Əli Həsənov: "Ermənistana beynəlxalq təzyiq olmasa, müharibə qaçılmazdır"

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan Respublikası prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Kəpəz TV-yə (Region TV) müsahibə verib. 

Day.Az bildirir ki, Ə.Həsənov son vaxtlar cəbhə bölgəsində artan gərginlik, ermənilərin təxribatlarının mütəmadi xarakter alması və indiki danışıqlar prosesinin gedişindən danışıb:

-  Neçə ki Azərbaycanın işğal altında olan torpaqları qaytarılmayıb, neçə ki işğalçı erməni ordusu Azərbaycanın ərazilərini tərk etməyib, Dağlıq Qarabağın ətrafında gedən proseslərə son qoyulmayıb, sülh sazişinə nail olunmayıb, cəbhə bölgəsində gərginlik davam edəcək. Biz istəsək də, istəməsək də davam edəcək. Sadəcə, Ermənistan tərəfinin danışıqlarda nümayiş etdirdiyi qeyri-konstruktivliyi, cəbhə bölgəsində, xüsusən də dinc əhaliyə qarşı son zamanlar yaşanan proseslər də bunu göstərdi, təmas nöqtəsində bu mövqelərini davam etdirirlər. Mütəmadi olaraq təxribatlar törədirlər, mütəmadi olaraq fürsət düşən kimi dinc əhalinin yaşadığı yaşayış məskənlərini müxtəlif çaplı silahlardan atəşə tuturlar, məqam düşən kimi Azərbaycan Ordusunun mövqelərini atəşə tuturlar. Ən dəhşətlisi də odur ki, atəşə tutan da onlardır, beynəlxalq aləmə, dünyaya Azərbaycanın atəşkəsi pozması haqqında səs-küy salan da onlardır. Ən dəhşətlisi budur.

Son hadisələr - aprel ayının 1-2-də, siz bilirsiniz, bütün Azərbaycan xalqı bilir ki, Azərbaycan Ordusu nəhayət onların bu təxribatına dözmədi və müvafiq olaraq Azərbaycan mövqelərinə, o cümlədən yaşayış məntəqələrinə, dinc əhalinin yaşadığı məskənlərə hücum edən ermənilərə layiqli cavab verdi. Cavab verə-verə də onların illərdən bəri Azərbaycan ərazilərini təhdid altında saxladıqları, atəş altında saxladıqları mövqelərini ələ keçirdi. Quldur erməni ordusunun çoxsaylı nümayəndələrini məhv elədi və Azərbaycan torpaqlarından onları xeyli uzaqlaşdırdı. Amma hal-hazırda da bu, bilirsiniz ki, erməni ordusunun atəşkəsi pozması halları davam edir, müvafiq olaraq Azərbaycan Ordusu onlara cavab verir. Danışıqlar prosesini onlar pozurlar, müvafiq olaraq danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirirlər və mövcud status-kvonu qorumağa çalışırlar. Azərbaycan prezidenti cənab İlham Əliyev dəfələrlə, o cümlədən son günlər cəbhə bölgələrinə səfər çərçivəsində bəyan etdi ki, neçə ki quldur, işğalçı ordu Azərbaycan torpaqlarını tərk etməyib, Azərbaycan Ordusu onlara layiqli cavab verməkdə davam edəcək, Azərbaycan Ordusu bu işğalçı orduya atəşlərlə cavab verməkdə davam edəcək. Danışıqlarda da, bilirsiniz ki, Azərbaycanın mövqeyi birmənalıdır - bizim torpaqlar azad olunmalıdır, bölgədə qaçqın-köçkünə çevrilmiş əhali öz yurd-yuvalarına qaytarılmalıdır, ondan sonra Dağlıq Qarabağın statusu ətrafında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində danışıqlar aparıla bilər.

- Erməni tərəfinə danışıqlarla bağlı müəyyən vaxt qoyulubmu? Ümumiyyətlə, müharibə başlaması ehtimalı nə dərəcədə realdır?

- Əvvəla, ermənilər, Ermənistan rəhbərliyi, hal-hazırkı irticaçı erməni rəhbərliyi heç bir konstruktiv mövqe nümayiş etdirmir. Bir danışıqda razılaşdırılmış mövqelərdən ikinci danışıqlarda imtina edirlər. Mütəmadi olaraq, belə deyək, beynəlxalq tədbirlərdə, xüsusən də Minsk qrupunun həmsədrlərinin iştirakı ilə keçirilən tədbirlərdə danışıqları pozurlar. Ona görə də biz onlardan konstruktiv mövqe gözləmirik. Amma beynəlxalq aləmdən biz Ermənistana təzyiq siyasəti gözləyirik. Biz gözləyirik ki, Minsk qrupu, BMT və digər Avropa strukturları, Minsk qrupunu təmsil edən böyük ölkələr Ermənistana təzyiq göstərsin və nəhayət də bunları ciddi olmağa məcbur etsin. Əks təqdirdə bu danışıqlar uzanacaq və müharibə qaçılmazdır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.