Prezident İlham Əliyev bununla növbəti dəfə tarixi bir nümunə göstərdi

Day.Az представляет новость на азербайджанском языке.

Prezident İlham Əliyevin xanımı Mehriban Əliyeva ilə birlikdə cəbhə bölgəsinə səfər etməsi bir tərəfdən onun fəaliyyətində adi bir praktikadır. O, ən ağır situasiyalarda ən mürəkkəb vəziyyət olan yerlərə cəsarətlə gedir və daim xalqla, sadə vətəndaşla bir olduğunu dəfələrlə sübut edib. Digər tərəfdən, onun budəfəki səfəri əsl liderin, vətənpərvərin, dövlət xadiminin ata biləcəyi bir addım idi.

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə bildirib.

Millət vəkili qeyd edib ki, dövlət başçısının cəbhə bölgəsinə gedərək hərbi vəziyyətlə yerindəcə tanış olması, düşmən həmlələri nəticəsində evlərini itirmiş və problemlərin içində olan insanlarla görüşüb onları dinləməsi onun böyüklüyündən, insanpərvərliyindən, lider kimi üzərinə düşən məsuliyyəti yüksək səviyyədə yerinə yetirməsindən xəbər verir:

"Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrini ardıcıl atəşə tutduğu bir vaxtda dövlət başçısının cəbhə bölgəsində, təmas xəttinin cəmi 200 metrliyində yerləşən kəndlərdə, azğın düşmənin çox yaxın məsafədə olması və Allah eləməsin, istənilən təxribatın mümkün ola bilməsi şəraitində evləri dağılmış insanlarla, habelə səngərdə dayanan hərbçilərlə görüşü onun Ali Baş Komandan kimi cəsarətinin və şücaətinin göstəricisidir. Bunu ancaq tarixi şəxsiyyət edə bilərdi. Bunu, yalnız öz dövlətinə, xalqına yüksək məhəbbəti olan, məsuliyyətini duyan bir insan edə bilərdi. Eyni zamanda, o, bunu tək yox, ailəsi ilə birlikdə edir. Hesab edirəm ki, prezident İlham Əliyev bununla növbəti dəfə tarixi bir nümunə göstərdi. Məhz bu xüsusiyyətlərinə görə xalq onu sevir, siyasətini dəstəkləyir, atdığı addımların uğur gətirəcəyinə inanır. Prezidentin atdığı belə addımlarla, göstərdiyi belə nümunələrlə biz həmişə qalib gələcəyik".  

A.Mirzəzadənin sözlərinə görə, prezident İlham Əliyevin cəbhəyanı kəndlərdə sakinlərlə və hərbi hissələrdəki hərbçilərlə görüşü onlara böyük ruh yüksəkliyi verib:

"Yaşından asılı olmayaraq, hər bir insan cənab prezidentin onların yanında olduğunun fərqinə vardı. Nəinki cəbhə bölgəsində yaşayanlar, hətta bütün Azərbaycan cəmiyyəti, o cümlədən Azərbaycandan kənarda yaşayan, lakin ürəyi Azərbaycanla döyünən hər kəs dövlət başçısının bu hərəkətindən böyük qürur hissi duydu. Əlbəttə ki, bu, insanlarda dövlətinə və prezidentinə inamı və sevgini artırdı. Bu gün prezidentini sevmək Azərbaycanı sevmək deməkdir, prezidentin qayğısını görmək dövlətinin öz vətəndaşına yüksək qayğısını görmək deməkdir".  

Qeyd edək ki, mayın 1-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarında olublar.

Azərbaycan prezidenti hərbi hissədə əsgər və zabitlərin xidmət şəraiti, onların təminatı ilə tanış olub və şəxsi heyətlə görüşüb. Eyni zamanda, prezident və xanımı cəbhəyanı kəndlərdə sakinlərlə görüşüblər, Ermənistan ordusunun vəhşilikləri nəticəsində yaranmış vəziyyətlə tanış olub, eləcə də Bərdə şəhərindəki Müalicə-Diaqnostika Mərkəzində yaralı sakinlərə baş çəkiblər.