Çoxlarına örnək olacaq milyarder qızı

Day.Az представляет новость на азербайджанском языке

Atını çox sevən, əyləncələrdən qalmasa da, varidatı ilə qürrələnməyən və sadə davranan 19 yaşlı Aleksandra dünyanın ən gənc milyarder xanımı sayılıb.

Onun adı Forbes jurnalının "Dünyanın ən zəngin insanları" reytinqinə düşüb.

Milli.Az The Telegraph-a istinadən bildirir ki, 19 yaşlı Aleksandra Andresen Norveçin ən məşhur biznesmenlər ailələrindən birinin mənsubudur.

Aleksandranın babası 1859-cu ildə yaradılan və bir müddət sonra Norveçdə ən böyük siqaret istehsalçısına çevrilən "Ferd Holding"in banisi idi. 

Holdinqin sahibi Yohan Andresen 2007-ci ildə şirkətinin səhmlərinin 70 faizini qızı Aleksandranın adına rəsmiləşdirdiyi "Ferd" investisiya fonduna keçirib. Beləcə, 19 yaşlı Aleksandra 1,2 milyard dollarlıq varidata yiyələnib.

Aleksandra Andresen peşəkar çapardır və onun "Belamour" adlı atı da var.

Aleksandra və onun böyük bacısı, 20 yaşlı Katarina sadə, təvazökar həyat tərzləri ilə fərqlənirlər.

"Oslonun dəbdəbəli səmtlərindən olan Majorstuendəki məktəbdə oxuyanda sinif yoldaşlarım milyarder qızı olduğumu bilirdilər. Amma onlara deyəndə ki, atam mənə cibxərcliyi kimi gündə 1 dollar verir, şoka düşmüşdülər. Halbuki belə idi", - Aleksandra deyir.

A.Andresenin nişanlısı, 24 yaşlı Yoahim Tollefsen əlbəyaxa döyüş sənətləri üzrə Norveç yığmasının üzvüdür.

Onun bacısı Katarina isə internetdəki avtomobil saytından işlənmiş Audi alıb: "Axı niyə maşına yüz minlərlə avro verməliyəm ki?! Mənim Golf-um işləmirdi, lap köhnəlmişdi. Ona görə aldım maşını. Ümumiyyətlə, villalara, yaxtalara, bahalı geyimlərə, aksessuarlara, ətirlərə, telefonlara çox pul xərcləməyi axmaqlıq sayıram. 10 dollarlıq köynəklə 10 min dollarlıq köynək arasındakı fərq sadəcə, leybldirsə, mən sadəlövh deyiləm ki, aldanım və çox pul verim", - Katarina Andresen deyib.

Aleksandra da bunu təsdiqləyir: "Hə ikimiz də pulları göyə sovurmağı sevmirik. Üstəlik, atamızın qanunu var: maşın almaq istəyiriksə, mütləq işlənmiş avtomobil almalıyıq. Bahalı maşın almaq bizə qadağandır. Üstəlik, özüimüz də istəmirik. İnsan pulu ilə yox, ağlı, mənəviyyatı, xeyirxahlığı və zəhmətkeşliyi ilə fərqlənməlidir".

Aleksandranın atası Yohan Andresenin dediyinə görə, qızlarının ikisi də pullarına güvənməyən adamlardır: "Təbii, onların şirkətimizdə işləmələrini istərdim. Amma qızlarımı nəyəsə vadar etmək fikrində deyiləm. Onlar insandır, proqramlaşdırılmış robot yox. Onlara seçim imkanı vermişəm. Qızlarım yalnız övladlarım olduqlarına görə şirkətə rəhbərlik edə bilməzlər".

Katarina və Aleksandra bu yaxınlarda Aftenposten qəzetinə verdikləri müsahibələrində deyiblər ki, varidatlarını xeyriyyə işlərinə sərf etmək niyyətindədirlər.

Katarina Andresen hazırda Amsterdam Universitetinin ictimai elmlər fakültəsində oxuyur.

Hazırda Almaniyada yaşayan 19 yaşlı Aleksandra 2013-cü ildə Fransanın Kompyen şəhərində yeniyetmə çaparlar arasında keçirilən Avropa çempionatında (European Junior Riders Championships) bürünc, 2014-cü ildə İtaliyanın Aresso şəhərində keçirilmiş analoji turnirdə gümüş medal qazanıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.