Qurban Qurbanov: "Düşünmək istəmirəm ki, çempion olacağıq..."

Day.Az представляет новость на азербайджанском языке.

Topaz Premyer Liqasıda 26-cı turun qarşılaşmaları davam edir.

Qafqazinfo xəbər verir ki, "Qəbələ" doğma meydanda "Qarabağ"a 1:2 hesabı ilə uduzub.

Qəbələ şəhər stadionundakı matçdan sonra "CBC"yə açıqlama verən qonaqların baş məşqçisi Qurban Qurbanov qələbəni belə şərh edib:

"Həqiqətən, vacib 3 xal qazandıq. Çox güclü rəqibə qarşı oynayırdıq. Rəqib iddiasından əl çəkmir, sona kimi mübarizə aparır. Belə komandaya qarşı, "Qəbələ"nin meydanında qalib gəlmək, əlbəttə ki, futbolçular üçün çox vacib nəticə idi. Uğur əldə etmək istəyiriksə, hər oyun qalib gəlməyə çalışmalıyıq. Futbolçular çox layiqli mübarizə apardılar, layiqli qələbə qazandılar. "Qəbələ" komandasına uğurlar arzulayıram. Ola bilər, son bir neçə oyunda elə də uğurlu nəticələri yoxdu, amma bu, elə bir komandadı ki, elə bir baş məşqçisi var ki, hər an toparlanıb, qələbə qazana bilər. Ona görə də, düşünürəm ki, vacib qələbə qazandıq. Rəqibə də "çox sağol" deyirəm ki, sona qədər mübarizə apardılar".

Təcrübəli mütəxəssis xeyli müddətli zədədən qayıdan komandanın liderlərindən Reynaldonu bu matçda meydana buraxmaması ilə bağlı buları deyib: "Açığı, belə fikrim vardı, onu imkan daxilində, oyuna buraxmaq istəyirdim. Amma bir az ehtiyat da edirdim. Düşünürəm ki, Reynaldonu növbəti oyunlarda yavaş-yavaş meydana buraxacağıq".

O, çempionluq haqqında danışmağın erkən olduğunu da vurğulayıb: "Düşünmək istəmirəm ki, çempion olacağıq. Çünki hələ qarşıda 10 oyunumuz var. "Zirə" ilə aramızda cəmi 7 xal fərq var. Ona görə, bu barədə, ümumiyyətlə, düşünmək istəmirəm. Fikrimcə, bu, futbolçulara mane olar. Sadəcə çalışırıq ki, oyunumuz daha da yaxşılaşdıraq. Çalışırıq ki, hər oyun qalib gələk".

Qurbanov Mahir Mədətovun son oyunlardakı uğurlu çıxışı, qollar vurması ilə bağlı da danışıb: "Deməzdim ki, Mahir artıq əsas heyət üzvünə çevrilib. Hər oyun bəzi dəyişikliklər olur. Rəqibə görə də heyət qururuq. Mahir öz üzərində daha çox çalışmalıdı. Çünki hələ gəncdi, çatışmayan cəhətləri çoxdu. Sabah meydanda Coşqunu görə bilərsiz, Mahiri yox. Ona görə də hələ çoxlu təcrübə lazımdı. Komanda daxilində şərait yaradırıq ki, hər bir gənc oyunçumuz təcrübə toplasın və daha yaxşı səviyyəyə çatsın".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.