Tərtər sakinləri: "Ev dağılsa, düzələr, torpaqlarımızı almalıyıq"

Day.Az представляет новость на азербайджанском языке

Ermənilərin namərdcəsinə hərəkətlərinə, Tərtərdə azərbaycanlıların yaşadığı yerləri, evləri, mülki obyektləri atəşə tutmasına baxmayaraq, insanların əhval-ruhiyyəsi həmişə yüksək olub. Amma prezident İlham Əliyevin xanımı Mehriban Əliyeva ilə birbaşa cəbhəyanı kəndlərdə onları ziyarət etməsindən sonra bu əhval-ruhiyyə daha da güclənib.

Day.Az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib.

İcra başısının sözlərinə görə, camaat deyir ki, bizim məqsədimiz irəli getmək, işğal altında olan torpaqlarımızı düşməndən azad etməkdir. Ona görə də hamı səbirsizliklə Ali Baş Komandanın, cənab prezidentin əmrini gözləyir və hamı da bir nəfər kimi dövlət başçısının yanındadır, onun yürütdüyü siyasəti dəstəkləyir:

"İnsanlar dövlət başçısının diqqət və qayğısını birbaşa yerində gördülər. Dövlət başçısı təmas xəttində düşmənlə cəmi 200 metr məsafəyə gəlib yerli əhalinin vəziyyəti ilə maraqlanıb. Bu isə camaatda dövlətə olan inamı və ruh-yüksəkliyini daha da artırıb. Hamı əkin-biçini, gündəlik iş həyatı ilə məşğuldur. Tərtərdə camaat heç vaxt ermənidən qorxub öz evlərini tərk etməyib, indi isə nəinki bir addım da geri çəkilmək fikrində deyil, hətta irəli getməyə can atırlar. Hətta cənab prezidentlə görüşündə də şəhid ailələri, dağılmış evlərin sakinləri birbaşa dedilər ki, evlərin dağılması problem deyil. Ev dağılsa, düzələr, amma torpaqlarımızı almalıyıq. Torpaq müqəddəsdir, biz dədə-baba torpaqlarımıza qayıtmalıyıq".

Prezident İlham Əliyevin yerindəcə verdiyi tapşırıq və tövsiyələr icra olunacaq, bütün dağılan evlər dövlət tərəfindən tam bərpa olunacaq. Bununla bağlı artıq heç kimdə bir narahatlıq yoxdur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.