Bakıda məktəb binasının damında şagirdlərin "ölüm rəqsi"

Day.Az представляет новость на азербайджанском языке

---------
16:42

Nəsimi rayonunda yerləşən 46 saylı məktəbdə baş verənlərlə bağlı direktor Sevinc Budaqova ilə əlaqə saxladıq. S.Budaqova Milli.Az-a bildirdi ki, əslində, bu şəkil uzun illər bundan əvvəl çəkilib və indiki zamanla heç bir əlaqəsi yoxdur:

"Bu şəkil bizim məktəbin binasının şəkli olsa da, amma o, böyük ehtimalla ən azı 2001-2002-ci illərdə çəkilib. Mən bu məktəbə gələndən sonra bina iki dəfə əsaslı təmir olunub. Sonuncu dəfə məktəbin binası 2014-cü ildə əsaslı təmir olunub və təmirdən sonra onun açılışında prezident İlham Əliyev şəxsən iştirak edib.

Binanın köhnə görünüşündən indi, ümumiyyətlə, əsər-əlamət qalmayıb. Bu köhnə şəkli qoymaq, ajiotaj yaratmaq kimə lazımdır? Millətin gələcəyi olan şagirdlərin təhsil aldığı ocağa qarşı bu münasibət nədir? Axı hal-hazırda belə bir şey yoxdur. Şəkildəki pəncərələr, kondisionerlər, tüstü bacaları hamısı köhnədir. İndi bizdə bunların heç biri yoxdur. Hazırda məktəbin pəncərələrində, ümumiyyətlə, kondisioner yoxdur. Bu şəkil çəkilən illərdə mən nəinki burada rəhbər vəzifədə, ümumiyyətlə, bu məktəbdə olmamışam. Vaxtilə məktəbdə şagirdlərin nəzarətdən qaçaraq belə bir intizamsızlıqlar edib-etmədiyini bilmirəm, amma bunu indiki dövrlə əlaqələndirmək düzgün deyil. Görün biz gərək nə qədər məsuliyyətsiz olaq ki, uşaq dama çıxsın, biz də bunu görməyək..."

---------
14:25

Bakıda şagirdlərin məktəb binasının üzərində görüntüləri ortaya çıxıb.

Day.Az baku.ws-ə istinadən bildirir ki, 46 nömrəli məktəbin binasının damında gəzişən şagirdlər "ölümlə rəqs" edirlər.
 
Fotodan göründüyü kimi, məktəblilər arasında qız da var. Maraqlıdır, görəsən, əsas vəzifə borclarından biri şagirdlərinin təhlükəsizliyini təmin etmək olan məktəb işçiləri dama çıxan uşaqlara niyə nəzarət etmirlər?
 
Paytaxtın mərkəzində şagirdlərin maneəsiz məktəbin damına çıxa bilməsi təhsil ocağındakı təhlükəsizliklə bağlı suallar doğurur. Xoşbəxtlikdən, dama çıxan şagirdlərlə bağlı heç bir hadisə baş verməyib. Amma bu, gələcəkdə məktəblərdə bədbəxt hadisələrin baş verməyəcəyinə əsas vermir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.