Ermənilərin vurduğu ziyan ölçüyə gəlmir - Fermerlər "qan ağlayır"

Day.Az представляет новость на азербайджанском языке

Ermənistan silahlı qüvvələrinin açdığı artilleriya atəşi təmas xəttinə yaxın yerləşən kəndlərin təsərrüfatlarına da ciddi ziyan vurub.

Day.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, mərmi partlayışları nəticəsində mal-qara tələf olub, əkin sahələri yararsız hala düşüb. Məsələn, Ağdamın təmas xəttinə yaxın Əfətli kəndidəki iri heyvandarlıq kompleksinə 6 qrad mərmisi düşüb. Partlayış nəticəsində təsərrüfatın tikilisi dağılıb. Süd sağımı üçün nəzərdə tutulan avadanlıqlar sıradan çıxıb. Təsərrüfatda olan heyvanlar arasında tələfat qeydə alınıb.

"Bizim hardasa bir 15-ə yaxın heyvanımız ölüb. Günü-gündən də artır ölüm. Dünən 4 dənəsi ölüb, bu gün gördüyünüz kimi 2 dənəsi ölüb. Yəni, hardasa 45 dənə yaralı var. O yarlılar da istər-istəməz zəhərlidir nədisə, müalicəyə baxmayaraq məhv olub gedir", - deyə təsərrüfatın iş icraçısı Füzuli Əhmədov bildirib. Ağdam icra hakimiyyətindən isə bildirilir ki, artilleriya atəşi nəticəsində rayon ərazisində ziyan dəyməyən az sayda təsərrüfat var. Ziyan dəyən təsərrüfatlarda isə indi hesablamalar aparılır.

"Soğan sahələri, pomidor sahələri, buğda sahəsi, arpa sahəsi, yonca və digər yazlıq əkinlərə ciddi şəkildə ziyan dəyib", - deyə icra hakimiyyətinin nümayəndəsi Baxşeyiş Əliyev vurğulayıb. Fermerlər deyirlər ki, hazırda əkin sahələrində yaz-tarla işləri ilə məşğul olmaq mümkün deyil. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.