Azərbaycanda Metsamor AES əleyhinə kampaniya başlandı

Azərbaycanda bir qrup blogger Ermənistanda yerləşən Metsamor Atom Elektrik Stansiyasının fəaliyyətinin dayandırılması çağırışı ilə kampaniyaya başlayıb.

Milli.Az azvision.az-a istinadən bildirir ki, `StopMetsamor` devizi ilə keçirilən kampaniyanın aparılması üçün feysbukda xüsusi səhifə və və event, həmçinin Twitter hesabı yaradılıb.

Kampaniyanın təşəbbüskarları Dünya Biriliyinə, BMT-yə, onun bu sahədə ixtisaslaşmış qurumu olan MAQATE-yə üz tutaraq, region və dünya üçün təhlükə olan, çirkli nüvə bombasının və nüvə materiallarının kontrabandasının mənbəyi kimi çıxış edən Metsamor AES-in bağlanmasını tələb edirlər.

Biz bütün oxucularımızı bu kampaniyaya qoşulmağa və yaradılan səhifələri bəyənib, paylaşmağa çağırırıq.

Qeyd edək ki, köhnəlmiş texnologiyalar əsasında inşa edilmiş Metsamor AES 11 ballıq zəlzələ riski olan seysmik zonada yerləşdiyi üçün bütün regiona ciddi təhlükədir. Stansiyanın çevrəsində beş tektonik çat mövcuddur və onlardan biri stansiyadan 500 metr məsafədə yerləşir.
Stansiyanın istifadə etdiyi nüvə materiallarının "çirkli bomba" yaratmağa çalışan terrorçuların əlinə düşə biləcəyi riski də həddindən artıq böyükdür. Bundan başqa, nüvə tullantılarını Azərbaycanın işğal altındakı ərazilərində basdırılması haqqında da əsaslı şübhələr var.
Elektrik stansiyasını istismardan çıxarmaq əvəzinə Ermənistan onu 2026-cı ilə qədər işlətməyi planlaşdırır. Bu isə o deməkdir ki, bütöv region daha 10 il ərzində təhlükə içində yaşayacaq. 2011-ci ildə Yerevan Avropa İttifaqının stansiyanın fəaliyyətinin dayandırılması ilə bağlı çağırışlarını da rədd edib.
Metsamor AES Türkiyədən cəmi 16, İrandan 60, Azərbaycan və Gürcüstan sərhədlərindən isə 120 km uzaqlıqda yerləşir.