Türkiyədən Azərbaycana gətirilən lobyada xəstəlik tapıldı

Day.Az представляет новость на азербайджанском языке

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən Azərbaycana daxil olan kənd təsərrüfatı məhsulları üzərində təhlükəsizliyə və keyfiyyətə nəzarət gücləndirilib.

Day.Az bildirir ki, nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Türkiyədən Azərbaycana idxal olunan 750 kiloqram ərzaqlıq lobya məhsulundan götürülən nümunələr müvafiq laboratoriyalarda analiz edilib. Aparılan analiz nəticəsində məhsulda karantin tətbiq edilən xəstəliklərdən lobyanın bakteriozu və ya bakterial yanıq ləkəliyi (Xanthomonas campestris pv. Phaseoli Dye) aşkar edilib.

Adıçəkilən xəstəliyin respublikanın bitki örtüyü üçün təhlükəli və karantin tətbiq edilən zərərli orqanizm olduğunu nəzərə alaraq, bu gün yük "Təmiz Şəhər" ASC-yə məxsus Bakı Bərk Məişət Tullantıları zavodunda karantin tədbirləri sisteminə riayət etmək şərtilə termik üsulla məhv edilib.

Qeyd edək ki, "Xanthomonas phaseoli" torpaqda uzun müddət yaşaya bilir. Xəstəliyin inkişafı üçün optimal temperatur 25-30 dərəcədir. Güclü yağışlar, havanın temperaturunun 1-18 dərəcədən aşağı olmaması bitkilərin yoluxması üçün əlverişli şərait yaradır. Orta yoluxmada məhsuldarlıq 15-20 faiz, güclü yoluxmada isə 40-50 faizə qədər aşağı düşür. Bakteriyanın infeksiyası toxumlarda bir neçə il, bitki qalıqlarında isə onların cücərməsinə qədər qalır.

Məhsulun xəstəliyə yoluxmaması üçün sağlam bitkilərdən alınan toxumlardan istifadə edilməlidir. Səpinlərdən əvvəl toxumlar fentiuram preparatı ilə (3-4 kq/t) dərmanlanmalı, səpin müddətinə və növbəli əkinə əməl edilməlidir. Çiçəklənmədən əvvəl bitkilərin mineral gübrələrlə yemlənməsi müsbət amildir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.