Səhiyyə Nazirliyindən quduzluğa yoluxan qadınla bağlı

Day.Az представляет новость на азербайджанском языке

Səhiyyə Nazirliyi Zaqatalada insanda qeydə alınan quduzluq hadisəsi ilə bağlı açıqlama verib. 

Day.Az bildirir ki, Nazirliyin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya deyib ki, Zaqatalada Pəri Turacovanı aprelin 1-də it dişləyib.
 
Onun sözlərinə görə, it dişləməsindən sonra qadın xəstəxanaya müraciət etməyib: "Əslində, hər hansı bir heyvan dişləməsi olduğu halda insanlar 0-3-5-7-14 gün ərzində quduzluğa qarşı peyvənd olunmalıdırlar. Həmin qadın isə 52 gündən sonra özünü narahat hiss etdikdə xəstəxanaya müraciət edib. Artıq onda quduzluğun əlamətləri üzə çıxıb. Müalicəsi hazırda Zaqatala Mərkəzi Rayon Xəstəxanasında davam etdirilir, Mingəçevir və Bakıdan da həkimlər konsilium göndərilib".
 
Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova APA-ya bildirib ki, həmin qadını 2 ay əvvəl sağ əlinin ikinci barmağını it dişləyib: "Yara yüngül olduğundan qadın həkimə müraciət etməyib. Yara sağalıb, amma 2 aydan sonra onda quduzluğun əlamətləri baş verib. Əlamətlər sudan, işıqdan, havadan qorxma kimi hallarla başlayır. Qadın hospitallaşdırılsa da, xəstəlik 100 faiz ölümlə nəticələnir".
 
R.İsmayılova əlavə edib ki, bu, 2016-cı ildə Azərbaycanda qeydə alınan ilk quduzluq faktıdır: "Ölkədə insanlar arasında quduzluq nadir hallarda, heyvan dişləməsi zamanı həkimə vaxtında müraciət edilmədiyi zaman baş verib. İnsanlar arasında sonuncu dəfə quduzluq hadisəsi 3-4 il öncə qeydə alınmışdı".
 
Qeyd edək ki, mayın 22-də rayonun Faldar kənd sakini, 1969-cu il təvəllüdlü Pəri Qasım qızı Turacova quduzluq əlamətləri ilə xəstəxanaya daxil olub.
 
Məlum olub ki, onu xeyli vaxt əvvəl yaşadığı kənddə küçə iti dişləyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.