ABŞ Konqresində "Yeni İpək Yolu" müzakirəsi

Day.Az представляет новость на азербайджанском языке

29 aprel tarixində Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyənin ABŞ-dakı səfirliklərinin təşkilatçılığı ilə ABŞ Konqresinin binalarından birində "Şərqi Asiya və Qərbi Avropanı birləşdirən "Yeni İpək Yolu": İmkanlar və Qlobal Təsirlər" mövzusu üzrə brifinq keçirilib.

Milli.Az xəbər verir ki, Vaşinqton şəhərində yerləşən ABŞ-Azərbaycan Ticarət Palatasının moderatorluğu ilə keçirilmiş brifinqdə Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyənin dövlət qurumlarından olan nümayəndələr çıxış ediblər.

Brifinq zamanı Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizinin strateji əhəmiyyəti və rəqabətliliyi vurğulanmaqla yanaşı, Azərbaycan və digər ölkələr tərəfindən həyata keçirilən infrastruktur layihələri, qeyd edilən dəhliz boyu ticarət və tranzit imkanları barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Xatırlatmaq istərdik ki, bir gün öncə, 28 aprel tarixində, Vaşinqtondakı məşhur təhsil ocaqlarından olan Cons Hopkins Universitetində Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizinin əhəmiyyətinə həsr olunmuş geniş tərkibli forum keçirilib. Bu forum çərçivəsində aparılmış müzakirələr və ölkəmizin Gürcüstan, Türkiyə və Qazaxıstanla birgə regional əməkdaşlığı böyük maraqla qarşılanıb. Bu xüsusda, səfir Elin Süleymanovun 28 aprel tarixində ABŞ-ın nüfuzlu "The Washington Times"  qəzetində "Müasir İpək Yolununun izi ilə" məqaləsi dərc edilib.

Sözügedən forumun davamı olaraq ABŞ Konqresində təşkil edilmiş brifinq də olduqca böyük diqqətə səbəb olub və orada Konqres üzvlərinin köməkçiləri, ABŞ federal dövlət strukturları, akademik dairələrin təmsilçiləri, habelə bir sıra mütəxəssislər də daxil olmaqla ümumilikdə 50-yə yaxın şəxs iştirak edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.