkdiyim müşavirədə bir neçə istiqamət üzrə tədbirlərin keçiriləcəyini bildirmişdir. Söhbət dinamik iqtisadi inkişafın təmin edilməsi, sosial təminat sahəsində tədbirlərin həyata keçirilməsi, bank-maliyyə sektorunun sağlamlaşdırılması,dövlət orqanlarında struktur islahatlarının, süni bahalaşmaya qarşı mübarizə tədbirlərinin görülməsi və digər bu kimi əhali üçün xüsusi əhəmiyyət kəsb edən istiqamətlərin təhlilindən gedir. "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş və cari ilin 26 yanvar tarixində keçirilən konfransda isə cənab Prezident regionların rifahı ilə bağlı məsələlər nəzərdə tutulmaqla real vəziyyəti və gələcəkdə görüləcək işləri bir daha dərindən analiz etdi və yeni vəzifələr müəyyənləşdirdi.

Bu gün dünya iqtisadiyyatında qlobal dəyişikliklərdə ölkəmizin minimum ziyanla ötüşməsini təmin etmək, maliyyə bazarında nizamı qoruyub saxlamaqla, əhalinin milli valyutaya olan güvənin bərpa edilməsi, vətəndaşların maddi durumunun yüksəldilməsi istiqamətində çoxlu sayda işlər görülür. Belə ki, manatın məzənnəsinin korreksiyasından sonra vəziyyətin sabitləşdirilməsi ilə bağlı Prezidentin tapşırığı əhalinin sosial durumuna neqativ təsir göstərən amillərin aradan qaldırılması ilə bağlı oldu. Bəzi sahibkarlar yaranmış vəziyyətdən sui-istifadə edib əlavə gəlir əldə etmək xatirinə məhsulların qiymətlərini özbaşına artırmışdılar. Lakin bir sıra müvafiq dövlət orqanlarının çevik müdaxiləsi nəticəsində bu cür halların qarşısını almaq mümkün olmuşdur. Ölkə başçısının göstərişi ilə respublikaya gətirilən taxıla, un və çörək istehsalına görə tətbiq olunan əlavə dəyər vergisi ləğv edildi ki, bu da çörəyin ucuzlaşmasına səbəb olmuşdur. Bugün regionda ən ucuz çörək Azərbaycandadır.

Eləcə də mövcüd şəraitdə digər ölkələrdən fərqli olaraq, Prezidentin sərəncamları ilə bir çox dövlət qurumların işçilərinin əmək haqları, pensiyalar, sosial müavinətlər, təqaüdlər qaldırıldı. Ölkənin bugünki vəziyyətində bu cür addımların atılması ölkə başçısı üçün əhalinin sosial rifah halının hər şeydən üstün olduğu bir daha təsdiqini tapdı. Xüsusi ilə qeyd etmək istəyirəm ki, neft və qaz ixrac edən heç bir ölkədə belə hal müşahidə olunmayıb. Azərbaycan yaxşı mənada iqtisadi çətinliklər yaşayan digər ölkələrdən üstünlüyü ilə seçildi.

Sonrakı mərhələlərdə atılan addımlar isə valyutadəyişmə məntəqələrinin fəaliyyətinin dayandırılması, valyuta alış-verişinin bankların filiallarına keçirilməsi prosesi, bir-birinin fəaliyyətini təkrarlayan qurumların ləğv olunması və yeni iş yerlərinin yaradılması oldu. Sonuncu cümləni xüsusi ilə vurğulamaq istəyirəm, çünki hal-hazırda Prezidentin tapşırığına əsasən Bakının bütün rayonlarında və xüsusi ilə də regionlarda yeni iş yerləri açılmaqdadır, yeni kənd təsərrüfatı layihələri icra olunmaqdadır. Təbii ki, bu çox sevindirici haldır. Bununla yanaşı, kənd təsərrüfatı və aqrar sektorun sürətli inkişafı paytaxtdan bölgələrə köçən əhalinin sayının artmasına səbəb olmuşdur. Son statistika bunu bizə deməyə əsas verir.

Hazırda və növbəti illərdə də kənd təsərrüfatı nazirliyin qarşısında duran əsas öhdəliklər regionlarda aqrar sahəni daha da inkişaf etdirmək, əkin sahələrini genişləndirmək, idxaldan asılılığı azaltmaq, ixracat potensialını genişləndirmək və regiondakı əhalinin məşğulluğunu artırmaqdan ibarətdir. Məlumdur ki, bu vəzifələr nəinki yeni istehsal sahələrininin yaradılmasını, ölkənin iqtisadi və ixrac potensialının daha da gücləndirilməsini özündə əks etdirir, eləcə də rayonlarda sahibkarlıq mühitin inkişafına, gəlirlərin artmasına və tədricən büdcədən dotasiyanın aradan qaldırılmasına və dövlətin maliyyə yükünün azalmasına gətirib çıxardacaqdır.

P.S. Yuxarıda qeyd etdiyim bütün reallıqları, yenilikləri və üstünlükləri nəzərə alsaq, konkret olaraq ümümiləşdirib deyə bilərik ki, 2004-cü ildən bu günə qədər icra olunan regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları bölgələrimizin iqtisadi potensialını davamlı olaraq sürətlə inkişaf etdirir, aqrar sektoru və kənd təsərrüfatını daha intensiv formada və dinamika ilə tərəqqiyə doğru dəyişdirir, kommunal xidmətlərin keyfiyyətini daha da yüksəldir, biznes mühitinin və vətəndaşların maddi durumunun daha da yaxşılaşdırılmasına səbəb olur. Beləliklə, respublikamızın strateji inkişaf hədəflərinə və müəyyən edilmiş məqsədlərə nail olunmasına əhəmiyyətli töhfəsini verən bütün bu müsbət keyfiyyətlər ölkəmizin sabahı üçün yaşıl işığa çevrilmişdir. Bütün bu yazdıqlarımı nəzərə alsaq, əminliklə deyə bilərəm ki, ötən illərdə "Azərbaycan Respublikası regionların 2014-2018 - ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı" çərçivəsində görülən və gələcəkdə görüləcək işlərin nəticəsi olaraq, əldə edilən uğurlar davamlı olacaq və daha da müsbət nəticələr verəcək. Dövlət başçısının apardığı uğurlu siyasət, həyata keçirdiyi dərin iqtisadi islahatlar və ölkədə yeni iqtisadi siyasətin formalaşdırılması doğma Azərbaycanımızın təkcə paytaxtımızda deyil, eləcə də bütün regionlarımızda əldə ediləcək davamlı uğurun təminatıdır.

Seymur Məmmədov