Uşağınızı kitab oxumağa həvəsləndirmək üçün 30 yol

Uşağınızı kitab oxumağa həvəsləndirmək istəyirsiniz? Ancaq bunu nə vaxt və ya necə edəcəyinizi bilmirsiniz?

Day.Az zaman.az-a istinadən bildirir ki,elə isə işə bu yazını oxumaqla başlaya bilərsiniz...
1. Əgər uşağınızı kitab oxumağa həvəsləndirmək istəyirsinizsə, hər şeydən əvvəl özünüzü kitab oxumağa "həvəsləndirməlisiniz". Çünki sizin kitab oxumağa həvəsiniz olmasa, təbii ki, uşağınızın da kitab oxumağa həvəsi olmayacaq.
2. Uşağınızı kitab oxumağa həvəsləndirmək, heç də uşağınızı kitab oxumağa məcbur etmək demək deyil (üstəlik də, bunun əks təsir göstərəcəyini bilə-bilə). Bunun əvəzinə bütün ailənizin kitab oxuyacağı ümumi bir "kitab saatı" təyin edə və uşağınızın bu "kitab saatı"nda iştirak etməsini təmin edə bilərsiniz. Yeri gəlmişkən deyək ki, hər "kitab saatı" 15 dəqiqədən 1 saata qədər dəyişə bilər.
3. Bundan başqa, uşağınıza verdiyiniz xərcliyə kiçik bir "kitab fondu" da əlavə edə və bu "kitab fondu"ndan istədiyi kitabı almağa təşviq edə bilərsiniz. Təbii ki, uşağınız bu "kitab fondu"nu sizə görə mənasız bir kitaba xərclədikdə səbirli olmağı da unutmamalısınız. Çünki bütün hallarda onu bu yolla oxumağa həvəsləndirmiş olacaqsınız.
4. Uşağınızı bir jurnala abunə edin. Beləliklə, bu, həm uşağınıza "sahiblik" hissi aşılayacaq, həm də uşağınızı kitab oxumağa həvəsləndirəcək.
5. Uşağınız neçə yaşında olursa-olsun, ona yüksək səslə kitab oxumaqdan çəkinməyin. Bunun onu oxumağa həvəsləndirmək üçün ən yaxşı yollardan biri olduğunu da unutmayın.
6. Siz uşağınıza yüksək səslə kitab oxuduğunuz kimi, qoy uşağınız da sizə yüksək səslə kitab oxusun. Təbii ki, həm səbirlə, həm də diqqətlə dinləmək şərti ilə...
7. Əgər uşağınızın yaşı kiçikdirsə, bir dəfə dinlədiyi bir hekayəni və ya bir nağılı dəfələrlə dinləmək istəyə bilər. Belə hallarda sizin üzərinizə düşən ən böyük vəzifə uşağınıza qarşı səbirli olmaqdır. Təbii ki, onun istəyini yerinə yetirməyi də yaddan çıxarmamalısınız...
8. Uşağınıza yüksək səslə kitab oxuyarkən bir tərəfdən siz kitabı oxuya, bir tərəfdən də uşağınız səhifələri çevirə bilər.
9. Uşağınızın kitablarını öz otağında istədiyi kimi yerləşdirməsi üçün kiçik bir dolab və ya kiçik bir yer ayırın. İnanın, ilk vaxtlar "kiçik" dediyiniz bu dolab və ya yer qısa bir vaxt sonra böyük bir kitabxanaya çevriləcək. Əgər uşağınızın ayrı bir otağı yoxdursa, kitab dolabınızın alt rəfini uşağınızın kitabları üçün ayıra bilərsiniz. s
10. Uşağınızın əlindən tutun və birlikdə bir kitabxanaya gedin. İlk vaxtlar bu, uşağınız üçün maraqsız görünsə də, dərhal reaksiya verməyin. Və daha sonrakı "gəzintilərinizdə" də fasilələri azaltmaq şərti ilə tez-tez uşağınızla birlikdə kitabxanaya gedin. Üstəlik, bu "gəzintiləri" sistemli bir şəklə salmağı da unutmayın.
11. Uşağınızla birlikdə bir kitab mağazasının "daimi müştərisi" olun. Beləliklə, siz burada həm yeni kitablarla tanış ola, həm də yeni kitablar seçə bilərsiniz.
12. Həmçinin, bununla yanaşı, uşağınıza kitabları haradan və necə almağı öyrətməyi də unutmayın.
13. Uşağınızın öz kitablarını özü seçməsinə imkan verin və mümkün qədər seçdiyi kitablara müdaxilə etməyin.
14. Uşağınıza çox istədiyi bir kitab və ya jurnal sifariş verin.
15. Uşağınız başladığı bir kitabı qurtarmasa və hətta bir kənara qoysa, ona mane olmayın. Çünki siz onu bu kitabı qurtarmağa məcbur etsəniz də, heç bir işə yaramayacaq. Əgər uşağınızın başladığı kitabı qurtarmalı olduğuna inanırsınızsa, onda onun qurtarmadığı kitabı siz qurtarın. Ancaq bütün hallarda ittihamedici ifadələrdən istifadə etməyin. Əgər bu kitab uşağınız kimi, sizün üçün də cansıxıcı olsa, bunu uşağınıza deyin. Çox güman ki, sizin bu addımınızdan sonra o, başqa bir kitaba başlayacaq.
16. Çalışın, kitab seçərkən siz uşağınıza məsləhət verdiyiniz kimi, uşağınız da sizə məsləhət versin. Və o, sizin məsləhətinizə əməl etdiyi kimi, siz də onun məsləhətinə əməl edin. Beləliklə, bu kitabı həm bir yerdə oxuya, həm də bir yerdə müzakirə edə bilərsiniz.
17. Uşağınız üçün onun adı yazılmış bir möhür, ya da etiket sifariş verin. Kitablarına öz möhürünü vurmaq və ya öz etiketini yapışdırmaq onu kitab oxumağa daha da həvəsləndirəcək.
18. Əgər bir qədər sonra sizin kitablarınıza da öz möhürünü vursa, ya da öz etiketini yapışdırsa, mübahisəyə girməyin və qismətinizə razı olun.
19. Televizorun üzərinə bir və ya bir neçə kitab qoyun. Ola bilsin ki, uşağınız televizorda tapa bilmədiyini kitabda tapsın.
20. Uşağınızın maraq dünyasına uyğun kitablara üstünlük verin. Hətta bunun üçün məsləhət almağı da unutmayın.
21. Uşağınıza yeni bir kitap almaq üçün oxuduğu kitabın qurtarmasını gözləməyin. Növbədə nədən bəhs etdiyini bilmədiyi bir kitabın və ya kitabların olması uşağınızın əlindəki kitabı daha tez qurtarmasına səbəb ola bilər. Hətta bunun üçün bir dəfəyə bir yox, bir neçə kitab da ala bilərsiniz.
22. Uşağınızı kitabxana qurmağa həvəsləndirdiyiniz kimi, özünüzü də kitabxana qurmağa "həvəsləndirin". Çünki bu kitabxana həm uşağınıza çox gözəl bir nümunə, həm də çox gözəl bir "sərmayə" olar.
23. Unutmayın ki, bu işdə sizə evinizdə kitab oxumaq üçün bir guşənin olması da kömək edə bilər.
24. Əgər varsa, uşağınızın bir kitab klubuna üzv olmasına kömək edin.
25. Danışmağa başladığı ilk vaxtdan uşağınızın söz ehtiyatını artırmağa çalışın. Çünki mütəxəssislər danışmaqla oxumaq arasında çox ciddi bir əlaqə olduğunu bildirirlər.
26. Əgər uşağınızı kitab oxumağa həvəsləndirmək istəyirsinizsə, oxuyacağı kitablarda onun üçün yeni məlumatların olmasına diqqət yetirin.
27. Kitabın içərisində bilmədiyi sözlərin və ya ifadələrin olması da istədiyiniz nəticəni almaqda sizə mane ola bilər.
28. Unutmayın ki, uşağınızı (elə özünüzü də) təkcə evdə yox, çöldə də kitab oxumağa həvəsləndirə bilərsiniz.
29. Uşağınızı kitab oxumağa həvəsləndirmək üçün başqa bir yol isə uşağınızı kitab sərgilərinə aparmaqdır.
30. Kitab seçərkən uşağınızın yaşına uyğun kitab seçin.