Sarqsyan erməniləri axmaq yerinə qoyub

Day.Az представляет новость на азербайджанском языке

"Biz uduzmadıq, məğlub olmadıq  - sadəcə, hesabda geridə qaldıq. Doğrudur, rəqib komanda bizə çox qol vurdu, amma qapımızın torunu dələ bilmədi. Bu isə komandamızın qarşıya qoyulmuş məqsədə çatması deməkdir.
Təbii, rəqib komandaya çox qol vurmaq mümkündür, amma bunun üçün meydanda qaçmaq gərəkdir. Futbolçularımız isə qaçanda yıxıla bilərdilər, yorula bilərdilər, zədələnə bilərdilər.

Özünüz düşünün: bizə vurduğu hər qol üçün rəqib komandanın oyunçuları meydanda minlərlə metr qaçdılar, yoruldular. Biz isə əsla yorulmamışıq, çünki az qaçdıq. İndi qalib onlardır, ya biz?!

Məğlub olduğumuza görə bizi tənqid edənlərsə qoy özləri meydana çıxsınlar, oynasınlar və hesabı xeyrimizə dəyişməyə çalışsınlar. Alınmayacaq, çünki matç başa çatıb. Belədirsə, tənqidin nə mənası var?!
Üstəlik, məğlubiyyətimizlə başa çatan matç önəmli deyildi, turnirdə taktiki və strateji əhəmiyyət daşımırdı. Əsas odur ki, böyük hesabla uduzmamışıq.

Hər şey daha pis ola bilərdi".

Ermənistanın futbol üzrə yığma komandasının baş məşqçisi belə çıxış etsəydi, nə olardı?!

"Apardığımız cərrahiyyə əməliyyatından sonra pasiyentin vəziyyəti pisləşmədi: sadəcə, əməliyyat olunmuş orqan əvvəlki kimi funksiya göstərmir. Əsas odur ki, xəstəlik artaraq başqa orqanları da sıradan çıxara bilmədi. Xəstəliyin ilkin mərhələsində dərman preparatları vasitəsilə onun öhdəsindən gələ bilməməyimiz və işin əməliyyata çatması problem deyil.
Əsas odur ki, pasiyent hələ də sağdır. 

İndi xəstənin ailə üzvləri və qohumları bizi tənqid edir, söyür, işləməyən orqanın funksiyalarının bərpasını tələb edirlər. Tənqid etmək asandır - belə ağıllıdırlarsa, qoy gəlib əməliyyat aparsınlar.
Üstəlik, kəsib atdığımız orqanın vücud üçün strateji əhəmiyyəti yoxdur. Əsas budur ki, pasiyent sağdır, nəfəs alır və hər şey irəlidədir.
Hər şey daha pis ola bilərdi".

İrəvandakı xəstəxanalardan birinin baş həkimi belə bəyanat versəydi, nə olardı?!

"Tikdiyimiz bina uçmadı, sadəcə, kiçik hissələrə parçalanaraq yerlə bir oldu. Əsas odur ki, binanın qarşısındakı yaşıllıq uçqundan ziyan çəkmədi. Doğrudur, o yaşıllıqdakı skamyalarda oturmağın artıq heç bir mənası qalmayıb.
Uçqunda həlak olan sakinlərin qohumları bizi tənqid edirlər. Belə "hər şeyi bilən" adamlardırsa onlar, qoy darmadağın olmuş binanı bərpa etməyə cəhd göstərsinlər.

Üstəlik, binanın heç bir əhəmiyyəti yoxdur. Ümumiyyətlə, o bina psixoloji amil idi. Yaşıllıq bizə gərək deyil, çünki bina uçub.
Hər şey daha pis ola bilərdi".

İrəvandakı inşaat şirkətlərindən birinin rəhbəri belə açıqlama ilə çıxış etsəydi, nə olardı?!

Cavab çox sadədir: belə baş məşqçi, baş cərrah və ya şirkət rəhbəri vəzifəsində bir gün də qalmazdı.

Amma Ermənistan prezidenti Serj Sarkisyan üçün normal məntiq qanunları, deyəsən, önəmli deyil.
"Dağlıq Qarabağdakı "dördgünlük müharibə"də 800 hektar ərazi itirdik. Həmin ərazilər strateji və ya taktiki baxımdan əhəmiyyət daşımır. Bizi tənqid edənlərə isə cavabım belədir: hərb elmindən belə başınız çıxırsa, niyə ön cəbhədə, səngərdə deyilsiniz?! Əsas odur ki, önəmli mövqeləri əlimizdədir. Hər şey daha pis ola bilərdi", - Serj Sarkisyan jurnalistlərin suallarını cavablayanda belə demişdi.

Ermənistan prezidentinin açıqlamasını ermənilər çox şərh ediblər, hiddətləniblər. Amma ən konkret və dəqiq şərhin müəllifi Fransada yaşayan məşhur erməni şansonye Şarl Aznavurdur.
O, deyib: "Sarkisyan, deyəsən, bizi axmaq yerinə qoyub".

Bu qədər bəsit...

Orxan Hun
Milli.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.