Azərbaycan təcili dayanıqlı sülh istəyir

Day.Az представляет новость на азербайджанском языке.

Dağlıq Qarabağ münaqişəsi zonasında, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində artıq bir aydan da çoxdur ki, gərginlik davam edir. Artıq ekspertlər bu gün-sabah yeni və böyük müharibənin başlaya biləcəyi barədə həyəcan təbili çalırlar.

Əgər Rusiya tərəflər arasında vasitəçilik edərək onun həllində və həll edilməməsində bu və ya digər formada rol oynamağa çalışırsa, nədənsə Qərbin və beynəlxalq təşkilatların susqunluğu müşahidə edilir.

Bununla bağlı yaranmış vəziyyəti Milli.Az-a şərh edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə bildirib ki, indi Qərbdə hərə öz işi ilə məşğuldur, ona görə Dağlıq Qarabağ münaqişəsi onlar üçün heç 2-ci, 3-cü dərəcəli məsələ də deyil:

"Bu il ABŞ-da seçki ilidir. Orada əsas diqqət buna yönəlib. Yaxın müddətdə hakimiyyət dəyişəcək. Bu səbəbdən də Amerikada onlar üçün, əsasən, daxili siyasi məsələlər gündəmdədir. Münaqişələrə gəlincə, onlar üçün ən əsas məsələ Orta Şərqdir. Bizim region isə Amerika gündəmi üçün 2 və ya 3-cü dərəcəli məsələdir. Ona görə də biz gərək daha fəal olaq. Böyük ölkələrin, beynəlxalq təşkilatları, beynəlxalq ictimaiyyəti Ermənistanın təcavüzü və bu siyasəti davam etdirməsi ilə bağlı daha çox məlumatlandırmalıyıq və onları sülh prosesinə dəvət etməliyik".

Millət vəkili qeyd edib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllini istəyir və böyük səbrlə bunu gözləyir: "Azərbaycan tərəfdən heç bir hərbi eskalasiya yoxdur. Azərbaycan, sadəcə, Ermənistanın təxribatlarına cavab verir və beynəlxalq təşkilatlardan hüququn aliliyinin müdafiəsini gözləyir. Rəsmi Bakı daim danışıqlara hazır olduğunu bəyan edib. Azərbaycan təcili dayanıqlı sülh istəyir. Bizə sülh, danışıqlar və beynəlxalq hüquq normalarının bərqərar olması lazımdır. Ermənistan və onların havadarları isə təxribatları davam etdirirlər. İndiki status-kvonu saxlamaq istəyirlər. Vəziyyət bundan ibarətdir".