Bu gün abituriyentlər imtahan verirlər

Day.Az представляет новость на азербайджанском языке.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 1-də Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində rus bölməsi abituriyentləri üçün "Azərbaycan dili" fənni üzrə imtahan  keçirir. 

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə,  abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni TQDK-nın internet saytına daxil olaraq çap edirlər.
 
İmtahanda iştirakı nəzərdə tutulan 8109 abituriyentdən 3799 nəfəri oğlan, 4310 nəfəri qızdır.  6097 abituriyent orta ümumtəhsil müəssisələrinin builki məzunu, 2012 nəfər isə əvvəlki illərin məzunlarıdır. Ən yaşlı abituriyent 1969, ən gənc abituriyent isə 2000-ci il təvəllüdlüdür. İmtahanın idarə olunması üçün 56 imtahan rəhbəri, 633 nəzarətçi-müəllim ayrılıb. Bakı şəhərində 5355, Naxçıvanda 26, Gəncədə 855, Sumqayıtda 527, Şəkidə 347, Ağcabədidə 107, Göyçayda 208, Şirvanda 156, Lənkəranda 133, Xaçmazda isə 395 nəfər abituriyentin imtahan verməsi nəzərdə tutulub.  İmtahan Bakı şəhərində 10 ,Gəncə şəhərində 2, Naxçıvan, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda  isə 1 binada təşkil olunacaq.
 
İmtahan bütün mərkəzlərdə eyni vaxtda - saat 13:00-da başlanır.  İmtahan 45 dəqiqə ərzində aparılır və abituriyentlərə "Azərbaycan dili" fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi "məqbul" və ya "qeyri-məqbul"la qiymətləndirilir, "məqbul" alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin "məqbul" alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.  Mayın 1-də keçirilən imtahanda "qeyri-məqbul" qiyməti alan, həmçinin müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər 2016-cı il iyunun 12-də keçiriləcək növbəti "Azərbaycan dili" imtahanında iştirak edə bilərlər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.