IV Qlobal Bakı Forumunun ölkəmiz və region üçün əhəmiyyəti nədən ibarət oldu?

13 марта 2016 17:55

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan üçün həftənin ən ağırçəkili siyasi hadisəsi IV Qlobal Bakı Forumu idi. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən və "Çoxqütblü dünyaya doğru" mövzusuna həsr olunmuş tədbirdə Azərbaycan prezidenti ilə yanaşı bir sıra ölkələrin dövlət və hökumət başçıları da iştirak edirdilər. Münaqişələrin qarşısının alınması, miqrasiya, multikulturalizm, qlobal təhlükəsizlik - forumda ən çox müzakirə edilən məsələlər bunlar idi. Bundan başqa, enerji layihələri və qlobal idarəçiliyin perspektivləri ilə bağlı məsələlər də diqqətdən kənarda qalmadı. Bunların hamısı əlbəttə ki, çox vacib məsələlərdir və sivil dünyanın daimi diqqətində olmalıdır. Amma bizim üçün əsas olan təbii ki, bu məsələlərin Azərbaycanda, Bakıda müzakirə edilməsidir. Dünya siyasi elitasının vaxtaşırı bu kimi toplantılarda bəşəriyyətin ən aktual problemlərini müzakirə etməsi yenilik deyil. Biz müntəzəm olaraq müxtəlif ölkələrdən dövlət və hökumət başçılarının, transmilli biznes rəhbərlərinin bir araya gələrək həlli vacib məsələlərin çözümü yollarını axtardıqlarını görürük. Amma adətən bu cür toplantılar inkişaf etmiş ölkələrdə, xüsusən də Avropada və ya ABŞ-da təşkil edilir. Məsələn, Roma klubu, Bilderberq klubu və başqa nüfuzlu müzakirə meydanlarında dünyanın inkişaf istiqamətləri, qarşıya çıxan təhlükələr və perspektivlərin müzakirə olunmasının artıq uzun illərə söykənən ənənəsi formalaşıb. Baxmayaraq ki, bu tip forumlarda hər hansı konkret qərar qəbul olunmur, demək olar ki, heç bir sənəd imzalanmır. Bununla belə bu debatların hansısa bir məsələyə yanaşmada, dünyanın ümumi mövqeyinin formalaşmasında böyük əhəmiyyəti var. İndi isə gözlərimiz qarşısında Bakı belə bir əhəmiyyətli fikir mübadiləsi müstəvisinə çevrilir və bu əlbəttə ki, ölkəmizin beynəlxalq nüfuzu, dünyada gedən proseslərə təsir imkanlarının artması baxımından son dərəcə vacibdir. Bütün bu məsələlər haqda Kəpəz Televiziyasının (Region TV) "Bu həftə" verilişinin qonağı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu ilə söhbət aparıb.

- IVQlobal Bakı Forumunun istər bu dəfə keçirilən toplantısı, istərsə də buna qədər baş tutan toplantıları, bu tədbirin əhəmiyyəti barədə nə demək olar?

- Bu tədbir dünən, bu gün və sabah üçün, Azərbaycan, region və dünya üçün olduqca əhəmiyyətlidir. Regionu, dünyada gedən hadisələri tədqiq etmək üçün bu çox böyük materialdır. İnsanların təhtəlşüurunda belə bir şey formalaşmışdı ki, Roma klubu deyilən bir yer var və dünyanın bütün zəkalı insanları orada toplanır, dünyaya dair qərarlar verirlər. Vaxt gələcək bu məhz Bakıda keçirilmiş IV Qlobal Bakı Forumuna aid ediləcək. Bu tədbirlər dünya, bəşəriyyət üçün faydalı tədbirlərdir. Bu tədbirlərin digər əsas məqamı isə fikirlərlə coğrafiyanın üst-üstə düşməsidir. Bu forumda bir daha sübuta yetirildi ki, dünyanın neft bazarında baş verənlərin Azərbaycanın siyasi aləminə qətiyyən aidiyyəti yoxdur. Bu kontekstdən yanaşsaq, bu tədbir yuxarıda da qeyd etdiyim kimi, Azərbaycan və dünya üçün olduqca əhəmiyyətli idi.

- Bu dəfə forumda Qarabağla bağlı bir çox bəyanatlar səsləndi və bütün bəyanatlarda ölkəmizin ərazi bütövlüyü dəstəkləndi, işğal olunmuş ərazilərin Azərbaycana qaytarılmasının vacibliyi vurğulandı. Bunun münaqişənin həllinə müsbət təsiri ola bilərmi?

- Bu tədbir keçirilən zaman bütün dünya gördü ki, Azərbaycan bu tədbiri təkcə Dağlıq Qarabağla bağlı təşkil etməyib. Bu tədbirdə iştirak edən hər kəs görür ki, biz ölkə olaraq əlimizdə olan imkanı yalnız özümüz üçün sərf etmirik. Biz öz maliyyə, intellektual, iqtisadi, siyasi resurslarımızı dünyanın problemlərinin həllinə yönəltmişik. Öz problemimizin həllini də dünya problemlərinin həlli çərçivəsində görürük. Dünyanın ümumi problemlərinə qlobal yanaşaraq çalışırıq ki, bu konteksdə Qarabağ probleminə də diqqəti artıraq. Bu tədbirlərin təşkilinin Dağlıq Qarabağ münaqişəsinin həllində bir sıra parametrlər üzrə təsiri var. İlk öncə rəy formalaşdırmaq və bu rəydən yola çıxaraq Dağlıq Qarabağ hadisələrini dünyaya çatdırmaq. Çünki müasir dövrdə bu problemdən, orada yaşanan dəhşətlərdən hələ bixəbər olanlar var.

- Forumda Cənub Qaz Dəhlizi layihəsinə də toxunulub. Təbii ki, bu ilk növbədə iqtisadi bir layihədir. Amma bütün böyük iqtisadi layihələrdə olduğu kimi bu layihəyə də ilk növbədə siyasi dəstək lazımdır. Necə bilirsiniz bu kəmərin reallaşmasında forumun müsbət rolu ola bilərmi?

- Bu forum keçirilməzdən əvvəl adıçəkilən layihəylə bağlı ölkə başçısının rəhbərliyində məşvərət şürasının toplantısı oldu. Orada ölkə başçısı bildirdi ki, Azərbaycan layihədə iştirak edən dövlətlərin hər hansı birində bu sarıdan problem yaranarsa, Azərbaycan ona da kömək edə bilər. Prezident bir daha bildirdi ki, belə layihələr geoiqtisadi layihələrdir, bu layihələr siyasiləşməməlidir. IV Qlobal Bakı Forumunun və bu kimi başqa toplantıların əsas məqsədi odur ki, biz öz kimliyimizi dünyaya göstəririk. Biz deyirik ki, baxın, görün, biz öz resurslarımızı hara xərcləyirik. Bizim siyasətimizə haradasa münaqişə, konflikt yaratmaq daxil deyil, baxmayaraq ki, öz torpaqlarımız işğal edilib. Bu mesajları ölkə prezidenti IV Qlobal Bakı Forumuna da gətirdi. Bir daha məlum oldu ki, Azərbaycan dünyanın barış məntəqələrindən biri olmalıdır. Bundan başqa forumda bir daha sübut olundu ki, Cənub Qaz Dəhlizi üçün əvvəllər ayrı-ayrı mənbələrdə təhlükəli hesab edilən Rusiya və İran kimi dövlətlərin nümayəndələrinin iştirakı bu layihənin reallaşmasına heç bir maneənin olmamasını bir daha sübuta yetirdi.

- Cənub Qaz Dəhlizinə qaz istehsalçısı olan başqa ölkələrin qoşulması ehtimalı. Bu əlbəttə ki, heç o ölkələrin özlərindən də tam asılı olan bir şey deyil və müəyyən güc mərkəzləri arasında olan mübarizənin, razılaşmaların nəticələrindən asılı olan bir şeydir. Necə bilirsiniz bu forumdakı kimi diskussiyalarla bu istiqamətdə nəyəsə nail olmaq olarmı?

- Burada bir sıra dövlətlərin adı hallanır. İran, İraq kimi dövlətlər burada öncəlik təşkil edir. İran hər zaman bildirir ki, Azərbaycan qaz infrastrukturundan həmişə istifadə edəcəyik. Bir şeyi qeyd edim ki, artıq bizim illər öncə planlaşdırdığımız və təməlini qoyduğumuz işlər biz gözlədiyimizdən də artıq bir nəticə ilə bizə uğur gətirə bilər. İranın bu gün 30 milyard, 50 milyard kub metr ölçüdə Avropaya qaz çəkilişi etməyə gücü yoxdur, geosiyasəti buna imkan vermir. İran Avropada bazarda iştirak üçün gərək öz qazını hissə-hissə çıxarsın, Avropada özünə etimad yaratsın. Bunun üçün də o əsas çıxışını Azərbaycan layihələri vasitəsilə edəcək. Yəni burada artıq İran təhlükəsi deyə bir şey yoxdur. Bakıda keçirilən IV Qlobal Bakı Forumu böyük bir məktəbdir. Mənim belə bir təklifim var ki, IV Qlobal Bakı Forumunda səslənən bütün fikirlər orijinal formada saxlanaraq kitab şəklində çap olunsun və bütün universitetlərə paylansın. Bu yolla biz gələcəkdə bu forumda səslənmiş fikirlərə istinad edə bilərik. Regionun gələcək inkişafında burada səslənən fikirlər, ortaya qoyulan tezislər elmi, siyasi anlayışlar bizim regionda gedən proseslərdə də özünü göstərəcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.