"Axı mənim atam gülməli deyil..."

22 марта 2016 11:30 комментариев

Day.Az представляет новость на азербайджанском языке

Oğruların belə, "qorxduğu" Zülümov - "Köhnə ev"in sakini

Day.Az bildirir ki, modern.az saytı "Köhnə ev" adlı layihəsini davam etdirir.

Bu dəfə qonaq getdiyimiz ünvan xalq artisti, oynadığı komik obrazlarla tamaşaçı yaddaşında dərin iz buraxan görkəmli aktyor Lütfəli Abdullayevin evi oldu.

Vaxtilə aktyorun yaşadığı mənzildə indi qızları və nəvələri yaşayırlar. Bizi mərhum aktyorun böyük qızı Xurşudxanım Abdullayeva qarşıladı, söhbətimizi də əsasən onunla etdik.

Milyonlarla insanı güldürən "Zülümov" evdə kim idi?

Xurşudxanımla danışdıqca, həyatın necə də qəribə olduğunun bir daha fərqinə varırdım. Çünki yaddaşımızda Məhəmməd, Zülümov kimi məşhur rollarla qalan, ətrafına gülüş saçan aktyor, sən demə, ailədə tamam fərqli bir insan olub.  

"Onun səhnə həyatı bir yana, real həyatı tamam ayrı idi. Evdə çox ciddi, üzü gülməyən bir insan idi. Mən uşaq olarkən atamla harayasa çıxanda gəlib evdə ağlayırdım. Başa düşə bilmirdim ki, nə üçün hamı atama baxıb gülür. Fikirləşirdim ki, axı mənim atam gülməli deyil. Ona görə ki, biz atamızı evdə tamam başqa, ciddi bir insan kimi tanıyırdıq. Maraqlıdır ki, oxumağı belə, bacaran atamı kinodan başqa heç yerdə oynayan görmədim. 
Mənim anam Əhməd bəy Pepinovun qızı, Həsən bəy Ağayevin nəvəsi idi. Anamın nənəsi isə tatar knyaginyası idi. O, çox mədəni, ensiklopedik biliyə malik olan bir insan və alman dili mütəxəssisiydi. Sözümün canı odur ki, anamı görsəydiniz, onda anlayardınız ki, o qadının yanında elə atam kimi ciddi adam olmalı idi. 
Lütfəli Abdullayev çox ciddi, müdrik bir insan olub. Dərin savadı olmasa da, onun zəngin daxili aləmi var idi".  

Xurşudxanım danışdıqca, Lütfəli Abdullayevin xarakterini təsəvvür etməyə çalışırdım. 

"Mən onu əsəbləşən görməmişəm, amma hökmlü insan idi. Di gəl ki, evdən kənarda elementar bir kəlmə deyən kimi camaat gülməkdən qırılırdı. Bir xüsusiyyəti də o idi ki, istənilən vəziyyətdə hazırcavab olurdu. Səhnədəki tərəf-müqabillərindən yalnız Nəsibə Zeynalova ona söz çatdıra bilirdi. Yadımdadır, "Hicran" tamaşasının premyerasında onlar mətndən elə kənara çıxırdılar ki, Sabit Rəhman deyirdi "Lütfəli, sən təkrarlaya bilərsənmi, mən o ifadəni mətnə daxil edim". Biz onu evdə heç vaxt rola hazırlaşan görməmişdik. Onun güclü yaddaşı vardı. Məşqlər zamanı mətni bir dəfə oxuyar, onunla da yadında saxlayıb səhnəyə çıxardı. Daha yazsın, evdə məşq etsin, biz belə bir şey görmürdük. Eyni zamanda, o məktəbi əski əlifba ilə qurtardığına görə nə latın, nə də kiril əlifbası ilə yazırdı. Yalnız köhnə ərəb əlifbasını bilirdi. Bu səbəbdən indi biz onun dəftərlərini oxuya bilmirik".

"Oğru atamın şəklini görüb portmanatımı geri qaytardı"

"Elə insanlar var ki, heç atamı görməyiblər, onun ölümündən sonra doğulublar. Amma biləndə ki, mən onun qızıyam, hamı mənə qapı açır. Hər aktyorun övladı bu hörməti görmür. Yadımdadır, 1992-ci ildə İngiltərədə oxuyarkən oradan özümə çox bahalı portmanat almışdım. Azərbaycana gələndə bir gün bazarda onu oğurladılar. İki gün keçəndən sonra evimizə zəng gəldi. Zəng edən dedi ki, bazar müdiridir. "Gəlin, itən portmanatınızı aparın". Sən demə, oğru açıb görüb ki, içərisində atamın şəkli var, onu qoyub "Təzə bazar"ın qapısı önündə. Özü ora qoyub ki, kimsə onu qaytarsın. Bu günə kimi həmin portmanatı saxlayırıq. O zaman təsəvvür edin ki, atamın ölümündən 19 il ötmüşdü. Bundan da böyük bir hörmət olarmı!?".

Aktyorun qızı söhbətə davam edir: 

"Bizdə hər gün süfrə açılardı. Çünki onun evdə ən sevimli məşğuliyyəti qonaq qəbul etmək idi. Hələ yadıma gəlmir ki, bir gün evə tək gəlsin, ən azı 5-6 nəfər adamla evə gələrdi. Bir məsələni də deyim ki, o, anamı ev işindən azad etmişdi. Bizim ayrıca dayəmiz, ev işlərini görən köməkçimiz olub. Yalnız mətbəxə atam heç kimi buraxmırdı və deyirdi ki, yeməyi anam bişirsin. Bütün günü qazan asılardı, qonaq qəbul olunardı. Bir dəfə gecə saat 3-də qapı döyüldü, atam qapını açıb, sonra da gəlib anamı yuxudan oyatdı ki, tez dur, qonağımız var. Gecə 4-5 nəfər üçün süfrə açırdı. Atam dedi ki, qonaqlarımızın xəstəsi var, sabah nazirin yanına gedib xəstəni başqa ölkəyə aparmaq üçün kağız alacaq. Səhəri atam kağızı aldı və qonaqları Moskvaya gedən qatara mindirib, geri qayıtdı. Qonaqlar gedəndən sonra anam soruşdu ki, ay Lütfəli, indi məni başa sal görüm, bu qonaqlar kim idi? Dedi ki, "heç özüm də bilmirəm. Gəldilər, xahiş etdilər ki, bizə kömək et, mən də etdim"...
Atam aş, qutab, xaş yeməklərini çox sevirdi. Xaşı özü bişirərdi. Heç kimə etibar etmirdi. Qonşularla da yaxşı münasibət saxlamağı bacarırdı. Bizim evdə nə bişdi, onlarla bölüşürdük. Ümumiyyətlə, bizim evdə qapı bağlandı söhbəti yox idi. Maraqlı burasıdır ki, atamla Nəsibə xanımın dostluğu elə səhnədə də qalırdı. Çünki Nəsibə xanımı bizim evə gələn görməmişik".

"Anam 30 il atamın yasını saxladı"

"Anamla atam köhnə mədəniyyətə malik insanlar idi. Mən böyüyəndən sonra anamdan soruşdum ki, sizin heç atamla aranızda narazılıq olurdumu? Uşaq vaxtı biz bunu görməmişdik. Anam təəccüblə dedi ki, necə ola bilər ki, bizim narazılığımızı uşaqlar görsünlər. Deyirdi ki, "Lütfəli mənim atamdır, qardaşımdır, dostumdur, sonra ərim". Atam rəhmətə gedəndən sonra da anam 30 il müddətində bir dəfə də olsun məclisə çıxmadı. Getdiyi yerlər yalnız iş və ev oldu. Mən sonradan başa düşdüm ki, o atamın yasını ömrünün axırına qədər saxlayıb. 
Anam danışırdı ki, bir həftə atam onunla danışmayıb. Səbəb isə bu imiş ki, sən demə, anam bir gün mağazadan gedib çörək alıb. Atam hirslənib, ona deyib ki, sən məni biabır elədin. Deyib niyə? Çünki deyəcəklər, "Lütfəlinin arvadını əlində torba gördük"... 
Biz bir dəfə də olsun anamı süpürgəylə görmədik. Atam onu əsl xanım kimi yaşadırdı. Ayaqqabı almaq istəyirdisə, atam gedib qarşısına 10 cüt qoyurdu ki, hansını istəyirsən, seç. Onlar 18 il bir yerdə yaşayıblar. Amma rahat ömür sürüblər".

"Özüm də bu günə qədər ata həsrətiylə yaşayıram"

"Onun rolları içərisində "Arşın mal alan" filmindəki Vəli roluna çox rahatlıqla baxıram. Çünki mən onu elə arıq görməmişəm. Yəni o filmə baxanda ağlamıram, ürəyim qısılmır. Qalan filmlərinə baxa bilmirəm. 
O özünü xoşbəxt hesab edirdi. Deyirdi ki, mən işə ürəklə qaçıram, ürəklə evə gəlirəm. Sevdiyi işi və sevdiyi qadını əldə etməyə nail olmuşdu. Anamı düz 15 il ona verməyiblər. Hətta anamın nənəsi rəhmətə gedəndə "mənim həyatda bir səhvim var ki, bu dünyada Lütfəlini vaxtında tanımamışam" deyib". 

Qızının dediyi kimi, Lütfəli Abdullayev düz 15 illik üzüntü və çırpıntılardan sonra sevdiyi qıza - Sevda xanıma qovuşub. Onda aktyorun 44 yaşı olub. Onun uzun müddət sevgisi uğuruna mübarizə apardığı xanım da sıradan bri ailənin qızı olmayıb. Sevda xanım Cümhuriyyət qurucularından olan Həsən bəy Ağayevin nəvəsi və ilk demokratik hökumətimizin əmək naziri olmuş Əhməd bəy Pepinovun qızıdır.

Lütfəli Abdullayev ona müharibənin qızğın vaxtlarında -1943-cü ildə kim olduğunu bilmədən - bir baxışla vurulubmuş. 15 il ərzində dəfələrlə elçi göndərsə də, "yox" cavabı alıb. Bu işə mane olansa, yuxarıda qeyd etdiyimiz kimi, Sevda xanımın nənəsi, Həsən bəy Ağayevin həyat yoldaşı Xədicə xanım imiş... Amma axırda Lütfəli Abdullayev deyən olur, qızı ona verirlər...

"Atamın arzusu"

"Mən məktəbə gedəndə atam sənədlərimi rus sektoruna verdi. Anama dedi ki, "ana dillərini necə olsa da, öyrənəcəklər, amma mən rus dilini bilmədiyim üçün Moskva teatrında çıxış edə bilmədim. Qoy heç olmasa uşaqlarım bilsin". Rus teatrlarında çıxış etmək onun arzularından biri idi".

Oğurlanan barelyef

Səhnədəki səmimiyyəti və hədsiz inamı ilə seçilən, xalqın bütün zümrələrinin sevimli aktyorlarından olan "Gülüş kralı" Lütfəli Abdullayev 1973-cü il dekabrın 9-da Bakıda 59 yaşında vəfat edib. Məzarı İkinci Fəxri xiyabandadır. Bakıda adına küçə və yaşadığı evin önündə barelyefi var.
Bu barelyef "Köhnə ev"in qarşısından bir dəfə oğurlanmışdı... Sonradan ikinci dəfə onu düzəldib "Köhnə ev"ə vurdular...

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.