Aeroportda çanta dizaynı aləmi qarışdırdı

Day.Az представляет новость на азербайджанском языке

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları üç fakt üzrə 3448,4 qram çəkisində qızıl-zinət əşyalarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisindən çıxarılmasına cəhdin qarşısını alıblar.

Day.Az bildirir ki, Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı-İstanbul aviareysilə getmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına gələn Azərbaycan vətəndaşına məxsus baqaj tomoqraf qurğusu vasitəsilə yoxlanılarkən monitorda zərgərlik məmulatına bənzər əşyaların təsvirləri görünüb.
 
Bundan sonra həmin vətəndaş təkrar gömrük baxışı keçirilməsi üçün yoxlama otağına dəvət olunub. O, gömrük bəyannaməsinin bəndləri üzrə sorğu-sual edilsə də, gömrük əməkdaşlarına üzərində və əl yükündə mütləq bəyan olunası əşyaların olmadığını bildirib. Lakin təkrar yoxlama zamanı onun baqajının içərisindəki qadın çantasında, gömrük nəzarətindən gizlədilən, əvvəlcədən gömrük orqanına təqdim olunmayan, elektron və kağız üzərində yazılı və ya şifahi formada bəyan edilməyən 4 ədəd qızıl zəncir aşkar edilib. Ümumi çəkisi 817 qram olan bu zəncirlər həmin çantanın qulpu əvəzinə taxılmış vəziyyətdə aşkar olunub.
 
Digər bir faktla Bakı-İstanbul aviareysilə getmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına gələn Azərbaycan vətəndaşı isə boynundakı zəncirin böyüklüyü şübhə doğurduğuna görə saxlanılıb və müvafiq qaydada sorğu-sual edilib.
 
Vətəndaş üzərində mütləq bəyan olunası əşyaların olmadığını bildirsə də, şəxsi baxış məqsədilə yoxlama otağına dəvət olunarkən qeyri-səmimi şəkildə boynundakı zəncirin gah bürüncdən, gah da gümüşdən hazırlandığını söyləyib. Buna baxmayaraq, qızıldan hazırlanması şübhə doğurduğuna görə həmin zəncir hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq protokol əsasında götürülüb və ekspertizaya təqdim edilib. Sonda Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının nəticələri gömrükçülərin şübhələrini təsdiqləyib. Tədqiqata təqdim edilən predmetin çəkisi 1241,1 qram təşkil edən qızıl-zinət əşyası olduğu müəyyənləşib.
 
Bundan başqa, daha bir Azərbaycan vətəndaşı eyni üsulla qızıl-zinət əşyasını gömrük sərhədindən keçirməyə cəhd göstərib.
 
Bakı-İstanbul aviareysilə getmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına gələn həmin şəxs də boynundakı zəncirin böyüklüyü və qiymətli metaldan hazırlandığı şübhə doğurduğuna görə saxlanılıb. Şəxsi yoxlama zamanı sözügedən vətəndaş gömrük nəzarətindən keçərkən boynundakı bəyan etmədiyi zəncirin qızıldan hazırlandığını etiraf edib. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən həmin qızıl-zinət əşyasının çəkisinin 1390,3 qram olduğu müəyyən edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.