Azad iqtisadi zona Azərbaycana nə verəcək?

Day.az представляет новость на азербайджанском языке:

Azərbaycanda azad iqtisadi zonaların yaradılması prosesinə start verilib. Belə ki, Prezident İlham Əliyev Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamın əsas məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, Azərbaycan Respublikasının logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi və ölkədə çoxşaxəli nəqliyyat infrastrukturunun yaradılmasıdır. 

Azad iqtisadi zonaların iqtisadiyyatımıza necə təsir edəcəyi barədə ekspertlərin rəyini aldıq. Ekspertlər hesab edir ki, azad iqtisadi zonalar investisiyaların cəlb olunması və yeni iş yerlərinin açılması baxımından çox vacibdir.

İqtisadçı alim Vüqar Bayramov qəzetimizə açıqlamasında bildirdi ki, yeni yaradılacaq iqtisadi zona daha çox nəqliyyat, logistika zonasının formalaşmasına xidmət edir. O bildirdi ki, investisiyaların cəlb olunması burada əsas hədəf olaraq nəzərdə tutulub: "Belə bir iqtisadi zonanın yaradılmasının üstünlüyü ondan ibarətdir ki, Azərbaycan tranzit ölkə olaraq öz imkanlarını genişləndirə biləcək və ölkə ərazisinə daha çox yükdaşımalara nail olacaq. Son dövrlər Azərbaycan ərazisində malların Avropadan və Türkiyədən Asiyaya aparılmasına olan marağın artmasını nəzərə alaraq yeni iqtisadi zonanın yaradılması Azərbaycanın imkanlarını genişləndirəcək. Yeni iqtisadi zona, həmçinin dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına da səbəb olacaq. Qeyd edim ki, bu addım eləcə də məşğulluğun inkişafına müəyyən mənada yüksək təsir göstərəcək. Çünki yeni investisiyaların cəlb olunması yeni iş yerlərinin yaranması deməkdir".

V.Bayramov qeyd etdi ki, sözügedən zona digər sektorlarda aktivliyin artmasına münbit şərait yaratmış olacaq: "İnvestisiyalar həyata keçirildikdən sonra yerli xammala ehtiyac yaranacaq. Bundan başqa, yeni iqtisadi zona imkan verəcək ki, iqtisadçı kadrların işlə təmin olunması həyata keçirilsin. Bu aspektdən yanaşsaq, bu çox mühüm məsələdir. Azad iqtisadi zonalar, həmçinin ehtiyatda olan məhsulların bir qisminin daxili bazara çıxarılmasına geniş imkan yaradacaq. Bu da sözsüz ki, öz növbəsində idxaldan asılılığın aradan qaldırılması və yerli məhsulun bazara çıxarılması baxımından çox vacibdir. Sözügedən zona ümumilikdə Azərbaycan iqtisadiyyatının inkişafına böyük müsbət təsir göstərəcək. Belə zonalar xüsusilə regionlarda yaradılsa, daha yaxşı olar. Çünki bu, dövlət gəlirlərinin artırması baxımından çox vacibdir. Qeyd etmək lazımdır ki, iqtisadi zonaların yaradılması üçün spesifik potensiala ehtiyac yoxdur. Burada söhbət güzəştlərin tətbiq olunmasından gedir. İnfrastrukturumuz və mövcud şərait imkan verir ki, Azərbaycanda belə iqtisadi zonaların yaradılmasına nail olunsun".

İqtisadçı ekspert Pərviz Heydərov sözügedən zonalar haqqında "Kaspi"yə danışdı. O, vurğuladı ki, burada əsas məqsəd ölkəni tranzit mərkəzə çevirməkdir: "Ölkəmizin nəqliyyat infrastrukturunun genişləndirilməsi və beynəlxalq standartlar səviyyəsinədək inkişaf etdirilməsi sahəsində son illər ərzində görülən işlərdə əsas məqsəd regional tranzit mərkəzinə çevrilməkdir. Bu istiqamətdə Ələt qəsəbəsində yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı "zəncirin mərkəzi həlqəsini" təşkil edir. Bu liman bütün daşımaların ortaq nöqtəsini - mərkəzini təşkil etməlidir. Burada azad iqtisadi zonanın yaradılması isə bu işi daha da sürətləndirə bilər. Bu baxımdan, İlham Əliyevin imzaladığı bu sərəncam olduqca böyük əhəmiyyətə malikdir".

P.Heydərov bildirdi ki, sözügedən məsələ kompleks tədbirlər planı işləyib həyata keçirməyi tələb edir: "Bu, asan və qısa müddətə müvafiq nəticələrə nail olunası bir iş deyil. Təsadüfi deyil ki, Sərəncamla İqtisadiyyat Nazirliyi və "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətinə tapşırılıb ki, birlikdə altı ay müddət ərzində limanın ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı təklifləri müvafiq məlumatlarla birlikdə dövlət başçısına təqdim etsinlər. Məqsədə çatmaq üçün qanunvericilikdən başlamış, beynəlxalq təcrübənin tətbiqinə qədər uzun bir yol keçilməlidir. Hesab edirəm ki, bütün işlər keyfiyyətlə və vaxtında görülərsə, ölkəmiz artıq növbəti illərdən start götürərək bunun səmərəsini görməyə başlayacaq".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarıq komitəsinin üzvü, millət vəkili Tahir Mirkişili qəzetimizə açıqlamasında bildirdi ki, adıçəkilən layihə Azərbaycanın strateji dəyərini artıracaq: "Dünyanın 2 ən böyük nəqliyyat layihəsinin Azərbaycandan keçərək reallaşması regionun bütünlükdə strateji dəyərini artırmaqdadır. Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizi hər iki istiqamətdə iqtisadi əlaqələrin daha da artırılmasına xidmət etməklə yanaşı, ölkəmizin də əlavə dəyər yaratması imkanlarını artıracaq. Bu layihələr, həmçinin Xəzər dənizinin iqtisadi əhəmiyyətini artırır. Bakı beynəlxalq dəniz limanında azad iqtisadi zonanın yaradılması ilə bağlı cənab Prezidentin qərarı Azərbaycanın beynəlxalq iqtisadi mübadilədən maksimum faydalanmaqla bu prosesi daha da əlverişli etməyə, bu əlaqələrə əlavə dəyər verməyə və ölkəmizin iqtisadi inkişafı naminə müasir iqtisadi alətlərdən istifadə olunmasına xidmət edəcək".

"Kaspi"