Yeni TƏXRİBATA hazır olun

13 марта 2016 08:50

Day.Az представляет новость на азербайджанском языке

Yaxın zamanlarda Azərbaycanla Ermənistan arasındakı cəbhə boyu genişmiqyaslı hərbi əməliyyatların başlanacağını düşünmürəm. Amma vəziyyətin gərginləşməsi və lokal xarakterli toqquşmaların baş verəcəyi mümkündür və düşünürəm ki, bunlar mütləq olacaq.

Bunu hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov Milli.Az-a açıqlamasında cəbhədə baş verən son hadisələri və onların mümkün inkişaf variantlarını şərh edərkən deyib.

Adətən mart ayında milli bayramımız olan Novruzla əlaqədar cəbhə xəttində hər zaman gərginlik müşahidə olunduğunu deyən hərbi ekspertin fikrincə, bu dəfə vəziyyət fərqli olacaq: "Düşünürəm ki, bu dəfə ermənilərin öz havadarları ilə birlikdə başqa məkrli planları var. Biz bu planların qarşısının alınmasına hazır olmalıyıq ki, ermənilər Ordumuzun şəxsi heyətinə zərər yetirə bilməsinlər. Sözsüz ki, onlarda qisasçılıq hissi olacaq. Ermənilərin Ağdam istiqamətində verdiyi son itkilər onları müəyyən addımlar atmağa məcbur edəcək. Amma biz yenə də çəkinmədən öz haqq işimizi davam etdirməliyik və düşmən də bunu hiss etməlidir. Ermənistan mətbuatını izləyəndə görmək olur, erməni tərəfində böyük ajiotaj və narahatlıq var. Biz onsuz da əvvəlcədən bəyan etmişik ki, onlar bizim işğal olunmuş torpaqlarımızda sakit otura bilməzlər. Çünki bu, Azərbaycanın təbii haqqıdır, BMT-nin qətnamələrində də göstərilib və bunu bütün dünya bilir. Lakin biz bu işi daha qətiyyətli addımlarla davam etdirməliyik. Amma sözsüz ki, çox ehtiyatlı olmaq şərtilə..."

Ü.Cəfərov hesab edir ki, cəbhə xəttində vəziyyətin gərginləşməsinin bir ucu Rusiyaya gedib çıxır: "Ermənistanın cinayətkar prezidenti Serj Sarqsyan son bir neçə ayda artıq neçənci dəfədir ki, təcili olaraq Rusiyaya çağırılır və hər dəfə də Moskvaya çatar-çatmaz cəbhədə vəziyyət dəyişir və başqa istiqamətə yönəlir. Onun martın 10-da Rusiya prezidenti ilə görüşdə Dağlıq Qarabağ məsələsində göstərdiyi dəstəyə görə Putinə təşəkkür etməsinin özü artıq çox mətləblərdən xəbər verir. Əslində, Dağlıq Qabarağ münaqişəsi ilə bağlı dünyanın, BMT TŞ-nin mövqeyi budur ki, ermənilər Azərbaycan torpaqlarını işğal ediblər və işğalçı ordu qeyd-şərtsiz işğal etdiyi ərazilərdən çıxmalıdır. ATƏT-in Minsk qrupunun həmsədri olan bir ölkənin prezidenti isə, yəni Putin, Sarqsyana bir kəlmə də olsun Dağlıq Qarabağda beynəlxalq hüquq və normalara hörmətlə yanaşılması ilə əlaqədar heç bir fikir söyləməyib. Əksinə, Ermənistana bundan sonra da lazım olan dəstəyin veriləcəyini bildirib. Bu isə o deməkdir ki, biz Dağlıq Qarabağ probleminin əsl memarının şimal qonşumuzun olmasını təxmin etməkdə yanılmırıq. Onlar hələ uzun müddət Dağlıq Qarabağ məsələsinin mövcud vəziyyətdə qalmasının tərəfdarıdırlar. Ona görə də Azərbaycan bu məsələdə bir qədər də prinsipiallıq nümayiş etdirməli və beynəlxalq qurumlar qarşısında münaqişənin həlli ilə bağlı konkret vaxt müəyyən edilməsini tələb etməlidir. Yəni onlar ya Dağlıq Qarabağ problemi ilə bağlı konkret nəticə əldə edəcəklər, ya da Azərbaycan bütün imkanlardan istifadə etməklə düşməni Ermənistana geri otuzduracaq. Çünki belə çox davam edə bilməz. Azərbaycan uzun müddət səbr nümayiş etdirib, amma səbrin də bir həddi var..."

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, martın 10-dan 11-nə keçən gecə cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin növbəti dəfə təxribatının qarşısı alınıb: "Düşmənin hərəkətlərinə cavab olaraq və gələcəkdə belə təxribatların qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində təmas xəttinin dərinliyindəki erməni mövqeləri darmadağın edilib. Nəticədə düşmənin təxminən 10-15 canlı qüvvəsi və hərbi texnikası məhv edilib".

Erməni KİV-lərinin yazdığına görə isə, martın 10-dan 11-nə keçən gecə Azərbaycan kəşfiyyat-təxribat qrupu cəbhə xəttini keçərək komanda mətəqələrindən birinə hücum etməyə müvəffəq olub. Qeyd edilir ki, hücum nəticəsində P-18, P-19 radiolakasiya stansiyaları və dizel generatoru məhv edilib, komanda məntəqəsi tamamən sıradan çıxarılıb, ilkin məlumata görə, ən azı 15 erməni hərbçi öldürülüb.

İlkin İzzət
Milli.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.