Dünyanın diqqəti növbəti dəfə Azərbaycana yönəldi

13 марта 2016 20:12

Day.Az представляет новость на азербайджанском языке:

Dünya siyasətinə təsir imkanları getdikcə artan Azərbaycanın Avratlantika coğrafi arealında sülh, tərəqqi və əməkdaşlıq paytaxtına, habelə beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrildiyi getdikcə daha qabarıq sezilir. Bu xarici siyasət strategiyası müstəqil dövlətimizin milli mənafelərinə hörmətlə yanaşan bütün beynəlxalq təşkilatlar və xarici dövlətlərlə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi müstəvisi üzərində qurulmuşdur.

Prezident İlham Əliyevin ötən 12 ildə apardığı uğurlu xarici siyasət nəticəsində ölkəmizin dünyadakı mövqeləri xeyli güclənmişdir. Bir çox beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin artıq regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildiyinin sübutudur. Bakı şəhərinin mühüm beynəlxalq tədbirlərə evsahibliyi etməsi artıq ənənə halını almışdır. Bakıda beynəlxalq tədbirlərin uğurla keçirilməsi ölkəmizin dünya miqyasında nüfuzunun yüksəldiyini bir daha sübuta yetirir. Bu günlərdə Azərbaycanın paytaxtında "Çoxqütblü dünyaya doğru" mövzusunda IV Qlobal Bakı Forumunun keçirilməsi də bunun təsdiqidir.

Albaniya, Monteneqro, Bolqarıstan, Gürcüstan prezidentlərinin də qatıldığı forumda 27 sabiq prezident və 23 sabiq baş nazir də daxil olmaqla 53 ölkədən 300-dən çox yüksək səviyyəli qonaqların iştirak etməsi Azərbaycanın tanıdılması baxımından böyük əhəmiyyət kəsb edir. Bakıda səfərdə olan tanınmış siyasi və ictimai xadimlərin dünyanı narahat edən qlobal problemləri paytaxtımızda müzakirə etmələri çox mühüm hadisə oldu. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən IV Qlobal Bakı Forumunda bu dəfə münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunması kimi mühüm məsələlər müzakirə predmeti oldu. Bundan başqa, enerji və qlobal idarəçiliyin perspektivləri ilə bağlı məsələlər də forumda geniş müzakirə edildi. Qlobal iqtisadi böhranın, milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, keçmiş və indiki dövlət başçılarını bir araya toplayan Bakı Forumu bir çox məsələlərin müzakirəsinə və vacib qərarların qəbuluna əlverişli mühit yaradır.

Dünyanın əksər regionlarında sosial, iqtisadi və siyasi problemlərin qabarıq şəkildə özünü büruzə verdiyi bir vaxtda Qlobal Bakı Forumunun keçirilməsi mühüm əhəmiyyət daşıyır. İraq və Suriya kimi dövlətlər İŞİD terrorçu qruplaşmasının zülmündən əziyyət çəkir. Terrorçuların fəaliyyəti hər iki ölkəni daha böyük fəlakətlərə düçar etməklə yanaşı, digər dövlətlərə də problemlər yaradıb. Suriyada son vaxtlar İŞİD terrorçu qruplaşmasına qarşı əməliyyatların genişlənməsi böyük humanitar fəlakətə gətirib çıxarıb. Avropa yaxın tarixinin ən böyük humanitar fəlakəti ilə üzləşib. Avropaya pənah gətirən qaçqın və köçkünlər ağır sosial şəraitdə yaşamaq məcburiyyətində qalıblar. 
Prezident İlham Əliyev IV Qlobal Bakı Forumunun açılış mərasimində bildirib: "Yaxın Şərqdə və Avropanın müəyyən yerlərindəki vəziyyət, qaçqın böhranı - bunlar son illərin reallıqlarıdır. Odur ki, IV Qlobal Bakı Forumunun əsas məqsədlərindən biri bu məsələlərin müzakirəsidir və xüsusilə də iştirakçıların səviyyəsi, onların beynəlxalq məsələlərə töhfələri, təcrübə və biliklərini nəzərə alsaq, bunların hamısı yaranmış vəziyyətdən çıxış yolunun tapılmasına yardım edə bilər.

Düşünürəm ki, hamımız vahid məqsəd - əməkdaşlıq, qarşılıqlı anlaşma, sabitlik və sülhün təşviqi ətrafında birləşmişik. Çünki biz bir-birimizlə bağlıyıq. Bəzən adama elə gələ bilər ki, televiziya vasitəsilə izlədiyimiz qorxulu hadisələr yad bir planetdə baş verir. Lakin reallıqda bu, qonşuluqda baş verir və qaçqın böhranı nümayiş etdirdi ki, biz bir-birimizlə əlaqəliyik. Hər bir əməl, addım və ya digər dövlətlərin daxili işlərinə müdaxilə mütləq həmin müdaxiləni edənlər üçün çətinliklər yaradacaqdır.

Hesab edirəm ki, bugünkü reallıqların ibrət dərsi məhz budur. Biz bir-birimizə ehtiram nümayiş etdirməli, seçimə, ərazi bütövlüyünə və gələcəklə bağlı planlara hörmətlə yanaşmalıyıq. Bunların hamısı təmasda olmaq üçün zəruridir. Çünki əsas məqsədimiz gərginliyin və mövcud təhlükələrin azaldılmasıdır".

IV Qlobal Forumda "Müasir dövrdə dünyanın vəziyyəti. Gələcəyin çətin problemlərinin həllində nəyə ehtiyac duyulur", "Suriya naminə qlobal məsuliyyət: fəaliyyət planına doğru", "Ukrayna regional təhlükəsizliyin dönüş nöqtəsi kimi" mövzularında sessiyalar keçirilmiş, həmçinin iqtisadi amillərin əhəmiyyəti və qeyri-bərabərliyi, Qərbin zəifləməsi və qlobal iqtisadi çətinliklərin ciddi nəticələri, iqlim dəyişikliyi və enerji siyasəti: neft istehsal edən ölkələrin rolu, multikulturalizm, dinlərarası dialoq və qarşılıqlı inteqrasiya kimi mühüm istiqamətlər üzrə müzakirələr aparıldı.

"Çoxqütblü dünyaya doğru" mövzusunda Qlobal Bakı Forumu siyasi, iqtisadi və humanitar sahələrdə dövrümüzün aktual məsələlərinin, dünyada baş verən mühüm hadisələr və cərəyan edən proseslərin müzakirə olunduğu mühüm platformadır. Bundan əvvəl keçirilmiş üç forum (I, II və III Qlobal Açıq Cəmiyyətlər Forumu 2013-cü, 2014-cü və 2015-ci illərdə Bakı şəhərində keçirilmişdir) mövzuların genişliyi və aktuallığı, yüksək səviyyəli təmsilçilik və tədbirdə iştirak edən nümayəndələrin fəallığı baxımından dünya ictimaiyyətinin və beynəlxalq medianın diqqətini çəkib.

Bakıda belə bir mötəbər forumun keçirilməsi Azərbaycanın tanıdılması baxımından da böyük əhəmiyyət kəsb edir. Şübhəsiz ki, forumda iştirak edən xarici dövlətlərin nümayəndələri öz ölkələrində Azərbaycan haqqında, burada gedən inkişafla bağlı geniş məlumat verəcəklər. Azərbaycan dünyada özünəməxsus milli inkişaf modeli ilə seçilən, habelə sərmayədar dövlət və qlobal böhran şəraitində belə makroiqtisadi sabitliyi təmin edən ölkə kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi altında son on iki ildə Azərbaycan bütün sahələrdə öz nümunəsini, identikliyini ortaya qoyaraq özünü dünyaya güclü, müstəqil və müasir inkişaf edən bir ölkə kimi tanıtmışdır. İqtisadi, siyasi, hüquqi, mədəni, humanitar və digər sahələrdə həlledici uğurlar qazanmış müstəqil respublikamız dünya miqyasında dinamik inkişaf edən ölkə kimi qəbul edilir. Ən müxtəlif iqtisadi mərkəzlər Azərbaycanın davamlı iqtisadi yüksəlişi timsalında XXI əsrin yeni iqtisadi fenomenini görür, "İnkişafın Azərbaycan modeli"nin mahiyyətini öyrənməyə çalışırlar.

Azərbaycanın iqtisadi qüdrəti ölkəmizə olan marağı artırır. Beynəlxalq və regional əməkdaşlıq sahəsində bundan sonra da respublikamızın aparıcı rola malik olacağı şübhə yaratmır.

Qlobal Forumun Bakıda keçirilməsi dünyanın diqqətini növbəti dəfə Azərbaycana yönəltdi. Son illər beynəlxalq tədbirlərə yüksək səviyyədə evsahibliyi edən Bakı bu dəfə Qlobal Forumun iştirakçılarını da qəbul etdi. Dünyanın tanınmış siyasi və ictimai xadimlərinin bir araya gələrək qlobal məsələləri müzakirə etmək üçün mərkəz kimi Bakını seçmələri son dərəcə mühüm əhəmiyyət kəsb edir.

"Azərbaycan" qəzeti