Ermənistan müharibəyə qadınları

Day.Az представляет новость на азербайджанском языке

Ermənistan Müdafiə Nazirliyi Dağlıq Qarabağa 51 qadın könüllü yollayıb. Cəbhə xəttinə erməni qadınların axını davam edir

Ermənistanda Könüllülər İttifaqı ("Yerkrapa") təşkilatının Dağlıq Qarabağ münaqişəsi zonasında "dördgünlük müharibə" başlanandan sonra döyüşlərə könüllüləri yollamaqla bağlı başladığı proses davam edir.

Artıq üç həftədir ki, Dağlıq Qarabağa və erməni işğalında olan digər Azərbaycan ərazilərinə qadınlar  da göndərilir.
Qadınların göndərişinə "Xüsusi təyinatlı Şuşa batalyonu veteranları İttifaqı"nın sədr müavini Pavlik Manukyan rəhbərlik edir.
P.Manukyanın dediyinə görə, Dağlıq Qarabağa artıq 51 qadın könüllü yollanıb.

"Onların hamısı Ermənistan Müdafiə Nazirliyinin nəzarəti ilə Dağlıq Qarabağa gediblər. Qadın könüllülər arasında tibb bacıları, radistlər, qərargahda çalışan hərbi qulluqçular, snayperlər var. Lakin onların hamısı ön cəbhədə vuruşmaq istəyirlər. Bunu anlayırıq, lakin bütün qadınları səngərlərə yollaya bilmərik. Səngərlərdə yalnız snayperlər var. Bizə indi həkimlər, tibb bacıları gərəkdir", - Pavlik Manukyan söyləyib.

Onun sözlərinə görə, Ermənistanla yanaşı, müxtəlif ölkələrdən 200 erməni qadın Dağlıq Qarabağa, ön cəbhəyə yollanmaq istəyir. Döyüşlərə könüllülər qismində qatılmaq istəyən erməni qadınların sayı ilə yanaşı, "Yerkrapa"nın çağırışı ilə artıq Dağlıq Qarabağa yollanmış erməni qadınların yekun sayı mayın 9-da keçiriləcək mətbuat konfransında açıqlanacaq.

"Mayın 9-da Azərbaycan ordusunun mövqelərinə hücum olacağı barədə iddialar artıb. Əsgərlərimiz belə hücuma hər an hazırdırlar. Amma bir veteran kimi demək istəyirəm ki, ön cəbhəyə, döyüşlərə təcrübəsiz əsgərləri yollamaq arzuolunmazdır. Təcrübəsiz gəncləri güllə altına göndərməməliyik. Könüllülərimiz isə təcrübəli insanlardır və onların arasında qadınlar da az deyil", - P.Manukyan söyləyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağa yollanmazdan əvvəl erməni qadın könüllülər Ermənistan Müdafiə Nazirliyinin hissələrində hərbi hazırlıq keçir, təlimlərdə iştirak edirlər: "Qadınların cəbhəyə getməsi səfərbərlik prosesinin bir hissəsidir. Hər an səfərbərliyə hazır olmalıyıq. Çünki Dağlıq Qarabağda müharibə hər an ola bilər. Azərbaycana qarşı vuruşmalıyıq və mümkün qədər irəli getməliyik. Müharibənin qaçılmaz olduğuna gəldikdə isə... Cəbhədə vəziyyət fövqəladə dərəcədə olmasa da, mürəkkəb və ağırdır".

P.Manukyanın sözlərinə görə, "Şuşa batalyonu"nun sabiq komandiri Jirayr Sefilyan hazırda Dağlıq Qarabağda olmasa da, könüllülərin Dağlıq Qarabağa göndərilməsində bilavasitə iştirak edir.

Orxan Hun
Milli.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.