Sinələr sipər oldusa, qələbəyə az qaldı

Day.Az представляет новость на азербайджанском языке

"Xalqın iradəsi onun düşmənlə üzləşdiyi zaman aşkarlanırsa, dövlət başçısının xalqla bir olması insanları daha güclü edir" (Henry David Thoreau)

Düşmənimiz bəlli. Onun xisləti də məlum. O xislətin mahiyyəti isə ermənilərdə "vətənpərvərlik" və "şovinizm" kəlmələri arasında anlam fərqinin korşalması, üzülüb getməsidir.

Vətənpərvərlik hər millətin, xalqın və etnosun zəruri qavramlarından biridir ki, mahiyyəti həmin milləti ən yaxşı xüsusiyyətlərini gerçəkləşdirmiş, özünü formalaşdırmış etnoslar səviyyəsinə qaldırmaq üçün çalışmadır. Yəni millət öz imkanlarını, potensialını ən yüksək səviyyədə, geniş miqyasda nümayiş etdirməyə çalışır və beləcə, sivil millətlər arasında bərabərhüquqlu yer tutur.

Şovinizm isə naqis, yaramaz və sarsaq xislətdir ki, kökündə hansısa millətin özünü "Tanrı tərəfindən seçilmiş" bilməsi, "fövqəladə" sayması, fərdin mənsub olduğu milləti bəşər övladınıın indiyədək əldə etdiyi nə varsa, hər nəsnənin zirvəsinə qaldırması, digər xalqları isə "tam formalaşmamış kütlə, primitiv insan yığını" saymaqdır.

İrqçilik və neonasizmin kökündə duran bu düşüncə başqa xalqlara "untermenşlər" təki yanaşmaq "fəlsəfəsidir".

Ermənistanın indiki rəhbərliyinin çığırtı, şivən, bağırtı elementləri ilə zəngin plebey siyasətinin kökündə də məhz şovinizmdən qaynaqlanan idiotizm durur.

Məhz bu virusa yoluxmuş rəsmi İrəvan Dağlıq Qarabağ münaqişəsi zonasındakı hərbi birləşmələrinə aprelin 1-də Azərbaycan ordusunun mövqelərinə hücum əmri vermişdi. Amma aprelin 5-dək davam edən "dördgünlük müharibə" erməni işğalçıların məğlubiyyəti ilə başa çatdı. Ermənistanın Dağlıq Qarabağda yerləşdirdiyi ekspedisiya korpusu ilə yanaşı, qarabağlı ermənilərin separatçı birlikləri ordumuzun əks-hücumu nəticəsində geri çəkildilər və bu "taktiki gediş" az sonra trivial qaçışa çevrildi.

Düşmən özü də etiraf etdi ki, döyüşlərdə 160 hərbçisi həlak olub, 250-yə yaxın erməni isə yaralanıb.

"Dördgünlük müharibə"nin ağır nəticələrini qəbul edə bilməyən və etmək istəməyən Ermənistan rəhbərliyi aprelin 6-dan bəri Azərbaycanın cəbhə xətti boyunca yerləşən rayonlarındakı yaşayış məntəqələrini aramsız atəşə tutur.

Ermənilər aşkar terrorçuluqla məşğul olur, dinc sakinlərimizi hədəfə alırlar. Ağdam, Bərdə və Tərtər rayonlarında günlərdən bəri səngimək bilməyən gərgin durum da məhz Ermənistanın yürütdüyü siyasətin nəticəsidir.

Həmin sonuclar Azərbaycanın yaşayış məntəqələrinə raket-bomba zərbələrinin endirilməsidir ki, düşmən bu minvalla dinc sakinlər arasında təşviş, narahatlıq yaratmaq istəyir.

Fəqət, erməni işğalçıları niyyətlərinə çatmayıblar. Düşmənin haubitsalar və reaktiv artilleriya qurğularından atəşə tutduğu kəndlərlə qəsəbələrin sakinlərində döyüş əzmi daha da artıb. Onlar "Əmr gözləyirik, irəliyə getmək, düşməni qovmaq istəyirik" deyirlər.

Döyüşkənlik ruhunun və qələbə əzminin bərqərar olduğu, düşmənə sinə gərildiyi məkanlara dövlət başçısı ilə xanımının səfəri bərdəlilər, tərtərlilər, ağdamlıların gücünə güc, iradəsinə sarsılmaz inam qatdı.

Dünən dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarında oldular.

Prezident Tərtər rayonundakı N saylı hərbi hissədə əsgər və zabitlərin xidmət şəraiti, onların təminatı ilə tanış oldu, şəxsi heyətlə görüşdü.

İlham Əliyev və xanımı Mehriban Əliyeva Tərtər şəhərində, cəbhə xəttinin 200 metrliyində yerləşən Tərtər rayonunun Qapanlı kəndində, Ağdam rayonunun qoşunların təmas xəttində yerləşən Mahrızlı kəndində olublar, sakinlərlə görüşüblər, Ermənistan ordusunun vəhşilikləri nəticəsində yaranmış vəziyyətlə tanış olublar.

Daha sonra onlar Bərdə şəhərindəki Müalicə-Diaqnostika Mərkəzində yaralı sakinlərə baş çəkiblər.

Bu səfər cəbhə xəttində düşmənlə üzbəüz dayanmış soydaşlarımıza sadəcə dəstək deyildi: dövlət başçısının və ölkənin birinci xanımının səfəri bir daha göstərdi ki, İlham Əliyev bütün məsələləri şəxsi nəzarətində saxlayır, bilavasitə yerlərə səfər edərək vəziyyəti qiymətləndirir, lazımi qərarlar qəbul edir və tapşırıqlar verir.

Fotolardan biri diqqətimi xüsusilə cəlb etdi. Yaşlı, ahıl ana evinin həyətində dövlət başçısını və ölkənin birinci xanımını qarşılayır. Ana oğlunu qarşılayan təki. Prezident də ananın yanına tələsir.

O ana hamımızın anasıdır. Cəbhədən azca aralı, düşmən güllələrinin, mərmilərinin, raketlərinin atəşi altında yaşayır və yaşadıqca da bizi yaşadır.

Vətən təki, çünki Vətənin vizual obrazı, hisslərimizin kvintessensiyası o ahıl, ağsaçlı anadır indi. Raketlərə, bombalara, güllələrə rəğmən yurdunda qalan, dünyasını dəyişənlərin xatirəsinə xəyanət etməyib dünyanı yaşadan övladlarına güc verən ANA.

Bu fotonu da çətin unudam. Düşmənin atdığı mərmi qəlpələrini tutub, göstərən balamız. Ermənilər o mərmilərlə neçə həyatı parçalamaq, ailələri çilikləmək, arzuları məhv etmək istəyirdilər.

Alınmadı.

Qızımızın qətiyyəti çiliklərə üstün gəldi, cəsarəti o qəlpələri dəlil kimi göstərməkdən də ötə oldu. 

Paslı qəlpələri bizə göstərən yavrumuz sanki hər şeyə rəğmən, arzularının çiliklənməyəcəyini deyir sakitcə, susqun, amma ötkəm baxışlarıyla.

Dövlət başçımız hər bir vətəndaşın, xüsusilə cəbhə bölgəsində yaşayan insanların problemlərinə həssaslıqla yanaşır, onların müdafiəsini gücləndirmək, həyat və iş şəraitini, güzəranını yaxşılaşdırmaq üçün bütün lazımi tədbirləri görür.

Dövlət başçısının cəbhə bölgəsinə səfəri orada yaşayan əhalinin, əsgər və zabitlərin əhval-ruhiyyəsini daha da yüksəltdi, orduda və insanlarda ruh yüksəkliyinə səbəb oldu. Onlar Azərbaycan dövlətinin və şəxsən prezidentin güclü dəstəyini, diqqətini, qayğısını görür və yüksək qiymətləndirirlər.  Nədən ki, Ali Baş Komandan cəbhə bölgəsində düşmənin hər an raket-bomba zərbələri endirərək atəşkəsi pozacağı və təxribatı gerçəkləşdirəcəyi ilə bağlı real təhlükyə rəğmən, bütün riskləri göz önünə alaraq təmas xəttində yerləşən yaşayış məntəqələrinə yollanır, oradakı soydaşlarımızla, vətəndaşlarımızla görüşür.

Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrini ardıcıl atəşə tutduğu bir vaxtda Azərbaycan prezidentinin cəbhə bölgəsinə səfəri, təmas xəttinin 200 metrliyində yerləşən kəndlərdə evləri dağılmış insanlarla, habelə səngərdə dayanan hərbçilərlə görüşü cənab İlham Əliyevin Ali Baş Komandan kimi cəsarətinin və şücaətinin göstəricisidir. 

Prezident İlham Əliyev cəbhə xəttinin 200 metrliyində yerləşən Tərtər rayonunun Qapanlı kəndinin sakinləri ilə görüşündə söylədi: "Sizin kimi insanlar xalqımızın qürur mənbəyidir. Bax, siz burada, ən çətin, ən təhlükəli yerdə yaşayırsınız, qurursunuz, yaradırsınız. Dəymiş bütün ziyan aradan götürüləcək, vəsait ayrılacaq. Vətəndaşlar narahat olmasınlar. Azərbaycan dövləti güclü dövlətdir, sizin arxanızdadır. Dağılmış bütün evlər bərpa olunacaq, hər şey yenidən düzələcək. Siz möhkəm olun".

Qapanlı sakini olan xanımlardan biri isə xalqımızın ruhunu, rəşadətini göstərən, aslanın erkəyinin, dişisinin olmadığını nümayiş etdirən xitabla dövlət başçısına üz tutdu: "Biz qadınlar da döyüşə getməyə hazırıq. Qorxmuruq, yaşayacağıq, evimizdən də çıxmayacağıq. Təkcə bu torpaqlarda yox, Allah qoysa, o torpaqları alıb gedib orada da, Şuşada da yaşayacağıq".

Tərtər rayonundakı N saylı hərbi hissədə əsgər və zabitlərimizlə görüşündə dövlət başçısının nitqindəki bir məqam xüsusilə diqqətəlayiqdir: "Mən həmişə orduda xidmət edənlərə böyük hörmətlə yanaşmışam. Ordu quruculuğu üçün nə lazımdırsa o da olacaq. Onu da edirik. Ən böyük xərclər hərbi xərclərdir. Artıq neçə ildir ki, bu, belədir. Bəzən müxtəlif ölkələrdən olan ermənipərəst siyasətçilər məni günahlandırırdılar ki, nə üçün Azərbaycanda hərbi büdcə getdikcə artır? Ona görə ki, biz işğala məruz qalmışıq. 

Əgər bu işğal olmasaydı, əlbəttə ki, buna ehtiyac olmazdı. Ancaq həyat göstərdi ki, biz nə qədər haqlıyıq. Əgər bizdə güclü hərbi imkanlar olmasaydı, bu gün təmas xəttində vəziyyət fərqli ola bilərdi. Həm döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizat, silah, texnikanın alınması, vətənpərvərlik ruhu, hərbçilərimizin peşəkarlığı, məharəti, aprel döyüşlərində göstərdikləri şücaət və qəhrəmanlıq bizim böyük sərvətimizdir.

Siz bu gün burada düşmənlə üz-üzə xidmət edirsiniz. Torpaqlarımızı, vətəndaşlarımızı müdafiə edirsiniz. Bu, böyük, şərəfli missiyadır".

Danılmaz həqiqətdir: Azərbaycan prezidenti cəbhə bölgəsində yaşayan hər bir vətəndaşın, səngərdə dayanan hər bir əsgər və zabitin yanındadır, onlar dövlət başçısının diqqət və qayğısı ilə əhatə olunublar.

Beləcə, dövlət başçısı bu dəfə də öz liderlik, prinsipiallıq və mərdlik nümunəsini bütün cəmiyyətə təqdim etdi. İlham Əliyev kimi Ali Baş Komandanın rəhbərliyi altında vuruşan Azərbaycan əsgəri bundan sonra da düşmənə layiqli cavab verəcək, torpaqların azad olunması, Vətən torpağının müdafiəsi üçün son damla qanına kimi vuruşacaq.

Buna kimsənin şübhəsi olmasın.

Aprelin 5-də atəşkəs rejimi bərpa olunsa da, Ermənistan təxribatlarından əl çəkmir.  Elə bir gün yox ki, atəşkəs pozulmasın, düşmən dinc sakinlərimizi atəşə tutmasın. 500-dən çox evimizə ziyan dəyib, 100-dən çox ev tamamilə dağıdılıb, yaxud da ki, yandırılıb.

Erməni faşizminin, ağır psixi pozuntu olan "hayizm"in mənfur siması, eybəcər sifəti budur.

Düşmən birinci Qarabağ müharibəsində də belə hərəkətlər etmişdi, xalqımıza qarşı soyqırım törətmişdi. İndi də Ermənistan və Dağlıq Qarabağdakı separatçılar döyüş meydanında məğlub olduqlarını görəndə dinc əhalini hədəfə alırlar.

Fəqət, Ermənistan artıq gec də olsa, anlamalıdır: Azərbaycan münaqişənin dinc danışıqlar yolu ilə, sülhlə həllinə tərəfdar olsa da, heç bir təxribat cavabsız qalmayacaq, hər zərbəyə cəza əks-zərbəsi endiriləcək, atılan mövqelər məhv olunacaq.

İşğal edilmiş torpaqların azadlığı uğrunda savaşın, Vətən müharibəsinin tələbi budur.

Xalqın öz prezidentini dəstəklədiyini, prezidentin də xalqın yanında, vətəndaşlarla çiyin-çiyinə olduğunu hamımız gördük.

Qələbə savaşı üçün bu, ən ümdə şərtdir və cəbhə bölgəsində erməni işğalçılarına sinə gərən sakinlərimizlə onları qoruyan Ordumuzun qətiyyəti həmin şərtin ehtiva etdiyi rəşadətin artıq qanımızda dövr etdiyini göstərdi.
Şəhidlərimizin qanları ilə suvarılmış torpaqlarımız düşmənə tapdaq olmayacaq.
Zəfər yürüşümüzə az qaldı.

Elçin Alıoğlu

Milli.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.