Çarəsiz Ermənistanın növbəti hiyləsi

Ermənistan hökuməti bu gün keçirdiyi iclasında qondarma "Dağlıq Qarabağ respublikası"nın tanınması ilə bağlı qanun layihəsini müzakirə edib və bir az da irəli gedərək qanun layihəsinə rəy də verib.

20 ildən artıqdır ki, qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımadığını bəyan edən Ermənistan hökumətinin indi birdən-birə belə bir addım atması hər halda təəccüb doğurmamalıdır və gözlənilən bir məsələ idi. Ona görə ki, son dövrlərdə həm siyasi səhnədə, həm də cəbhə xəttində vəziyyətin tam olaraq Azərbaycanın xeyrinə dəyişməsi Ermənistanı son kartından istifadə edərək belə bir addım atmağa vadar etdi.

Əvvəla, elə götürək son illərdə baş verən siyasi prosesləri. Artıq Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz sahibi olub və etibarlı tərəfdaş kimi özünü təsdiq edib. Bu gün Azərbaycan dünya üçün mühüm əhəmiyyət kəsb edən beynəlxalq layihələrin həm təşəbbüskarına, həm də əsas iştirakçısına və investoruna çevrilib. Eyni zamanda ölkəmiz beynəlxalq terrorizmə qarşı mübarizədə fəal iştirak edir və bu istiqamətdə dünyanın vaz keçə bilməyəcəyi mühüm töhfələr verib. Bütün bunların nəticəsidir ki, artıq böyük dövlətlər Ermənistandan üz döndərməyə başlayıb. Dünya ölkələri artıq dilənçi, heç bir işə faydası olmayan Ermənistanla əməkdaşlığın səmərəsiz olduğunu anlayaraq, dünyaya mühüm töhfələr verən Azərbaycanla əməkdaşlığa üstünlük verirlər.

Misal üçün, elə götürək Ermənistanın əsas tərəfdaşı olan Rusiyanı. Ermənistanın bütün cəhdlərinə baxmayaraq, Rusiya Azərbaycanla bir çox sahələrdə, xüsusən də hərbi sahədə strateji tərəfdaşlıq edir. Eyni zamanda Ermənistan lobbisinin bütün səylərinə rəğmən, ABŞ ilə Azərbaycan arasında çox səmərəli əməkdaşlıq formalaşıb. Elə bu yaxınlarda Vaşinqtonda keçirilən IV Nüvə Təhlükəsizliyi Sammiti zamanı ABŞ-ın yüksək rəsmi şəxsləri Azərbaycan Prezidenti İlham Əliyevlə bir sıra görüşlər keçirdikləri halda, onların Ermənistan Prezidenti Serj Sarkisyanı saya salmaması bunu aydın şəkildə göstərdi. Bu cür misalları Azərbaycanla digər bir çox dövlətlər arasındakı əməkdaşlıqdan da gətirmək olar.

Göründüyü kimi, Ermənistan siyasi səhnədə Azərbaycan qarşısında tam məğlubiyyətə uğrayıb. Döyüş meydanında da vəziyyət eynidir. Aprel ayının əvvəlində baş verən dördgünlük müharibədə ordumuzun Ermənistan silahlı qüvvələrinə çox asanlıqla qalib gəlməsi, ermənilərin alınmasını mümkünsüz hesab etdikləri mühüm mövqeləri qısa müddətdə ələ keçirməsi bunun bariz nümunəsidir. Ermənistan bu müddət ərzində həm də Azərbaycan xalqının bütünlükdə Qarabağ uğrunda döyüşə hər an hazır olduğunu, qələbə əzmini və birliyini gördü. Xüsusən Prezident İlham Əliyevin cəbhə bölgəsinə səfər etməsi, erməni atəşi nəticəsində yaralanmış insanlara baş çəkməsi, dağılmış evlərə baxış keçirməsi, həmçinin əsgərlərlə görüşməsi ölkə başçısının həm Prezident kimi ən çətin anlarda belə daim xalqının, həm də Ali Baş Komandan kimi əsgərlərinin yanında olmasını göstərməklə yanaşı, ermənilərə bir daha ciddi mesaj verdi ki, Azərbaycan bir qarış torpağından belə vaz keçməyəcək.

Göründüyü kimi, həm siyasi, həm də döyüş meydanında dalana dirənən Ermənistan hakimiyyəti balıq quruda çırpınan kimi çırpınmaqdadır. Son ümid yeri kimi qondarma "Dağlıq Qarabağ respublikası"nın müstəqilliyini tanımaq iddiasını ortaya atmaqla nəsə əldə etməyə, vəziyyətdən çıxmağa çalışır. Ancaq Ermənistanın bu cəhdi də onun əleyhinə işləyəcək və bu cür hərəkətlərlə nə vəziyyəti dəyişmək, nə də Azərbaycanı dayandırmaq mümkün olacaq.

Elçin Mehdiyev

Trend