"Şamaxinka" və "20 Yanvar" dairəsi boşaldıldı

Day.Az представляет новость на азербайджанском языке

Bakının strateji əhəmiyyət daşıyan "Şamaxinka" adlanan ərazisi və "20 Yanvar" dairəsi yol polisi əməkdaşları tərəfindən tam nəzarətə götürülb, ərazi nəqliyyat vasitələrinin qanunsuz parklanmalarından, eləcə də qanunsuz taksi fəaliyyəti ilə məşğul olanlardan təmizlənib. Hazırda yol polisi əməkdaşları həmin əraziyə ciddi nəzarət edərək xidmət aparırlar.

Bunu Milli.Az-a Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Bölmə rəisi qeyd edib ki, "Şamaxinka" və "20 Yanvar" dairəsi strateji əhəmiyyətə malikdir və bura paytaxtın şimal qapısı hesab edilir. Ona görə də bütün hərəkət iştirakçılarının sərbəst və rahat giriş-çıxışını təmin etmək məqsədilə onlar metronun "Avtovağzal" stansiyasına doğru yönləndirilir:

"Əvvəllər taksi fəaliyyəti göstərən sürücülərin, eləcə də digər avtomobillərin dayanma-durma tələblərini yerinə yetirməməsi ucbatından bu ərazilərdə nəqliyyatın hərəkətində problemlər yaşanır, yollarda dözülməz vəziyyət müşahidə edilirdi. Bu da haqlı olaraq vətəndaşların ciddi narazılığına səbəb olurdu. Heç kim çörək pulu qazanmaq adı ilə baqalarının yolunun kəsilməsinə, sıxlığın, tıxacların yaranmasına səbəb olan xətalar törətməməlidir. Ona görə də bu əməlləri ilə narazılıq yaradan sürücüləri də nizam-intizamlı olmağa, qanunun tələblərinə uyğun hərəkət etməyə dəvət edirik.

Ona görə də Bakı şəhər Dövlət Yol Polisi İdarəsi əhalinin, sürücülərin və avtomobil sahiblərinin nəzərinə çatdırır ki, Bakının "Şamaxinka" adlanan ərazisi və "20 Yanvar" dairəsindən şimal istiqamətinə - Sumqayıta, Abşerona, Xırdalana və digər yerlərə gedən və əks istiqamətdən gələnlər, o cümlədən bu ərazilərdən gündəlik istifadə edənlər bundan sonra yalnız metronun "Avtovağzal" stansiyasına qədər getməli, oradan isə ictimai nəqliyyatdan istifadə edərək istənilən marşrut üzrə rahat şəkildə hərəkət edə bilərlər".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.