"İnternet bu gün gənc nəslin psixoloji tərbiyəsində böyük rol oynayır"

Day.Az представляет новость на азербайджанском языке

İnternetdə elə reklam və informasiyalar var ki, nəinki uşaqların, böyüklərin də psixilogiyasına mənfi təsir edir.

Milli.Az xəbər verir ki, bunu millət vəkili Azər Badamov Milli Məclisin bu gün keçirilən plenar iclasında "Uşaq hüquqları haqqında" və "Telekommunikasiya haqqında" qanunlara əlavə və dəyişikliklər edilməsi zamanı bildirib.

Onun sözlərinə görə, müasir dövrdə informasiya-kommunikasiya texnoloqiyalarından istifadə hamı üçün əlçatan olub. İnternet insan həyatının ayrılmaz hissəsinə çevrilib və onsuz həyatı təsəvvür etmək çətindir.

Millət vəkili qeyd edib ki, ölkəmizdə internet azadlığı tam təmin olunub. Amma bunun özü də müəyyən problemlər yaradır: "Yəni, internet bu gün gənc nəslin psixoloji tərbiyəsində böyük rol oynayır. Uşaqların əksər hissəsi vaxtının çox hissəsini internetlə bağlayırlar. İnternetdəki informasiya və ya görüntülər uşağa psixoloji təsir göstərir və onun real həyatdan təcrid olunaraq virtual məkana üz tutmasına gətirib çıxarır. Uşaqlarda özünə qapanma, ünsüyyətdən uzaq olmağa meyllilik çoxalır. Bu da onlara böyüyəndə ictimai həyata inteqrasiya olunmasında çətinlik yaradır".

A.Badamov uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması üçün iki təkliflə çıxış edib: "Birincisi, bunun qabağını almaq üçün ilk növbə valideynlər bu işə daha diqqətlə yanaşmalıdır. Hər bir valideyn övladının normal, psixoloji sağlam tərbiyə olunmasında yaxından iştirak etməyə borcludur. Buna görə da uşağın saatlarla kompüter arxasında və ya telefonla internetdə olmasına icazə verilməməlidir. Bununla bağlı valideynlərə uşaqların üzərində nəzarəti gücləndirməyi, onların internetdən müəyyən məhdudiyyətlərlə istifadəni təmin etməyi təklif edirəm.

İkincisi, bu vəziyyət qanunlarla da tənzimlənməlidir. Bu gün "Telekommunikasiya haqqında" Qanunda ediləcək dəyişiklik də uşaqların sağlamlığına, inkişafına ziyan vuran informasiyadan qorunması üçün internet informasiya ehtiyatlarından təhlükəsiz istifadə etmək imkanklarını təmin edəcək. Bununla yanaşı, internetden istifadə etməklə bağlı başqa qanunlarda da dəyişikliklərin həyata keçirilməsini vacib sayıram".

Millət vəkilinin fikrincə, ümumiyyətlə, internet şəbəkəsinə buraxılan informasiyalar mütləq süzgəcdən keçirilməlidir: "Mentalitetimizə uyğun gəlməyən çarx halında buraxılan reklam və informasiyaların qabağı alınmalıdır. İnternet məkanında olduğu zaman özümüzdən asılı olmayaraq elə reklam çarxları səhifədə peyda olur ki, bunu görəndə nəinki uşaq psixologiyası, hətta böyüklərin psixologiyasına da müəyyən mənfi təsir göstərir".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.