Fərəhli ömür yolu

Day.Az представляет новость на азербайджанском языке

Artıq 40 gündür ki, o, bizim aramızda yoxdur. Kübar xanım, əməksevər insan və tanınmış mədəniyyət xadimi Fərəh xanım Şəkinskaya.

Onun haqqında çox danışmaq olar və hətta tərcümeyi-halına nəzər yetirərkən dərk edirsən ki, bu insan necə də şərəfli və adına layiq olaraq  fərəhli ömür sürüb.

Fərəh Şəkinskaya 1936-cı il aprel ayının 28-də Bakı şəhərində anadan olub. 151 nömrəli orta məktəbi bitirib. Azərbaycan Sənaye İnstitutuna daxil olan Şəkinskaya, 1958-ci ildə oranı bitirərək, əmək fəaliyyətinə başlayıb.

Baxmayaraq ki, onun həyat yoldaşı görkəmli alim-geoloq, Azərbaycan Geologiya və Mineral Ehtiyyatlar komitəsinin sədri Əkrəm Şəkinski idi, Fərəh xanım heç vaxt evdar xanım olmaq fikrində belə olmayaraq, müxtəlif və çoxşaxəli əmək fəaliyyəti ilə seçilirdi.

1960-70-ci illərdə o, Azərbaycan Mərkəzi Partiya Komitəsinin inspektoru, daha sonra Azərbaycan Kommunist Partiyasının N.Nərimanov rayon Komitəsinin katibi, 1978-1989-ci illərdə Bakı şəhər İcra Komitəsinin mədəniyyət idarəsinin müdiri, 1989-1993-cü illərdə isə Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini vəzifəsində çalışıb. Sonra isə iyirmi ilə yaxın - 1993-2012-ci illərdə Fərəh Şəkinskaya Azərbaycan Dövlət Uşaq Filarmoniyasına rəhbərlik edib. O, milli mədəniyyətimizdəki xidmətlərinə görə, 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.

İş qarfikinin zənginliyinə və ona düşən məsulliyətin böyüklüyünə baxmayaraq, Fərəh Şəkinskaya  ailə işlərində də nümunəvi xanımlıq nümayiş etdirib. Onun gözəl ana və  qayğıkeş nənə olması barədə ən yaxşı açıqlama Fərəh xanımım 40 illik rəfiqəsi Həqiqət Səlimova tərəfindən verildi:

"Fərəh öz uşaqlarını hədindən artıq çox və bütün ömrü boyu qoruyurdu. Onun övladları böyüyüb artıq tanınmış və nüfuzlu vəzifə sahibləri olmağına baxmayaraq, onun üçün yenə də sanki uşaq idi. Qızına da, oğluna da hər zaman pozitiv enerji verməyə çalışırdı. O fantasik qayğıkeş nənə idi! Onun uşaqlarına və nəvələrinə olan qayğısı mən onu tanıdığım 40 ildə zərə qədər də tükənmədi" deyən rəfiqəsi F.Şəkinskaya haqqında danışarkən emosiyalarını cilovlaya bilmirdi.

Fərəh xanımım digər rəfiqəsi - onunla uzun müddət iş yoldaşı olan Adeliya Hüseynova isə bunları söylədi:

"Fərəh çox işgüzar bir insan idi. İşdə onun enerjisi bitmək bilmirdi. O, hansı işi öz öhtəsinə götürürdüsə, onu mütləq böyük uğurla başa vururdu. Heç bir işdən çəkinmirdi, daim maariflənirdi. Nəsə bilməyəndə o məsələləri dərindən öyrənməyə çalışırdı. Kimi isə, nəyi isə "yola vermək" onun iş üslubuna tamamilə zidd idi"

Fərəh Şəkinskayanın vətəndaş mövqeyini anlamaq üçün onun həyatından bircə epizodu xatırlamaq kifayətdir.

1990-cı ilin "Qanlı yanvar" hadisələri zamanı Türkiyədə ezamiyyətdə olan Fərəh xanım tanınmış xanəndə Səkinə İsmaylova ilə birgə çəkinmədən sovet ordusunun Bakıda törətdiyi cinayətə öz etirazını bildirərək nüfuzlu türk KİV-də  çıxış edirdilər. Partiya işçisi və yüksək vəzifəli məmur olan Fərəh Şəkinskayanın bu addımının necə də cəsarətli addım olduğunu dərk etmək çətin deyil.

Fərəh xanım bax belə də bizim yaddaşlarımızda qalacaq - qayğıkeş, mülayim və eyni zamanda əməksəvər və cəsarətli bir insan kimi...

Atv.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.