Ev bazarında fəallıq artıb

Day.Az представляет новость на азербайджанском языке:

Bu ilin fevral ayında əmlak bazarında ötən ayla müqayisədə fəallıq müəyyən qədər artıb.

Bu barədə Milli.Az-a açıqlamasında daşınmaz əmlak bazarı üzrə ekspert, "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

Ekspert qeyd edib ki, bu aktivlik özünü satışların həcmində göstərib: "Belə ki, ötən ay satışın həcmi çox aşağı idisə, fevral ayında alqı-satqı əməliyyatlarının sayı nisbətən artıb. Lakin qiymətlər stabil qalıb".

N.İbrahimov bunun səbəblərini izah etməkdə çətinlik çəkdiyini deyib: "Hələlik bilmirik. Bunun üçün gərək nə qədər təklif olunduğu, nə qədər və neçəyə satıldığına dair rəqəmləri dəqiqləşdirək. Eyni şey kirayə ev bazarına da aiddir. Ona görə də hələlik əmlak bazarında aparılmış monitorinqin nəticələrini təhlil edirik. Dəqiq nəticələr bir neçə gündən sonra məlum olacaq".

Qeyd edək ki, bir müddət əvvəl mütəxəssislər 2015-ci ilin dekabr devalvasiyasından sonra əmlak bazarında durğunluq yaşandığını bildirirdilər.