Azərbaycanda belə toy olmamışdı - FOTO

21 марта 2016 13:43 комментариев

Day.Az представляет новость на азербайджанском языке.

Qusarda şəhid qardaşının toyunda yeni toy ənənəsinin təməli qoyulub.

Milli.Az anspress-ə istinadən bildirir ki, şəhid Bəhruz Ağaverdiyev adına Qusar şəhər 1 saylı orta məktəbinin rəhbərliyi Novruz bayramı ərəfəsində savab bir işə imza atıb.

Kollektiv də direktor Arif Xəlilovun bu təşəbbüsünü həvəslə dəstəkləyib. Söhbət məktəbin 2 sevgili işçisini qovuşdurmaq kimi xeyirxah bir əməldən gedir. Məktəbin ingilis dili müəllimi Diana Səmədova ilə texniki işçi Rusif Haçımuradovun evlənmələrinə dəstək olmaq kimi savab ilkə qol qoymaq 2 gənci bir birinə qovuşdurdu. Novruz bayramı günlərində - ləzgilərin dili ilə deyilsə, Yaran Suvarda cütlüyün toyu baş tutdu.

Rusif Hacımuradov Qarabağ döyüşlərində - Murovdağda şəhid olmuş Ramiddin Hacımuradovun qardaşıdır. Ailə Ramiddini itirəndən sonra anası Nailə də dünyasını dəyişib. Rusif ailə qurmaq istəsə də, atasının imkansız olması buna imkan verməyib. Nəhayət, işlədiyi məktəbin kollektivi onun bu arzusunu reallasdırdı.

130 yaşı olan 1 saylı Azərbaycan dilli orta məktəb Qusarda ən nüfuzlu orta təhsil ocaqlarından biridir. Məktəb ölkə məktəbləri sırasında uğurlarına görə Prezident Mükafatına layiq görülmüş 50 məktəbdən biridir və buna görə 10 min manat alıb. Lakin bəylə gəlinin toyu sırf məktəb kollektivinin öz imkanları hesabına gerçəkləşib.   

Toy şənliyinə bəyi evdən götürüb qız evinə yollanılmasından başlanıldı. Qız  evində bir qədər ləngiməli olduq. Adətdir axı, ata evini qızlar tərk edərkən həm kövrək olurlar, həm də vaxt qazanmaq istəyirlər. Nəhayət, müqəddəs Quranın altından keçirilən Diana xanım ata evindən çıxarıldı.

Gəlinin anası kövrəlib danışa bilməsə də atası, Kamal müəllim qızına arzularını belə açıqladı: "Novruz bayramı münasibətilə hamını təbrik edirəm, 2-cisi də  bu balamız getsin, xoşbəxt olsun".

Anası Diananı arxasınca su atdı. Bu yerdə gözəl bir ənənənin təməli qoyuldu. Bəylə gəlin ilk olaraq yollarını Şəhidlər Xiyabanından saldılar. Rusif Hacımuradov və Diana Səmədova şəhid Ramiddin Hacımuradovun məzarını ziyarət etdilər. Bəylə gəlin Qusarın bütün şəhidlərini də ziyarət ediblər. Onlar daha sonra Qusar şəhərinin ən uca yerindəki Azərbaycan Bayrağı meydanını da ziyarət ediblər.

Rusif bəylə Diana xanımın toyu Qusar şəhərindəki şadlıq saraylarının birində baş tutub. Toy başladığı dəqiqədən coşğunluğu ilə diqqəti cəlb eləyib, Novruz ərəfəsində evlənən cütlüyə hər kəs xəşbəxtlik arzulayıb, qonaqların ürəyi dolu olub, onlar Qusarda bu ənənənin davamlı olmasını arzu ediblər. Qonaq Zərbəli Zərbəliyev deyib: "Belə bir ənənə Qusarda davam eləsin, Arif müəllim bu günki toyun səbəbkarıdırsa, gələcəkdə məsəlçün, səbəbkarısa başqa bir qardaş olsun, başqa bir xanım olsun".

Bəylə gəlinin çalışdığı məktəb kollektivi adından söz demək isə tərbiyə işləri üzrə direktor müavini Roza Əlibabayevaya həvalə edilib: "Bunların ulduzlarının barışmasının səbəbi bizdən oldu. Məktəb rəhbərliyi, Arif müəllim, biz gördük ki, bu iki cavanın bir-birinə meylləri var, amma çəkinirlər. Bir az maddi sıxıntıları var. Biz ona görə, bu iki gəncə söz verdik ki, kollektiv qarşısında heç nədən çəkinməyin, qorxmayın, məktəb müəllimlərinin köməyilə biz həmişə arxanızda duracağıq". Oğlunu evləndirməyə maddi gücü çatmayan şəhid atası Meyvəddin Hacımuradov da ürək sözlərini deyib: "İmkanım yox idi, Allah xoşbəxt eləsin, yarıyandan olsun".

Şadlıq sarayının rəhbəri Həlimə Əliverdiyeva obyektini təmənnasız olaraq bu cavanların toyuna ayırmağından həm məmnun, həm də şad olub: "Allah bəylə gəlini xoşbəxt eləsin, arzuları çin olsun".

Toy ola, rəqs olmaya?.. Özü də ləzgi toyu. Qonaqlar ləzginkadan tutmuş bütün havalara şıdırğı rəqs edirdi.

Ömürlərinin ən şad gününü yaşayan, həm də Novruzu qarşılayan cütlüyün də ürəyi dolu idi. Bəy Rusif Hacımuradov deyib: "Çox sağ olun, minnətdaram. Allah razı olsun kömək eləyən insanlardan, çox saq olsunlar". Gəlin Diana Səmədova isə hər kəsə çox təşəkkür eləyib: "Əziyyət çəkən hər kəsə çox sağ ol deyirəm. Axır ki, razılıq verdim. Xoşbəxtəm ki, bu, Novruz  bayramında baş verdi".

6 saata yaxın davam edən toy  bəylə gəlini Şəhidlər Xiyabanını ziyarət edən toy kimi tarixə düşdü Qusarda. Arzu edək ki, bu ənənə və imkansız gənclərə toy dəstəyi ənənəsi Qusarda həmişə yaşasın. Gözəl Novruz günündə bəylə gəlinimizə bir daha xoşbəxt həyat arzulayırıq!

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.