Elçin Quliyev Pakistanlı generalı qəbul edib

Day.Az представляет новость на азербайджанском языке

Martın 1-də Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Azərbaycanda rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Rəşad Mahmudun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Day.Az DSX-nın Mətbuat Mərkəzinə istinadən xəbər verir.

Görüşdə Azərbaycan və Pakistan arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri məmnunluq hissi ilə qeyd olunub, hərbi-texniki, təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

DSX-nın rəisi Azərbaycanın dövlət sərhədlərindəki mövcud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, bu ərazilərin qeyri-qanuni məqsədlərlə istifadə hallarının davam etdirilməsi qeyd olunmuş, qonaqlara transsərhəd cinayətkarlığına qarşı mübarizədə həyata keçirilmiş tədbirlər, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verilib.

Müzakirələr zamanı regionda cərəyan edən hadisələr, sərhəd təhlükəsizliyinə olan çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.