Jirinovskidən yeni TƏKLİF

23 марта 2016 10:40

Day.Az представляет новость на азербайджанском языке

Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski 1954-cü ildən 1991-ci ilə qədər fəaliyyət göstərmiş SSRİ Dövlət Təhlükəsizliyi Komitəsini (DTK) dirçəltməyi təklif edib.

Day.Az virtualaz.org-a istinadən bildirir ki, Jirinovski bu barədə "Danışır Moskva" radiostansiyasının efirində Brüsseldə törədilən terror aktlarını şərh edərkən deyib.

"Dövlət Təhlükəsizliyi Komitəsini bərpa etmək lazımdır. Onun tərkibində yaxşı hazırlanmış bir neçə yüz min zabit olmalıdır. Bütün nəqliyyat kommunikasiyaları - aeroportlar, dəmiryol vağzalları və avtomobil yolları nəzarət altına alınmalıdır", - Jirinovski bildirib. Bundan başqa, partiya sədri hesab edir ki, Rusiya cənub istiqamətində öz sərhədlərini möhkəmləndirməlidir: "Çünki Türkiyədə belə bir fikir var ki, miqrasiyanın axınını Avropaya deyil, Gürcüstana çevirmək lazımdır. Onlar Gürcüstanı və Ermənistanı dağıdacaqlar, Azərbaycana və cənub sərhədlərimizə atılacaqlar".

Qeyd edək ki, DTK 1954-cü ildən 1991-ci ilə qədər fəaliyyət göstərib. 1991-ci ildə ləğv edilən DTK-nın əsasında Kəşfiyyat Mərkəzi (daha sonra Rusiya Xarici Kəşfiyyat Xidməti) və Təhlükəsizlik Nazirliyi yaradılıb. Rusiya prezidenti Boris Yeltsin 1993-cü ilin dekabrında Təhlükəsizlik Nazirliyini ləğv edib və Əks-Kəşfiyyat üzrə Federal Xidmət yaradıb. Bu qurumun adı isə 1995-ci ildə Federal Təhlükəsizlik Xidməti ilə dəyişdirilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.